Milli musiqi ruhu, klassik musiqi beyni dincəldir

Hər birimizin fərqli əhval-ruhiyyə zamanı qulaq asdığımız mahnılar var. Kimisi klassik musiqi dinləyərək mürgüləməyi, kimisi də yuxusunu dağıtmaq üçün “hard rock”-a qulaq asmağı sevir.

Alimlər sübut ediblər ki, musiqinin insana göstərdiyi təsir təsəvvür etdiyimizdən də artıqdır. Təkcə musiqinin üslubu deyil, onun ritm və tonallığı, musiqi alətinin səsi də insan orqanizminə təsir göstərir.

Son illər xüsusilə psixoterapiyada yaddaş pozuntusunun bərpasında musiqi terapiyası əvəzedilməzdir.

Xüsusilə klassik musiqinin insana möcüzəvi təsirini müəyyən edən tədqiqatçılar Motsart, Bethoven, Çaykovski, Debyussi kimi bəstəkarların əsərlərini örnək kimi göstərirlər. Baş ağrısını aradan qaldırmaq üçün Bethovenin “Fidelio” su sizə kömək edəcək. Klassik musiqi həvəskarlarının digər xəstələrə nisbətən daha tez sağaldığı da ortaya çıxıb.

Simli alətlərdən ibarət (gitara, arfa, violençel) musiqinin isə, insanda mərhəmət, fədakarlıq hisləri yaratdığı müəyyən edilib.

Rahatlaşma və dincəlməyə kömək edən musiqilərdən biri də milli musiqidir. O, insanı öz tarixi keçmişinə qaytararaq, enerji mənbələrini aktivləşdirir. Beyindəki alfa dalğalarını hərəkətə gətirərək, bədən və ruhu dincəldir.

Yüksək ritmli, sürətli musiqilər isə insana enerji verərək, tənəffüsün sürətini dəyişir, qan təzyiqini artırır.
Psixoloq Tunar Cəfərli məsələ ilə bağlı metbuat.az-a verdiyi açıqlamasında musiqinin estetik anlayış kimi insanda estetik duyğu və düşüncələri inkişaf etdirdiyini deyib.

“Zehni inkişafın 85 faizi 8 yaşına qədər, beyin inkişafının isə 80 faizi 3 yaşına qədər tamamlanır. Bu müddətdə klassik musiqi çox əhəmiyyətlidir, zəka və beynin inkişafına qidalanmadan sonra təsir edən ən vacib faktorlardan biridir. Normal musiqi bizə daha nəzakətli olmağı, qarşımızdakı insanla diqqətli şəkildə davranmağı öyrədir, içimizdəki sevgi hislərini artırır”.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR