Məşhur supermodellər Bella Hədid, Emili Ratakovski, Kendal Cenner və Heyli Bolduinin təşkil etməyə çalışdıqları "Fyry Festival" baş tutmayıb. Festivalın reklamına Elsa Hosk, Lais Ribeyro, Jizel Bundhen və Rous Bertram da çəkilmişdilər.

Milli.Az Page Six-ə istinadən bildirir ki, Baham arxipelaqındakı Eksumas adasında keçirilməsi nəzərdə tutulan festivalın təxirə salınmasının səbəbi çox pis təşkil olunması, ərzaq, su və yaşayış yeri çatışmazlığı, habelə təhlüksizlik tədbirlərinin yetərli olmamasıdır.

Festivala qatılmaq istəyənlər arasında 65 metrlik "Galactica Star" yaxtası ilə Eksumasa yan almış nigeriyalı milyarder Kola Aluko, habelə milyarder iş adamı Aleks fon Fürstenberq də vardı.

Festivalın qonaqlarının dediklərinə görə, onlar biletlər üçün böyük məbləğdə pullar ödəsələr də, "lüks otel nömrəsi" adı ilə onlara çadırlar təklif olunub.

"Çadır şəhərciyində içməli su, yemək, elektrik yoxdur. Bizi aldatdılar. Hər şey çox pisdir. Milyonlarla dollar pul qazandılar, özləri də aradan çıxdılar", - qonaqlar deyiblər.

Halbuki, festivalın reklamında o, "çox yüksək səviyyəli musiqi, kulinariya və sənət bayramı" kimi tanıdılmışdı. Festivalda Miqos, Designer, Tayqvə başqa ifaçıların çıxışları, yoqa seansları, su motosikllərində gəzindi və süperlüks otel nömrələrində yaşayış vəd olunmuşdu.

Festivala ucuz bilet 2 min, ən bahalı bilet isə 250 min dollar olub.

Bilet alanların bir çoxu Mayamidəki hava limanından Eksumasa uça bilməyiblər. Adaya gedənlər isə hiddətləniblər.

"Belə biabırçılıq, rüsvayçılıq olar? Bizə "superlüks oteldə nömrələr" vəd olundu, pulumuzu aldılar, ora çatanda isə BMT-nin qaçqınlara verdiyi çadırları gördük. Çadır şəhərciyində qalmaq təklif olundu", - qonaqlardan biri deyib.

Dünən bəlli olub ki, festivalın reklamlarında göstərilən villalar və otellər hamısı başqa yerdəki məkanlarmış.

Baham Respublikasının Turizm Nazirliyi olayı araşdırır.

Festivalın təşkilatçıları və bu fırıldağı reklam edənlərin isə, deyəsən, heç nə eyinlərinə deyil.

Məsələn, supermodel Bella Hədid dünən rəfiqələri ilə ABŞ-ın Florida ştatındakı Mayami şəhərində, lüks oteldə istirahət edirdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində