Play Store

Bolqar nazir: Bolqarıstan-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir

Bolqar nazir: Bolqarıstan-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir
11:22 18 May 2017
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycanla Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə bağlı 2017-ci ilin yanvar ayından etibarən Sofiyada keçirilən silsilə tədbirlər çərçivəsində Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşəbbüsü ilə Avropa Evində “Bolqarıstan-Azərbaycan: diplomatik əlaqələrin 25 ili. İkitərəfli tərəfdaşlıq və çoxtərəfli əməkdaşlığın perspektivləri” adlı konfrans keçirilib.

Azərbaycanın Bolqarıstandakı səfirliyindən Trend-ə verilən məlumata görə, Bolqarıstanın xarici işlər naziri nəzdində Diplomatik İnstitut və Bolqarıstanın nüfuzlu qeyri-hökumət təşkilatlarından biri olan Atlantik Klub ilə birgə təşkil olunmuş bu konfransda hər iki ölkənin səlahiyyətli rəsmilərinin iştirakı ilə Azərbaycan və Bolqarıstan arasında ikitərəfli münasibətlərin, ölkəmizin Avropa İttifaqı ilə əlaqələri çərçivəsində Bolqarıstanla əməkdaşlığın hazırkı durumu və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Tədbirdə Bolqarıstanın dövlət qurumları və qeyri-hökumət təşkilatları, işgüzar dairələr, təhsil və elm ocaqları, yerli mətbu orqanları, həmçinin ölkədə akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Konfransın açılışında Bolqarıstanın xarici işlər naziri nəzdində Diplomatik İnstitutunun direktoru Tanya Mixaylova, Atlantik Klubunun prezidenti, keçmiş xarici işlər naziri Solomon Passi və fəxri qonaq qismində Bolqarıstanın energetika naziri Temenujka Petkova çıxış ediblər. Tədbiri giriş sözü ilə açan T.Mixaylova Bolqarıstanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu qeyd edərək ölkələrimiz iki ölkə arasında münasibətlərin tarixinin vacib məqamlarına diqqət çəkib, bu xüsusda rəhbərlik etdiyi Diplomatik İnstitutun Azərbaycan tərəfi ilə 10 ilə yaxın müddət ərzində tərəfdaşlıq etdiyini bildirib. Bolqarıstanın Atlantik Klubunun prezidenti, keçmiş xarici işlər naziri S.Passi ölkəmizə səfəri və Prezident İlham Əliyev ilə görüşü barədə tədbir iştirakçıları ilə bölüşərək və hər iki ölkənin Avropa ilə Asiyanın kəsişməsində strateji yerləşməyə malik olduqlarını vurğulayaraq Azərbaycan və Bolqarıstan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensialın mövcud olduğunu bildirib.

Səfir Nərgiz Qurbanova Azərbaycan ilə Bolqarıstan arasında mədəni, iqtisadi və digər əlaqələrin, həmçinin insanlararası bağlantıların 5 iyun 1992-ci il tarixində diplomatik münasibətlərin qurulmasından əvvəl də olduğunu söyləyərək, son 25 ildə hər iki ölkənin uğurlu sosial-iqtisadi inkişaf prosesini keçdiyini, Bolqarıstanın Avro-Atlantik qurumlara qoşulduğunu, Azərbaycanın ümummili lideri Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində böyük nailiyyətlər əldə etdiyini və bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini vurğulayıb. Müstəqilliyimizin ilk günlərindən Bolqarıstanla dostluq əlaqələrinin və müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsinin ölkəmizin xarici siyasətinin prioritetlərindən biri olduğunu qeyd edən səfir ölkələr arasında strateji tərəfdaşlıq münasibətlərini multikulturalizm və dinlərarası dialoqun bariz nümunəsi hesab oluna biləcəyini diqqətə çatdırıb.

Konfransın fəxri qonağı qismində çıxış edən Bolqarıstanın energetika T.Petkova son 25 il ərzində Bolqarıstan-Azərbaycan münasibətlərinin yüksələn xəttlə inkişaf etməsindən, strateji tərəfdaşlıq səviyyəsinə çatmasından və Azərbaycan tərəfdaşları ilə əməkdaşlıqdan bolqar tərəfinin məmnunluğunu ifadə edib. T.Petkova Bolqarıstanın ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəklədiyini vurğulayıb. Energetika sahəsinin iki ölkə arasında iqtisadi əlaqələrin mühüm hissəsi olduğunu və Avropanın enerji təchizatının təhlükəsizliyi və diversifikasiyası nöqteyi-nəzərindən Azərbaycanın əhəmiyyətli tərəfdaş olduğunu qeyd edən T.Petkova ölkəsinin Cənub Qaz Dəhlizində iştirak etdiyini, bu layihənin tərkib hissələri olan Bolqarıstan-Yunanıstan və Bolqarıstan-Türkiyə qaz bağlantılarının tikintisi ilə bağlı zəruri tədbirləri həyata keçirdiyini söyləyib.

Azərbaycan və Bolqarıstan arasında ikitərəfli əlaqələrə həsr olunmuş 1-ci paneldə Bolqarıstanın Xarici İşlər Nazirliyinin İkitərəfli əlaqələr üzrə Baş direktoru Kostadin Kocabaşev əsas məruzəçi qismində çıxış edib. İkitərəfli münasibətlərin möhkəm təmələ əsaslandığını bildirən baş direktor bu xüsusda 1995-ci ildə imzalanmış Dostluq və əməkdaşlıq haqqında sazişini və 2015-ci ildə imzalanmış Strateji tərəfdaşlıq haqqında Birgə bəyannaməni qeyd edib. İki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu, energetika və nəqliyyat sahələrində əlaqələrin inkişaf etdirilməsi üçün böyük perspektivlərin olduğunu söyləyib. Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş üzrə müzakirələrin başlanmasını yüksək qiymətləndirən K.Kocabaşev bu sənədin tərəflər arasında əməkdaşlığın gücləndirilməsinə töhfə verəcəyinə ümid ifadə edib. O, həmçinin Azərbaycan və Bolqarıstan arasında çoxtərəfli format, xüsusilə NATO və Qara dəniz hövzəsində çərçivəsində əməkdaşlığın vacibliyini qeyd edib.

Bu paneldə həmçinin, Azərbaycan Milli Məclisin deputatı, Azərbaycan-Bolqarıstan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Rauf Əliyev, Bolqarıstanın Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya Direktorluğunun direktoru Qanço Qanev və İqtisadiyyat Nazirliyinin Rusiya Federasiyası, MDB ölkələri və Gürcüstan şöbəsinin müdiri İliyan Kostov çıxış edib və sonra iştirakçıların suallarını cavablandırıblar.

Azərbaycan və Bolqarıstan arasında əlaqələrin yüksək səviyyədə olduğunu söyləyən R.Əliyev iki ölkənin parlamentləri arasında həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq etdiklərini xüsusilə qeyd edib və bu barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. İki ölkənin liderləri arasında daima səmimi münasibətlərin olduğunu qeyd edən Qanço Qanev Azərbaycan və Bolqarıstan arasında 70-dən çox sənədin, o cümlədən 2015-ci ilin may ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sofiyaya səfəri zamanı Strateji tərəfdaşlıq haqqında Birgə bəyannamənin imzalandığını, həmçinin Veliko Tirnovo şəhərində yerləşən “Trapezitsa” muzey-qoruğunun bərpası layihəsinin “Heydər Əliyev” Fondunun dəstəyi ilə uğurla həyate keçirildiyini yüksək qiymətləndirib. İliyan Kostov Bolqarıstanın Azərbaycanla iqtisadi əlaqələrin inkişafına böyük önəm verdiyini vurğulayaraq, bu sahədə həyata keçirilən tədbirlər haqqında danışıb, o cümlədən 29 sentyabr 2016-cı il tarixində Bakıda keçirilmiş Azərbaycan və Bolqarıstan arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 4-cü iclası barədə məlumat verib.

Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığa həsr olunmuş 2-ci paneldə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev əsas məruzəçi qismində çıxış etmişdir. Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin tarixi haqqında məlumat verən və ölkəmizin Avropanın enerji sahəsində strateji tərəfdaşı olduğunu vurğulayan nazir müavini ölkəmizin Avropa İttifaqı ilə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirib. Bu xüsusda 2015-ci ilin may ayında Riqada keçirilmiş Şərq Tərəfdaşlığının 4-cü Zirvə görüşü çərçivəsində ölkəmiz tərəfindən Avropa İttifaqına Strateji tərəfdaşlıq haqqında saziş layihəsinin təqdim edildiyini xatırladan nazir müavini sözügedən sənəd üzrə rəsmi danışıqların başlandığı haqqında məlumat verib və Bolqarıstan tərəfindən bu prosesə fəal dəstək veriləcəyinə ümid ifadə edib. Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişaf etdirilməsi baxımından nəqliyyat perspektiv sahə kimi xüsusilə qeyd olunub və Avropa və Asiya arasında yük daşımaları kontekstində beynəlxalq nəqliyyat və tranzit dəhlizlərinin inkişafı üçün strateji çoğrafi yerləşməyə və müvafiq infrastruktura malik olan Azərbaycan və Bolqarıstan arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

İkinci paneldə SOCAR Balkan şirkətinin icraçı direktoru Murad Heydərov, Bolqarıstan Enerji Holdinqinin icraçı direktoru Petyo İvanov və Bolqarıstanın Nəqliyyat, İnformasiya Texnologiyaları və Rabitə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Direktorluğunun direktoru Nadejda Buxova çıxış edib və sonra iştirakçıların suallarını cavablandırıblar.

Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş perspektivlərin olduğunu qeyd edən Murad Heydərov ölkəmizin bu sahədə Bolqarıstanla əməkdaşlığa böyük önəm verdiyini bildirib və bu xüsusda Cənub Qaz Dəhlizinin həyata keçirilməsi sahəsində görülən işlər haqqında məlumat veribr. Öz növbəsində, Petyo İvanov rəhbərlik etdiyi Bolqarıstan Enerji Holdinqi haqqında danışıb, bu şirkətin SOCAR ilə əməkdaşlığı, həmçinin Azərbaycan qazını nəql edəcək Bolqarıstan və Yunanıstan arasında qaz bağlantısı layihəsinin həyata keçirilməsi barədə məlumat verib. Nadejda Buxova Bolqarıstanın nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi məqsədilə görülən işlər haqqında məlumat verərək, ikitərəfli iqtisadi əlaqələrin gücləndirilməsi baxımından bu sahədə böyük potensialın olduğunu və bu baxımdan Azərbaycan tərəfi ilə beynəlxalq nəqliyyat və tranzit dəhlizləri çərçivəsində əməkdaşlıq etməyə maraqlı olduğunu bildirib.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2756134.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR