Türkiyənin İstanbul şəhərində yerləşən Heydər Əliyev parkının söküləcəyi və ərazidə yeni mədəniyyət mərkəzinin inşa olunacağı barədə sosial şəbəkələrdə yayılan məlumatlara rəsmi münasibət bildirilib.

Metbuat.az xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzi sözügedən iddiaların həqiqəti əks etdirmədiyini açıqlayıb.

Mərkəzin “X” sosial şəbəkəsində yayımladığı bəyanatda bildirilib ki, İstanbulun Şişli rayonunda yerləşən Heydər Əliyev parkındakı büstün götürülməsi və parkın yerində mədəniyyət mərkəzinin tikilməsi ilə bağlı yayılan məlumatlar əsassızdır.

Rəsmi açıqlamaya əsasən, Şişli Bələdiyyəsi tərəfindən həmin ərazidə hər hansı tikinti və ya söküntü işlərinin aparılması nəzərdə tutulmur. Bununla bağlı heç bir layihə gündəmdə deyil.Türkiyə tərəfi bu cür məlumatların Azərbaycan və Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətlərinə xələl gətirməyə yönəldiyini vurğulayıb.

Bəyanatda ictimaiyyətə iki ölkə arasındakı münasibətləri hədəf alan, təxribat və dezinformasiya xarakteri daşıyan məlumatlara inanmamaq çağırışı edilib.