Bu gün Azərbaycan Premyer Liqasının XXIV turu keçiriləcək. Fanat.Az xəbər verir ki, bütün matçlar eyni gündə baş tutacaq.
İlk görüş Sumqayıtda reallaşacaq. “Kimyaçılar” avrokuboklara vəsiqə uğrunda çarpışan “Neftçi”ni qəbul edəcək.Son 4 turda xal görməyən Samir Abasovun yetirmələri “qara zolaq”dan çıxmaq arzusundadısa, “ağ-qaralar”a səfər qələbəsi hava və su qədər lazımdı. Elxan Abdullayevin “drujina”sı zəfərə sevinməyi bacarsa, çempionatda ardıcıl 3-cü qələbəsini qazanmış olacaq. Mümkün uğur bakılıları 4-cü yerdə qərarlaşan “Zirə”yə yaxınlaşdıracaq. Alınmasa, “xalq komandası”nın durumu qəlizləşəcək.
Növbəti duel “İnter”lə AZAL arasındadı. 9 oyundu qələbəyə həsrət qalan AZAL “ağ-göylər”i yenə bilməsə, elitayla vidalaşmış sayılacaq. “Təyyarəçilər”i yalnız 3 xal qane edir ki, bunun da həyata keçirilməsi olduqca çətin missiyadı.
Çempionluğa iki namizəd – lider “Qarabağ”la ən yaxın izləyicisi “Qəbələ” eyni vaxtda meydana çıxacaq.
Son iki turda qazandığı qələbələrlə futbol ictimaiyyətinə “mən də varam” mesajı göndərən gəncəlilər ağdamlılar önündə “ağ bayraq qaldırmaq” niyyətində deyil. Şahin Diniyevin komandası zirvə sahibindən xal almaq üçün bütün gücünü ortaya qoyacaq. Təbii, “Qarabağ” Premyer Liqa mübarizəsinin yekunlaşmasına sayılı turlar qalmış Gəncə təmsilçisinə məğlubiyyət acısı yaşatmaqda maraqlıdı. 3 xal Qurban Qurbanovun komandasının zirvədəki yerini qorumasını təmin edəcək.
“Qəbələ” “Zirə”ylə ev oyununda qələbə qazanmalı, “köhlən atlar”la xal fərqinin artmasına imkan verməməlidi. Əvvəlki 2 turda xal itirən qəbələlilərin çalışdırıcısı Roman Qriqorçuk növbəti səndələmənin nə ilə nəticələnə biləcəyindən xəbərdardı. Bu başqa məsələ ki, “qırmızı-qaralar”a boyun əymək istəməyən zirəlilər də Qəbələyə xal ovuna gedib.
Azərbaycan Premyer Liqası
XXIV tur
2 aprel (bazar)
16:30. “Sumqayıt” – “Neftçi”
İlk 3
dövrədəki oyunlar: 2:1, 2:0, 0:1
Hakimlər: Rəhim Həsənov, Knyaz Əmiraslanov, Cəmil quliyev, Ramil Diniyev
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Şaiq Həmidov
Sumqayıt şəhər stadionu
17:00. İnter” – AZAL
İlk 3 dövrədəki oyunlar: 3:1, 3:0, 1:0Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Elşad Abdullayev, Fariz Yusifov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Kərim Ağayev
“İnter Arena”
18:30. “Qarabağ” – “Kəpəz”
İlk 3 dövrədəki oyunlar: 1:1, 1:0, 1:0Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, Vüsal Qənbərov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Məlik Həsənov
Tofiq Bəhramov adına Respublika stadionu
18:30. “Qəbələ” – “Zirə”
İlk 3 dövrədəki oyunlar: 2:0, 1:0, 2:2Hakimlər: İnqilab Məmmədov, İsgəndər Əliyev, Cavanşir Yusifov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Rövşən Əhmədov
Qəbələ şəhər stadionu
Fanat.Az