Play Store

Regionda böyük müharibə ocağı alovlandırılır - Kim və niyə?

Regionda böyük müharibə ocağı alovlandırılır - Kim və niyə?
12:05 18 May 2017
60 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycan ordusu mayın 16-də işğal altındakı ərazidə Ermənistan ordusuna məxsus "OSA" zenit-raket kompleksini məhv etdikdən sonra Ermənistanın ordu birlikləri Ağdam və Tərtərin cəbhə bölgəsinə yaxın yaşayış ərazilərini atəşə tutublar. Görünür, Ermənistan tərəfi bununla demək istəyib ki, istənilən hücuma qarşı əks-hücumla cavab verəcək. Ancaq Ermənistanın bu əks-hücumları cəbhə bölgəsində problemlərin daha çox artmasına xidmət edir. Çünki Azərbaycan ordusu da separatçıların əks-hücumlarını cavabsız qoymayacaq".

Milli.Az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib. Onun fikrincə, cəbhə bölgəsindəki gərginliyin artmasının bir neçə səbəbi var:

"Birincisi, danışıqlarda irəliləyiş yoxdur. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ötən günlərdə Moskvada keçirilən görüşü də nəticəsiz qaldı.

İkincisi, Ermənistan ordusu əvvəlkitək Dağlıq Qarabağın ətrafında - işğal altındakı ərazilərdə hərbi təlimlər keçirilir, hərbi istehkamlar qurur. Halbuki, rəsmi Bakı dəfələrlə Ermənistanı xəbərdar edib ki, Dağlıq Qarabağdan kənardakı hərbi istehkamlar vurulacaq. "OSA" zenit-raket kompleksinin vurulması da bu siyasətin tərkib hissəsidir.

Üçüncüsü, cəbhə bölgəsində vəziyyətin gərginləşməsi yay aylarında döyüş əməliyyatlarının aparılması üçün münbit şəraitin yaranmasıyla bağlıdır.

Dördüncüsü, vəziyyətin gərginləşməsinə Ermənistanın işğal altındakı ərazilərdə həyata keçirdiyi fəaliyyət də təsir edir. Ermənistan bir tərəfdən status-kvonu qorumağa çalışsa da, ermənilərin vaxtilə azərbaycanlıların yaşadığı şəhər və qəsəbələrə köçürülməsini həyata keçirir, infrastruktur layihələri reallaşdırılır. Halbuki, bütün həll planlarına görə, həmin şəhər və qəsəbələr azad olunmalı və həmin yerlərə azərbaycanlılar qayıtmalıdırlar".

Politoloq hesab edir ki, ermənilərin xaç təxribatı da atəşkəsə xidmət etmir: "Erməni separatçıları Qarabağ ərazisində - işğal altındakı dağ massivlərinin birinin hündür yerində xaç işarəsini əks etdirən 50 metr hündürlükdə dəmir konsturksiya quraşdırıblar. Həmin konstruksiya üzərində işıq sistemi də quraşdırılıb ki, axşamlar da uzaq məsafədən görülsün. Separatçıların sözlərinə görə, həmin konstruksiya hündürlüyünə görə Avropada ikinci xaç abidəsidir. Erməni separatçılarının pula ehtiyacları olduğu halda bu cür bahalı konstuksiyanın tikintisinə niyə bu qədər önəm veriblər? Bunun iki səbəbi var. Birinci səbəb odur ki, separatçılar Dağlıq Qarabağı beynəlxalq aləmə xristian məskəni kimi tanıtdırmaq istəyirlər. İkinci səbəbi isə odur ki, nə zamansa həmin konstruksiya dəqiq raket zərbəsiylə dağıdılarsa, bunu beynəlxalq aləmə "vandalizm" kimi qələmə verməyə çalışacaqlar. Beləliklə, separatçılar bilərəkdən qarşıdurmaya dini rəng verirlər. Müsəlman torpaqlarında xristianlığın bu şəkildə zorla yayılmasına İslam dünyası da pis qarşılayacaq. Bütün bu addımlar cəbhə bölgəsindəki gərginliyin artmasına, 2016-cı il aprel hadisələrinin istənilən an təkrarlana biləcəyindən xəbər verir".

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/545987.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR