Mirhəsən Seyidov: “2015-ci ildə daha çox beynəlxalq rəqabətə davamlı gəncin yetişdirilməsi nəzərdə tutulub”

Mirhəsən Seyidov: “2015-ci ildə daha çox beynəlxalq rəqabətə davamlı gəncin yetişdirilməsi nəzərdə tutulub”
17:02 7 Yanvar 2015
221 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 07 Yanvar 2015 17:00 ]


Bakı. Etibar Məmmədov - APA. “2014-cü il bir çox uğurları ilə yadda qalsa da, 2015-ci ilin hədəfləri hər zamankı kimi Azərbaycan adına daha böyük uğurlar gətiriləcəyinə inanıram. Bir neçə il bundan öncə cənab prezident tərəfindən imzalanmış məhz gənclərin inkişafına yönəlik bir çox proqramlar mövcuddur və bunların icrası hələ də davam edir. Bu proqramların hədəflərində bu il daha böyük işlərin və layihələrin həyata keçiriləcəyinə əminik”.

 

APA-nın məlumatına görə, bunu “İRƏLİ” İctimai Birliyinin sədri Mirhəsən Seyidov deyib.

 

O, təşkilatın 2015-ci ildə qarşıda duran vəzifələrindən danışaraq, ölkə səviyyəsində həyata keçirilən bir sıra beynəlxalq və dünya miqyaslı layihələrdə də “İRƏLİ”nin rolunun danılmaz olduğunu vurğulayıb. M.Seyidov qeyd edib ki, ölkədə gənclər siyasətinin inkişafı, dayanıqlı inkişaf göstəricilərinin qaldırılması, beynəlxalq əlaqələrin gücləndirilməsi və korporativ məsuliyyətin inkişafı istiqamətində aparılan bir çox işlərdə “İRƏLİ” öz planlarını hazırlayıb: “Bu il Bakıda keçiriləcək I Avropa Oyunları qismində "İRƏLİ"nin əməliyyat komitəsi ilə birgə hazırladığı bir neçə layihə vardır ki, bunların keçirilməsi, könüllü bazanın formalaşdırılmasında gənclərin cəlb olunması prosesi davam etdirilir. 2015-ci ildə üstünlük verdiyimiz sahələr daha çox Azərbaycan həqiqətlərinin dünya miqyasında tanıtdırılması, ölkə mövqeyinin gücləndirilməsi məqsədilə nüfuzlu xarici KİV nümayəndələrinin mütəmadi olaraq Azərbaycan haqqında yazıların işıqlandırılması, bununla paralel olaraq daha çox vətənpərvərlik və beynəlxalq iştirakçılıq haqqında işlərin görülməsi planlaşdırılır”.

 

Onun sözlərinə görə, 2015-ci ildə daha çox beynəlxalq rəqabətə davamlı gəncin yetişdirilməsi nəzərdə tutulub: “Artıq tərəfimizdən yeni ildə 250 nəfərə yaxın gənc tərəfindən 30-a yaxın QHT, KİV və Biznes strukturlarında ekoloji ofis standartlarının yaradılmasına dair BMT-nin İnkişaf Proqramı və Avropa İttifaqının dəstəyi ilə birgə başlanan bir layihəyə start vermişik. Ölkə səviyyəsində narkomaniya ilə mübarizə istiqamətində artıq Təhsil Nazirliyi ilə birgə bir neçə layihəyə start verililib. Regionlarımızda, paytaxt rayonlarında bunun təbliğatının aparılması gənclərin sağlam ruhda böyüməsi üçün yardımçı olacaq".

 

M.Seyidov qeyd edib ki, “İRƏLİ” 2015-ci ildə region gəncləri ilə birgə sıx əməkdaşlıqların qurulmasında maraqlıdır: "Bu istiqamətdə son 6 ayda görülən işlər nəticəsində müraciətlər dayanmadan artır və hər gün demək olar ki, onlarla gənc tərəfindən müraciətlər daxil olur. Məhz bu səbəbdən artıq tərəfimizdən formalaşdırılmış regional mərkəz üçün yerli nümayəndəliklərin təsis olunması və ətraf rayonların bu prosesə qoşulmasına stimul yaradılacaq addımlar atılacaq”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR