"Bizə xəstənin xəstə etdiyi gəlir, xəstə özü gəlmir"

Metbuat.az Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri Elnur Rüstəmovla müsahibəni təqdim edir:

- Psixoloq olmağın üstünlükləri nələrdir?

- Bütün sahələrin öz üstünlükləri və çətin tərəfləri var. Psixoloqun insanlarla ünsiyyətdə avantajları çoxdur. Psixoloq olduğu məkanda insanları analiz edir və həmin insanın psixoloji portretini çəkməyə çalışır. Əgər üstünlük demək olarsa, bu üstünlükdür. Psixoloq olmaq həyat tərzidir. Mütəxəssis bunu həyat tərzinə çevirərsə, ondan xoşbəxti olmaz. Psixoloq olmağın ən böyük üstünlüyü sənə verilən həyatı doya-doya yaşamaqdır.

- İnsanlar niyə psixoloq yanına getməyə çəkinir?

- Bu stiqma (damğa) ilə bağlıdır. Əgər sən psixoloq yanına gedirsənsə, avtomatik sual yaranır: nə problemin var? İnsanlar psixoloqla psixiatrı tam ayırd edə bimirdilər. Bu gün maariflənmə işləri aparılır, artıq bu stiqmanı qismən yeniblər. Dünən insanlar hər hansı uğursuzluq olduğu təqdirdə falçıya, mollaya, çıldağa müraciət edirdilərsə, bu gün onun alternativi var. Elm sübut edir ki, burda psixoloji dəstək vacibdir. Yaponlar XXI əsri psixologiya əsri adlandırırlar, çünki geniş formada urbanizasiya gedir və sivilizasiya inkişaf edir. Şpenderin məşhur sözü var: Sivilizasiya inkişaf etdikcə cəmiyyət tabularla yox, məhz psixologiya ilə idarə olunacaq.

- Məktəblərdə niyə peşəkar psixoloqlar yoxdur?

- Kadr hazırlığının olmaması, digər tərəfdən məktəb psixoloqlarının fəaliyyətinin stimullaşdırılması, eyni zamanda məktəblərdə çalışan psixoloqlar üçün müəyyən şəraitin yaradılması, onların zaman-zaman treyninq, kurslarda iştirak etməsi çox vacibdir. Məktəb psixoloqlarının işini təşviq etmək lazımdır. 2 il əvvəllə müqayisə etsək, irəliləyişlər var. İrəliləyişin obyektiv və subyektiv səbəbləri var: obyektiv səbəb baş verən proseslərdir. Subyektiv səbəb isə dünənə qədər psixoloqlara bu qədər müraciət yox idi. Nəticədə, valideyn uşağının dərsi mənimsəməsi, davranışı, ünsiyyəti ilə bağlı problem gördüyü təqdirdə rahat şəkildə məktəbdə psixoloq varsa, müraciət edir. Qalır əsas məsələ. Məktəb psixoloqu uşaqla psixoloji işi necə quaracaq? Yanlış qurduğu təqdirdə valideyn bir daha onun yanına gəlməyəcək və digərlərinə də məsləhət görməyəcək. Ancaq bu problem müsbətə doğru öz həllini tapır. Həm kadrların artması, həm psixologiyanın insanlar arasında geniş yayılması imkan verir ki, psixoloji mərkəzlərə gedə bilməyən valideynlər məktəbdəki psixoloqa müraciət etsin.

- Psixologiya sahəsində ölkəmizdə maarifləndirmə işləri aparılır?

- Dövlət müəssisələrində psixoloq ştatının yaranması, ailə qurmamışdan öncə, ailədaxili münaqişələr zamanı psixoloqa müraciət edilməsi göstərir ki, təbliğat və təşviqat işləri aparılır. Bu prosesdə dövlət dəstəyi və KİV-in fəaliyyəti çox böyükdür. Hər hansı hadisə ilə bağlı psixoloq rəyinin alınması, ekspert kimi psixoloqların verilişlərə cəlb olunması maarifləndirmə işini sürətləndirir. İnternet əsrində yaşadığımız üçün hər hansı problem varsa, internet üzərində yazıb tapmaq asandır.

- Ailədaxili münaqişələr və boşanmağa gətirib çıxaran səbəblər nələrdir?

- Ailədaxili münaqişələr, boşanma, təcavüz halları geniş yayılıb. Şübhəsiz ki, bunun da müəyyən səbəbləri var. Ən böyük səbəblərdən biri bizim informasiya, internet əsrində yaşamağımızdır. İnsanlar bir-birinə yadlaşıb, özgələşib. Gündə o qədər oxşar xəbərlər alırıq ki, artıq ona qarşı biganə olmağa başlayırıq. Məsələn, dünənə qədər ölüm qocalığın əlaməti idisə, bu gün avtoqəzalardan, xəstəliklərdən, təbii fəlakətlərdən, zərərli vərdişlərdən dünyasını dəyişən yüzlərlə insan görürsünüz. Psixoloji problemlərdən ölənlərin də sayı artıb. Məsələn, 5 nəfərlik ailənin hər hansı fərdində müəyyən asılılıq, yaxud psixoloji, psixiatrik, fiziki, yaxud ürək-damar sistemində problem varsa, bütün ailə sisteminə təsir göstərir. Yəni, ürək-damar sistemində problem olan insanlarla davranarkən diqqətli olmaq vacibdir. Onlara anidən pis xəbər vermək olmaz. T-nin səsi çox olmamalıdır, onlar rejimlə yeməli, rejimlə yatmalıdır. Bu da bütün ailə sistemini dəyişir. Nəticədə, ailə münasibətlərinə mənfi təsir göstərir. Bu məsələnin bir tərəfi, digər tərəfi isə bu gün ailə quran insanlarımızın böyük qismi 90-cı illərdə dünyaya gələn uşaqlardır. Həmin illər keçid dövrü olduğu üçün dəyərlər müəyyən qədər dəyişdi, ailədə uşaq sayı azalmağa başladı. Əvvəl ailələrdə minimum 4-5 uşaq olurdu, indi isə maksimum 3 uşaq var. Şübhəsiz ki, valideynin övladına qarşı münasibətində də böyük dəyişiklik görürük. Nəticədə, həmin uşaqlar ailədəki münaqişələrə qarşı tolerant davrana bilmir, dözümlülük aşağı olur. Çünki insanlar rahatlıq axtarır. Bu dözümlülük şəraitində valideyn bəzən bilərəkdən ya da bilməyərəkdən problemi həll etmək yerinə uzaqlaşmağa üstünlük verir. Bu yanaşma ailə institutunun dağılmasına gətirib çıxardır. Əgər dünənə qədər boşanmaq prosesində ictimai qınaq vardısa, bu gün demək olar ki, ictimai qınaq varsa belə təsir imkanları aşağıdır. Bu proses dərinləşərək gedir. Düşünürəm ki, insanlar ailə qurarkən daha ciddi qərar vermək məcburiyyətində qalacaq.

- Boşanmaq nə zaman çarə ola bilər?

- Əgər ortada ciddi bir psixiatrik problem, şiddət, aqressiya, zərərli vərdiş varsa, boşanmaq yox, yaxşı olardı ki, həmin tərəf müalicə alsın. Bu gün Azərbaycanda çox bəsit səbəblərdən boşanan ailələr var. Mobil telefondan tutmuş, internetə kimi ailəyə təsir göstərən məqamlar var. Ailədə tərəflərin bir-biri ilə ünsiyyətinin olmaması, ailədaxaili münaqişələrə, konfiliktlərə yol açır.

- Uşaqları güclü şəxsiyyət kimi yetişdirmək üçün nə edək?

- Əvvəlcə, valideyn özünü tərbiyə etməlidir. Valideynlərin problemi uşaqlardan heç də az deyil. Bizə xəstənin xəstə etdiyi gəlir, xəstə özü gəlmir. Valideyn uşağını gətirir, görürəm ki, problem onların özündədir. İlk növbədə, valideynlər diqqətli olmalıdır. Valideyn uşağına həftədə bir gününü həsr etməyi bacarmalıdır. Valideyn uşağa nümunə olmalıdır, çünki valideynin ən böyük sərmayesi hansı sahədə çalışmağından asılı olmayaraq onun övladıdır. Valideyn uşağı özü üçün yox, cəmiyyət üçün yetişdirməlidir. Amma biz bunun əksini görürük, valideyn uşağı özü üçün böyüdür, onun kaprizlərinə dözür. Ona görə də gənc ailələr birmənalı şəkildə uşağa qərar verərkən hamiləlik dövründən tutmuş, uşaq dünyaya gətirərkən, böyüməyinə qədər bir-birinə dəstək olmalıdır. Valideynlər uşağa görə bir addım geri çəkilməyi bacarmalıdır.

- “Çətin adamlar”la necə yola gedək?

- Ümumiyyətlə, həyatı həyat kimi qəbul etmək lazımdır. Mümkün deyil ki, bir insan üçün bütün insanlar yaxşı olsun. Mütləq şəkildə kimdənsə xoşunuz gəlməyə, kiminləsə probleminiz ola bilər. Bu normaldır.

Elə insanlar var ki, onlarla yola gəlməyi bacarırıq, ancaq bəziləri çətin xarakterli olur, adam yemək yeyəndə belə sanki yeməklə savaşır. Bu cür insanlar biraz dözülməz, cəmiyyət üçün problem olur. Həmin insanlara psixoloji dəstək vacibdir.

- Psixoloqlara görə, xoşbəxtliyin şərtləri nələrdir?

- Hər kəsə görə həyatın mənası fərqlidir. Kimə görə ailəsi, kimə görə uşağı, kimə görə işi onun xoşbəxtliyidir. Psixoloq bu məsələyə kompleks yanaşan insandır. Həyat tam şəkildə gözəldir, yarımçıq yox. Psixoloq insanların həyatı ilə məşğul olduğundan elə məsələlər olur ki, insanlar onu psixoloqdan başqası ilə danışmır. Bunun həm avantajı, həm də dezavantajı var. Pis tərəfi odur ki, “emosional yanma sindromu” olur, psixoloq da depressiyaya düşür, həyatdan soyuyur. Müsbət tərəfi isə psixoloqun həyat haqqında bilikləri daha real olur. Həyatı insanın özündən öyrənirsən. Bu avantaj heç bir peşə sahəsində yoxdur.

- "Eşqdir mehrabı uca göylərin eşqsiz, ey dünya nədir dəyərin?" Eşq bir xəstəlikdir, yoxsa?
- Bunun da xəstəlik dərəcəsi var. Sevmək gözəldir, ancaq aşırı dərəcədə olduqda, artıq patalogiyadır. Bununla bağlı tədbir görmək lazımdır. Ancaq insan həyatı, insanları sevməyi bacarmalıdır. Belə olanda yaşamaq da rahat olur. Bu gün sevgi uğrunda həyatına son qoyanlar var, çünki onlar həyatın mənasını onda görür. Nəinki sevgi, elə insanlar var ki, işdən çıxarıldıqdan sonra ağır depressiyaya düşür, ruh halı pisləşir. Həyatı elə bölmək lazımdır ki, hər şeyə yer çatsın.

- Tərəf müqabilini necə seçək?

- Öncə, insan özü üçün müəyyən etməlidir, mən niyə ailə qururam. Bəzən görürük ki, ailə qurmaq motivləri fərqli olur. Bəziləri deyir yaşım çatıb evlənməliyəm və yaxud valideyn nəvə-nəticə istəyir. Qız oğlandan ayrılıb travma alır və onun acığına ailə qurur. Açıq etiraf edək ki, bu cür hallar cəmiyyətdə var. O zaman verəcəyimiz qərar subyektiv olacaq. Qərarı sağlam vermək lazımdır. Fikirləşib qərara gəlirsən ki, mən bu insanla ömrümün axrınadək gedə bilərəm, o zaman addım atmaq olar.

- Kitabınızın adını nəyə görə, "X-Lady" qoydunuz?

- Bu kitab, yəni “X-Lady” əslində sadəcə bir insanın taleyi deyil. Burada bir ümumilik var, problemə yanaşma tərzi var. Sujet xətti reallığa uyğun götürülüb, əlavələr olunub. Burada əsas məqsəd anonimliyin qorunub saxlanması idi. Yəni, "X-Lady"-ni heç kim tanımır və bu əsəri oxuduqdan sonra da heç kim onun kimliyini açığa çıxaracaq bir məlumat əldə edə bilməz! İnsanlar uyğunluq axtarmağa çalışırlar. Bəlkə də tapacaqlar.

Əslində, "X-Lady" naməlum bir xanımdır. Bu roman naməlum bir xanımın həyat hekayəsindən bəhs edir.

- Elnur müəllim, nə vaxtsa psixoloqa ehtiyacınız olub?

- Hər insana bir psixoloq, hər psixoloqa da iki psixoloq lazımdır. Əlbəttə, hər bir psixoloqun da psixoloqa ehtiyacı ola bilər. Mən ehtiyac olanda psixoloq dəstəyi alıram və çox da məmnunam.

- Məşhur psixoloq Ziqmund Freydin cavab tapmadığı sual var idi: görəsən, qadınlar nə istəyir? Elnur müəllim, sizcə, qadınlar nə istəyir?

- Qadın nə istədiyini çox yaxşı bilir. Xanım məqsədyönlüdür, işi axıra çatdırandır. Son dönəmlərə baxsaz 10-15 il qabaq bizim xanımlar indiki kimi aktiv deyildilər. Bu gün xanımlarımız cəmiyyətdə aktivdir. Siz deyirsiniz ki, onlar nə istədiyini bilmir? Nə istədiyini bilməyən bu qədər aktiv ola bilər? Xanım nə istədiyini bilir və istədiyi uğrunda da mübarizə aparır.

- Motivasiya nədir? İnsan özünü necə motivə etməlidir?

- Motivasiya insanın daxili gücüdür. Hər kəsin içində o daxili güc var. İnsan o gücü inkişaf etdirməyi bacarmalıdır. İnanmıram ki, bütün insanlar səhər yuxudan istəyərək qalxsın. Hər kəsi o yataqdan qaldıracaq güc olmalıdır. İnsanın həyat eşqi, məqsədi, hədəfi olmalıdır. Belə olduğu təqdirdə motivasiyası da olur və insan özünü aktuallaşdıra bilir.

- Qazandığımız müvəffəqiyyətlər zəhmət, yoxsa şansın nəticəsidir?

- Düşünürəm ki, bir qədər şans, ancaq böyük nisbətdə zəhmət lazımdır. İnsan öz gücünü nəzarətdə saxlamağı bacarmalıdır. Hər şeyi şansa buraxsaq, insan həyatda heç nə qazana bilməz.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR