Bu gün paytaxtın demək olar ki, əksər hissələrində quru təmizləmə məkanlarına rast gəlmək mümkündür. Belə məkanlar geyimi sahibindən alır, müəyyən müddətə yuyub-təmizləyir, ütüləyərək sahibinə geri qaytarır. Qiymətlər isə geyim dəstinə görə təxminən 20 manata başa gəlir. Xidmətə ütüləmə də daxildirsə, 10 manat ödəmək tələb olunur.
Camaşırxanalar sadəcə geyimlərlə kifayətlənmir. Yuyula və ütülənə biləcək hər bir əşyanı qəbul edən mərkəzlər təhvil aldıqları əşyaları 1 həftə içərisində ünvana çatdırır. Bu tipli xidmətdən yararlananların sayı kifayət qədərdir.
Mərkəzlər tərəfindən qəbul edilən geyimlərin üzərinə alınma tarixi, ünvan, əlaqə telefonu və sahibinin adı yazılır. Geyimin hansı materialdan tikildiyi və ləkənin hansı tipə aid olması yoxlanılır. Ləkələrin ağırlığından asılı olaraq onlara vurulan ləkə çıxaran maddələr də dəyişir.
Parça uzun müddət istifadə olunmursa və rəngi solursa, saralmalar yaranırsa, artıq belə saralmaları ağartmaq mümkün olmur.
Müxtəlif insanların paltarlarınının bir maşında yuyulmasını nəzərdə tutan təmizlənməyə etibar etməyənlər də az deyil. Kişilər üçün geyimlərin qadın paltarları və yaxud digər geyimlərlə birgə yuyulub-yuyulmaması kimi suallar daim insanlarda narahatlığa səbəb olur. Neylon, sintetik parçalar quru təmizləmə üçün uyğun hesab edilmədiyindən bu tipli geyimlərin həmin mərkəzlərə təqdim edilməsi də əlavə problemlər yaradır.
Geyimlərin insanlara görə deyil, etiketlərinə əsasən ayrılması isə müxtəlif tipli xəstəliklərə yol aça bilər.
Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən dermatoloq Araz Kazımov quru təmizləmənin yarada biləcək fəsadlarından danışıb.
“Allergik kontakt dermatit və yaxud ekzema adlandırılan problem bir sıra maddələrin dəriyə təsiri nəticəsində ortaya çıxır. Yuyucu tozların da tərkibində toksik maddələr var ki, bu, dəridə qızartı, səpki şəklində özünü büruzə verə bilər. Xüsusilə həssas dəriyə malik insanlarda qızartı özünü kəskin şəkildə göstərir”.
Aytən Novruzova / Metbuat.az