"Fitch" beynəlxalq reytinq agentliyinin hesabatına görə, artan borc yükü maliyyə sabitliyinə təhlükə yaradır. Agentlik ekspertlərinin fikrincə, onun qiymətləndirdiyi ölkələrin 20%-dən çoxu 2017-ci ilin sonuna maksimal Borc/ÜDM əmsalına sahib olacaq.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin "CIA World Factbook" hesabatında ən yüksək Borc/ÜDM əmsalına sahib olan 10 ölkənin reytinqi açıqlanıb. Qeyd edək ki, reytinqdə üst sıralarda yer alan ölkələr əsasən borclarının yüksək olmasına görə deyil, ÜDM-in az olması səbəbindən siyahıda liderlik edir. Belə ki, siyahıda ilk yeri 234,7% Borc/ÜDM nisbətinə sahib olan Yaponiya tutur. İkinci sırada 181,6%-lə Yunanıstan, 3 və 4-cü sıranı isə 132,5% nisbəti ilə Livan və İtaliya bölüşür. Sonrakı yerləri Yamayka (130,1%), Portuqaliya (126,2%), Eritreya (119,8%), Kabo-Verde (116,8%), Sinqapur (110,5%) və Qrenada (110%) tutur.
ABŞ-da analoji göstərici 106,7%-dir. "Trading Economics"in hesabatına görə, G20 ölkələri arasında ən aşağı borc yükü əmsalı Rusiyadadır (17%).