BMT: 2014-cü ilin ilk yarısında dünyada 5,5 milyon insan ev-eşiyini tərk etmək məcburiyyətində qalıb

13:22 8 Yanvar 2015
90 Dünya
Ölkə mətbuatı
A- A+

[ 08 Yanvar 2015 13:17 ]

Bakı. Anaxanım Hidayətova – APA. 2014-cü ilin ilk yarısında dünyada 5,5 milyon insan öz evlərini tərk etmək məcburiyyətində qalıb. Onlar qaçqın və məcburi köçkünlərin sayını artırıblar.

APA-nın məlumatına görə, bu barədə BMT Ali Komissarlığının qaçqınların işləri üzrə İdarənin yeni hesabatında deyilir.

 

Sənəddə qeyd olunur ki, 2014-cü ilin ortalarında dünyada məcburi köçkünlərin sayı 46,3 milyon nəfərə çatıb. Hazırda 13 milyon qaçqın və 26 milyon məcburi köçkün BMT Ali Komissarlığının qaçqınların işləri üzrə İdarənin himayəsi altındadır.

 

Hesabatda vurğulanır ki, dünyada qaçqınların sayına görə ilk dəfə suriyalılar ön sıralara çıxıblar. 2014-cü ilin iyunun sonuna olan məlumatlara əsasən, 3 milyondan çox suriyalı qaçqın düşüb. Hazırda dünyadakı qaçqınların 23 faizi Suriyanın payına düşür. Halbuki son 30 il ərzində qaçqınların sayına görə Əfqanıstan ilk sıranı tuturdu. Hazırda dünyada 2,7 milyon əfqanıstanlı qaçqın var. Siyahıda Suriya və Əfqanıstandan sonrakı yerləri Somali, Sudan, Cənubi Sudan, Konqo Demokratik Respublikası, Myanma və İraq tutur.

 

2014-cü ilin ilk yarısında ən çox qaçqın qəbul etmiş ölkə Pakistan olub. Bu ölkədə 1,6 milyon əfqan sığınacaq tapıb. Livan və İran da çoxlu sayda qaçqın qəbul edən ölkələrdir. Müvafiq olaraq Livanda 1,1 milyon, İranda isə 982 min nəfər sığınacaq tapıb.

 

BMT-nin qaçqınların işləri üzrə İdarənin ali komissarı Antonyu Quterriş hesabatın təqdimatı zamanı dünya ictimaiyyətini qaçqınlara və onları qəbul edən icmalara yardım göstərilməsi məsələsində həmrəyliyə çağırıb.

 

“Dünya birliyi mövcud münaqişələrin siyasi həll yollarını tapmayanadək və yenilərin yaranmasının qarşısını almayanədək, biz dramatik humanitar nəticələrlə qarşılaşmalı olacağıq”, - deyə o vurğulayıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368392

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR