Sarışın qızlar demək olar ki, əksər ölkə lətifələrinin “baş qəhrəmanları” hesab edilir. Lətifələrdə olduqca gözəl, cazibədar, dəblə geyinən, eyni zamanda, dayaz zəkalı kimi təsvir edilən sarışınlar əksər hallarda özlərini zəngin kişilərlə münasibətdə olmağa layiq görürlər.
Metbuat.az bildirir ki, statistikaya görə, sarışın xanımların sayı getdikcə azalır. Lakin bu o demək deyil ki, onlar “podiumu” əsmərlərə təhvil verməyə hazırlaşır.
Dünyaca məşhur aktrisa Merlin Monronun sirli və cəzbedici gözəlliyə sahib sarışın olması müzakirə olunmazdır. Aktrisa istədiyi zaman özünü məsum, seksual, eyni zamanda, ağıllı qadın kimi göstərməyi bacarırdı. Ölümündən illər ötsə də, hazırda özünü “gözəllik və dəb ikonası” sayılan cazibədar aktrisaya bənzətməyə çalışan xanımların sayı hədsizdir.
Bəs görəsən, kişiləri sarışın qadınlara yaxınlaşdıran cazibənin sirri nədədir?
Psixoloq Vəfa Rəşidova cazibənin sirrini daha çox kişilərin erotik fantaziyaları ilə əlaqələndirir. Filmlərdəki obrazların əksəriyyətinin sarışın xanımlar vasitəsilə təqdimatı kişilərin beyinlərində qurduqları fantaziyaları daha da artırır. Xəyalını gerçəkləşdirməyə çalışan kişi sarışına bir növ “ov” kimi baxmağa başlayır. Xüsusilə, yataq səhnələrini, cinsi istəklə bağlı yaşamaq istədiklərini onunla reallaşdırmağa çalışır.
Ailə qurmaq məsələsinə gəlincə isə, beynində obrazını yaratdığı “yüngül əxlaqlı sarışın” ı deyil, qumralı seçir. Bu hal xüsusilə, qumral qadınların çoxluq təşkil etdiyi Şərq ölkələrində üstünlük təşkil edir.
Psixoloq bunu həmin ölkələrin etnopsixologiyası ilə əlaqələndirir.