Uşaqlara ad seçərkən adın gözəlliyindən çox, uşağın taleyinə necə təsir edəcəyini düşünmək vacibdir.
Belə ki, ad daşıdığı məna ilə insan həyatına təsir edir. Hərflərin söz və adlara, bütün varlıqlara təsirini öyrənən huruf elmininin əsas istiqamətini məhz adın taleyə təsiri təşkil edir.
Qədim Misirdən Roma imperatorluğuna qədər bütün cəmiyyətlər huruf elmi ilə yaxından maraqlanıblar. Romalılar “nomen est omen” yəni, “adımız taleyimizdir” deyəcək qədər qəti bir inanca sahibdirlər.
Addakı hərflərin insan taleyinə təsir etdiyini zamanla ərəblər də qəbul ediblər. Məhəmməd Peyğəmbər buyurub ki, “övladlarınızı gözəl adlarla adlandırın ki, onlar gözəl insan olaraq xatırlansınlar”.
Elmi hurufa görə, eynilə bürclərdə olduğu kimi, adlardakı hərflərdə də su, hava, od, torpaq qrupları var. Adında ç, ş kimi işarəli hərflər olan insanlar iqtisadi, sağlamlıq və ya ailə ilə bağlı problemlər yaşaya bilər. Adında “gül” hecası olan insanlara (Gülşən, Gülnar və s.) gəlincə isə, həmin insanların bədbəxtçiliklərlə dolu bir həyata sahib olduqları deyilir. R, l, n hərflərinə sahib insanlar isə xoşbəxt taleli hesab olunur. Adında s, ş, z olanların fədakar, sevgi dolu olduğu bildirilir.
Azərbaycanda doğulan oğlan uşaqlarına verilən adlardan ən populyarı Yusifdir. İkinci yerdə Hüseyn, üçüncü yerdə isə Əli adıdır. Qız uşaqlarına ən çox verilən ad isə Zəhradır. Digər yerlərdə isə Nuray və Fatimə gəlir.
Psixoloq Aydan Talıbova metbuat. az-a açıqlamasında uşaqlara ad seçərkən valideynləri diqqətli olmağa, gələcəkdə baş verə biləcək fəsadları öncədən görməyə çağırıb.
“Nənə, baba adlarını daşıyan uşaqlar sözə baxmayanda belə, valideynləri tərəfindən əksər hallarda cəzalandırılmır. Bu isə həmin uşaqlarda “ərköyünlük” kimi davranış pozuntusuna gətirib çıxara bilir. Sənəddə başqa adı olan, evdə isə uşağa tamamilə fərqli adla müraciət etmək də doğru deyil. Adlarına görə əsasən sinif yoldaşları, yaxınları tərəfindən məzəmmət olunan uşaqlar dərin psixoloji sarsıntı keçirə bilərlər. Ona görə də, uşağa ad seçərkən yüz ölçüb, bir biçmək lazımdır.
Aytən Novruzova / Metbuat.az