Yeni silahın yaratdığı QORXU, müharibənin OLMAMASI ÜÇÜN... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Paylaş
·164 baxış·6 dəq oxu
Rusiya məhkəməsi ÜAK-ın ləğvi haqda qərarı qüvvədə
saxlayıb. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla erməni
həmkarı arasında görüş sentyabrın 23-də keçirilə bilər. Azərbaycan
Ordusunun genişmiqyaslı təlimlərə başlaması Ermənistanda ciddi
qorxuya səbəb olub. BMT Baş Assambleyasının 72-ci sessiyası
çərçivəsində ümumi dinləmələr başlanıb. ABŞ Ukraynaya silah
çatdırılması barədə qərar qəbul edib.Böyük Britaniya, ABŞ
və başqaları Bəşər Əsəd rejimindən siyasi keçid olmayacağlı halda
Suriyanın bərpasını dəstəkləməyəcək.Türkiyə Şimali İraq
kürd muxtariyyəti və İraq arasında danışıqlarda vasitəçilik edə,
hətta Ərbilin hüquqlarının təminatçısı ola bilər.
Bu gün Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK)
Rusiya Federasiyasının Ali Məhkəməsinin qərarından verdiyi
apelyasiya şikayətinə baxılıb. Rusiya Federasiyasının
Ali Məhkəməsinin Apelyasiya Kollegiyası ÜAK-ın qeydiyyatının ləğvi
ilə bağlı birinci instansiya məhkəməsinin qərarını qüvvədə
saxlayıb.
ÜAK rəhbərliyi bildirib ki, növbəti instansiya kimi Ali
Məhkəmənin Rəyasət Heyətinə müraciət olunacaq.
Xatırladaq ki, bu ilin 15 may tarixində Rusiya Ali Məhkəməsi
Ədliyyə Nazirliyinin iddiası əsasında ÜAK-ın qeydiyyatının ləğvi
haqqında qərar çıxarıb.
Sentyabrın 23-də Nyu-Yorkda Azərbaycan xarici işlər
naziri Elmar Məmmədyarovla Ermənistan xarici işlər naziri Edvard
Nalbandyanın görüşü ola bilər. Bu barədə diplomatik
mənbə “İnterfaks”a məlumat verib.
“Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün sentyabrın
23-də BMT Baş Assambleyası çərçivəsində olması mümkündür”, - deyə
mənbə bildirib.
Ermənistan mediası “Azərbaycan sürətli müharibəyə
hazırlaşır” deyə yazır. İrəvanın qorxuya düşməsinin
səbəbi isə təlimlərdə Azərbaycanın silah arsenalına qatdığı Çexiya
istehsalı olan “Dana” özüyeriyən artilleriya qurğularının da
iştirak etməsidir.
“Özüyeriyən cəhənnəm”, yaxud da “Təkərlər üzərində yeriyən
cəhənnəm” deyilən “Dana” artilleriya qurğuları dağıdıcı gücü ilə
seçilir. Çexiya 2018-ci ilə qədər 33 ədəd “Dana” artilleriya
qurğusunu müasirləşdirilmiş formada Azərbaycana təhvil verməli idi.
Lakin görünür, qurğuların bir qismi artıq vaxtından əvvəl
Azərbaycana çatdırılıb. Ermənistanda təşviş yaradan da məhz
silahların müəyyən hissəsinin vaxtından əvvəl çatdırılmasıdır.
Erməni siyasi şərhçi Sarkis Artsruni yazır ki, danışıqların
nəticə vermədiyini görən Bakı ərazilərin azad olunması üçün
müharibəyə hazırlaşır.
Azərbaycan Ordusunun 15 minlik canlı qüvvə ilə təlimə başladığı
gün Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın İrəvanda
erməni diasporu ilə görüşdə səsləndirdiyi fikirlər də diqqət
çəkir.
“Ərazilərin qaytarılmasını müzakirə edirik” – İrəvandan rəsmi BƏYANAT
Erməni nazirin bu açıqlaması ordumuzun keçirdiyi
təlimlərin İrəvanda qorxu yaratması ilə üst-üstə
düşür. Mümkündür ki, danışıqlarda ərazilərin
qaytarılması məsələsi real olaraq müzakirə olunur.
Pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey
Draçyovun qətlində şübhəli bilinən Anar Allahverənov təslim
olub. Federal Təhlükəsizlik Xidmətinin (FTX)
Xabarovsk diyarı üzrə idarəsinin mətbuat katibi Olqa Alkinin
sözlərinə görə, A. Allahverənov hazırda müstəntiqlərə ifadə verir.
Onunla Rusiya İstintaq Komitəsinin Xabarovsk üzrə idarəsinin
əməkdaşları işləyirlər.
Xatırladaq ki, hadisə avqustun 20-də səhər tezdən Xabarovsk
şəhərinin kafelərindən birinin qarşısında baş verib. Dava zamanı
Anar Allahverənov Andrey Draçevi iki zərbə ilə yerə yıxır və sonra
ona daha bir neçə zərbə endirir. Təcili yardım Draçevi xəstəxanaya
çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Anar hadisədən sonra qaçıb. O, federal və İnterpolun axtarışına
verilmişdi.
Böyük Britaniya, ABŞ və başqaları Bəşər Əsəd
rejimindən siyasi keçid olmayacağlı halda Suriyanın bərpasını
dəstəkləməyəcək. Bu haqda Böyük Britaniya Xarici
İşlər Nazirliyinin başçısı Boris Conson bildirib.
“Biz hesab edirik ki, siyasi prosesin irəliləyişi üçün tək üsul
Bəşər Əsəd rejimindən siyasi keçiddir. İranlılar, rusiyalılar və
Əsəd rejimi anlamalıdır ki, Əsəd rejimindən siyasi keçid olmayacağı
halda Suriyanın bərpasını dəstəkləməyəcəyik. Bunu BMT Təhlükəsizlik
Şurasının 2254 saylı qətnaməsi də tələb edir”, - Britaniya xarici
siyasət idarəsinin başçısı deyib.
Şimali İraq kürd muxtariyyətinin başçısı Məsud
Bərzani Ərbildə səfərdə olan İngiltərənin müdafiə naziri Mixail
Fallona müstəqillik referendumun təxirə salınması üçün şərtini
açıqlayıb. Bərzani beynəlxalq zəmanət olmadan
referendumun təxirə salınmayacağını bildirib.
“İraq ilə federallaşmaya qədər hər yolu sınaqdan keçirdik, amma
heç bir halda uğurlu nəticə əldə edə bilmədik. Müstəqillikdən
başqa, heç bir yolumuz yoxdur. Biz iki yaxşı qonşu olaraq daha
yaxşı əlaqələrin inkişaf etdirilməsinin tərəfdarıyıq”, - kürd
siyasətçi deyib.
İngiltərənin müdafiə naziri referendumun təxirə salınmasını və
beynəlxalq cəmiyyətin nəzarətində Bağdad ilə dialoqa başlanılmasını
istədiklərini vurğulayıb.
Qeyd edək ki, müstəqillik referendumunun sentyabrın 25-də
keçirilməsi planlaşdırılır.
Türkiyə Şimali İraq kürd muxtariyyəti və İraq
arasında danışıqlarda vasitəçilik edə, hətta Ərbilin hüquqlarının
təminatçısı ola bilər. Bunu “Əl-Monitor” nəşrinə
müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu
deyib.
Sentyabrın 25-də kürd muxtaryyətində keçirilməsi planlaşdırılan
müstəqillik referendumunun İraq Konstitusiyasına zidd olduğunu
söyləyən Çavuşoğlu referendum qərarını “böyük bir səhv”
adlandırıb.
“Referendum kürd bölgəsinin maraqlarına da uyğun deyil və
bölgənin təhlükəsizliyinə xidmət etməyəcək”, - Türkiyə xarici
siyasət idarəsinin başçısı bildirib.
Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan Suriya lideri
Bəşər Əsədlə görüşməyi planlaşdırmır. Bunu Türkiyənin
xarici işlər naziri Mövlud Çavuşoğlu “Əl-Monitor” nəşrinə
müsahibəsində deyib.
Daha əvvəl Ərdoğanın özü KİV-də yayılan xəbərləri təkzib edib.
İddiaya görə, Türkiyə prezidenti Rusiya tərəfinin xahişi ilə Əsədlə
gizli görüş keçirib.
Gələcək 25 il ərzində “İsrail” adlı bir şeyin
olmayacağı onun tam 25 il yaşayacağı demək deyil.
Bunu jurnalistlərə açıqlamasında iranlı general Əbdürrəhim Musəvi
söyləyib. Onun sözlərinə görə, İsrail kiçik xətaya yol versə, Hayfa
və Tel-Əviv şəhərləri yerlə-yeksan olacaq.
O, İsrailin ömrünün son günlərini hesablaması gərəkdiyini
bildirib.
Bu gün BMT Baş Assambleyasının 72-ci sessiyası
çərçivəsində ümumi dinləmələr başlanıb. Dövlət
başçıları sessiyanın ümumi dinləmələr hissəsində çıxışlar
edəcəklər.
ABŞ prezidenti Donald Trampın BMT Baş
Assambleyasının 72-ci sessiyası çərçivəsində bu gün edəcəyi çıxışın
tezisləri məlum olub. Bu haqda “The Wall Street
Journal” nəşri yüksək vəzifəli mənbəyə istinadən yazıb.
Tramp dünən BMT-də islahatlar aparılması bəyannaməsi ilə çıxış
edib.
“İlk növbədə Amerika!” - Trampın nitqinin tezisləri MƏLUM OLDU
ABŞ Konqresinin Senatı təhlükəsizlik və müdafiə
sahəsində dəstək üçün Ukraynaya 500 milyon dollar ayrılması barədə
qanun layihəsini bəyənib. Bu haqda Ukrayna prezidenti
Pyotr Poroşenko feysbuk səhifəsində yazıb.
Onun sözlərinə görə, qanun layihəsi Ukraynaya müdafiə xarakterli
ölümcül silahların çatdırılmasını nəzərdə tutur.
Daha əvvəl Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Ukraynaya
silah çatdıracağı halda ölkənin “başqa regionları”na hücum ola
biləcəyini bildirib.
Putin xəbərdarlıq etmişdi: Ukraynaya hücum BAŞLANA BİLƏR
Odessa əyalətinin keçmiş qubernatoru və Gürcüstanın
sabiq prezidenti Mixail Saakaşvili Kiyevə gəlib. Bu
haqda siyasətçinin mətbuat katibi Darina Çij məlumat yayıb.
Daha əvvəl Saakaşvili bəyan etmişdi ki, 17 oktyabrda Kiyevdə 3
tələb irəli sürərək çıxış etməyi planlaşdırır.
Xatırladaq ki, Mixail Saakaşvili sentyabrın 10-da öz
tərəfdarlarının dəstəyi ilə Polşa-Ukrayna sərhəddini keçərək
Ukrayna ərazisinə daxil olub.