Bakı. 30 avqust. REPORT.AZ/ Media maqnatı və dünyanın ən zəngin 2-ci adamı olan Uorren Baffetin (Warren Buffet) "Berkshire Hathaway" investisiya fondu ABŞ-ın 2-ci ən böyük bankı olan "Bank of America" investisiya bankının 700 mln. səhmini alaraq ən böyük səhmdarı olub.
"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Fondun bu səhmləri kifayət qədər böyük endirimlə 7,14 dollara aldığı bildirilir. Belə ki, dünən fond birjalarında Bankın səhmlərinin ən son qiyməti 23,58 dollar olub. Bununla da, "Berkshire Hathaway" fondu "Bank of America"da payı 6,6%-ə yüksəlib. Bununla yanaşı Baffetin fondu ABŞ-ın üçüncü ən böyük bankı olan "Wells Fargo"nun 10% səhmdarıdır.