Orucun orqanizmə ən vacib faydası

““Autofagiya” qısa müddətlik aclıq zamanı fəaliyyətə keçən prosesdir”.

Bunu Metbuat.az-a açıqlamasında həkim dietoloq Amaliya Rəhimova deyib: “Keçmişdə məlum olan bir çox halların elmi sübutu bizim dövrdə baş verir. Zənnimcə, orucluqda qısa müddətlik aclıq və susuzluğun əsasında “Autofagiya” deyilən vəziyyət dayanır”.

2016-cı ildə yapon alimi Esinori Osumi aclıq sırasında hüceyrənin “öz-özünü necə yediyini” izah edən araşdırması ilə Nobel mükafatına layiq görülüb.

Həkim Amaliya Rəhimova əlavə edib ki, “Autofagiya” məhz aclıq zamanı fəaliyyətə keçir. “Belə ki, orqanizmə qidalı maddələr daxil olmadıqda o nəiləsə qidalanmalıdır, enerji sintez etmək üçün hardansa maddə almalıdır. Bu maddə qismində öncə lazımsız komponentlərdən istifadə edir. “Autofagiya” qısa müddətlik aclıq zamanı orqanizmdən həmin yararsız maddələri xaric edir. Beləliklə, orqanizm cavanlaşır, daha sağlam olur. Fəaliyyətini bitirmiş, lazımsız maddələrin orqanizmdə toplanması indiki elmi araşdırmalara görə, qocalmağın əsas səbəbidir”.

Ramazan ayında qida və maye istehlakına diqqət etmək vacibdir. Həkim deyib ki, çörəkdən, şirniyyatdan maksimum uzaq durun. Bioloji dəyəri, konsentrasiyası yüksək olan qidalara üstünlük verin. Onun sözlərinə görə, mayenin çox hissəsini oruc açan kimi içmək lazımdır. Çünki yeməkdən sonra istifadə edilən maye yeməyin həzmini pozur.

Həkim əlavə edib ki, bu prinsiplərə əməl olunsa, artıq çəki olmayacaq və “autofagiya” prosesi daha yaxşı gedəcək.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR