ABŞ ölkəyə gəlmək istəyən əcnəbilərin yoxlanılması qaydalarını sərtləşdirib.
Metbuat.az xəbər verir ki, martın 6-da ABŞ prezidenti Donald Tramp miqrasiya ilə bağlı fərman imzalayıb. Fərmana görə, ABŞ hökuməti İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ölkəyə daxil olmasına qadağa qoyub.
Viza almaq istəyən şəxsdən əvvəlki xarici pasportlarının nömrələri, şəxsi və iş yerlərinin elektron ünvanı, son 5 ildə sosial şəbəkələrdə istifadə etdiyi adları, son 15 ildə yaşayış və iş yerləri barədə məlumat tələb olunur. Yeni anket formasının milli təhlükəsizliyin güclənməsinə və terrorla mübarizəyə yönəldiyi qeyd olunur.
Lakin daha bir ABŞ məhkəməsi, San-Fransisko şəhərinin məhkəməsi prezident Donald Trampın miqrasiya siyasətini sərtləşdirən fərmanının əleyhinə qərar çıxarıb.
Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Mübariz Əhmədoğlu Donald Trampın miqrasiya siyasətini sərtləşdirən fərmanının Azərbaycan üçün təsirlərindən danışıb.
“Azərbaycanla ABŞ-ın əvvəlcədən normal münasibəti olub. Azərbaycan Cənubi Qafqazda çox mühüm dövlətdir. Eləcə də, ABŞ-da çox gözəl bilirlər ki, Azərbaycan digər müsəlman dövlətlərindən fərqli olaraq, islam dininə fərqli mövqe nümayiş etdirir. Azərbaycan cəmiyyəti çox loyaldır. Donald Trampın miqrasiya siyasətinin Azərbaycana da tətbiqi gözlənilmir. Digər müsəlman ölkələrinə qarşı ABŞ-ın belə siyasət aparması gözləniləndir. Sübut olunub ki, Tramp biznes dünyagörüşünə malik adamdır və çalışır ki, hər şeydən pul qazansın. Səudiyyə Ərəbistanına silah satdı, gözlənilmədən Səudiyyə Ərəbistanına icazə verdi ki, Qətərə qarşı sanksiyalara başlasın. Yəqin Tramp fikirləşir ki, Qətər ABŞ-a üz vuracaq ki, "məni Səudiyyə Ərəbistanından qoru. Yəni, Səudiyyə Ərəbistanı səninlə 110 milyard dollarlıq müqavilə bağlayıb, 110 milyard dollar pulu götür, məni Səudiyyə Ərəbistanından qoru". Trampın müsəlman ölkələrinə qarşı belə variasiyaları mümkündür. Trampın ABŞ-a girişə qadağa qoyduğu müsəlman ölkələrinin sayının artacağı isə gözlənilmir”.
Aytən Novruzova / Metbuat.az