Mənəviyyatı unut və yaxşı yaşa!

Mənəviyyatı unut və yaxşı yaşa!
13:33 20 Sentyabr 2017
92 Digər
Ölkə mətbuatı
A- A+

Məsələn, bir adam yalan danışanda xoşum gəlir. Yalanı hırıldaya-hırıldaya deyəndə isə lap ləzzət eləyir. Çünki yalan danışmağa məcbur olduğunu bilirəm. Məcbur olmasaydı, gülərdi, hırıldamazdı.

Jurnalist fəaliyyəti ilə məşğul olandan bəri xeyli təcrübə qazanmışam, çoxlu ictimai-siyasi xadim tanımışam. Bu, yazıçı olmaq istəyən adam üçün çox vacib məsələdir. Müsahibə alanda, fikir vermişəm, adamlar uşaqlıq illəri haqqında yalansız danışırlar deyə, bu barədə suallarım onların xoşuna gəlir. Axı uşaq vaxtı hamı göylər kimi təmiz olur. Yaşa dolduqca o qədər çirkaba batırsan ki, özün də utanırsan.

Allaha şükür ki, çox yaşım yoxdur. Ümumiyyətlə, çox yaşamaq istəmirəm. Az yaşamaq da bir mədəniyyətdir. Həm də bu dünyadan əclaflıq eləməmiş getməyin kayfı başqadır. Cavanam, mənim nə səhvim ola bilər ki? Hələ vəzifəm-zadım da yoxdur. Uzaq başı içib kiminsə xətrinə dəymişəm. Sonra da peşman olub, üzr istəmişəm. Amma həyatda elə şeylər var ki, üzr istəməyə də üzün gəlmir. Hamısı da yaxşı yaşamaq üçündür. Adamlar yaxşı yaşamaq üçün pislik edirlər, yalan danışırlar, əclaflıq edirlər... Ən böyük əclaflıq isə yaxşı yaşamaq üçün başqasının haqqını yeməkdir.

Dünən tanınmış bir ictimai-siyasi xadimi ailəsi ilə birlikdə bulvarda gördüm. Bahalı restoranların birində oturub yeyib-içirdilər. Səksənə yaxın yaşı var. Qızlarının ikisi də yanında idi. Arvadı qızlarından seçilmirdi. Yaxşı yaşamaq yəqin ki, belə olur. Xadimin isə səksənə yaxın yaşı olsa da, hiss edirsən ki, beli-zadı yaxşıdır. Bircə üzü yaşlı görünürdü. Üzündə nələr vardı, nələr vardı, oxuyub qurtarmaq olmurdu. Adam neçə ildir yalan danışır, neçə ildir əclaflıq edir, neçə ildir yalandan sənəd imzalayır, ordan pul əmir, burdan pul qırpır... Hərdən hiss edirsən ki, hansı yuvanın quşu olduğunu özü də bilir. Bəlkə də hər adam bunu duya bilmir, amma mən o saat anlayıram. Amma nə olsun? Əsas odur ki, nənəm demişkən, pulu var, imkanı var, yaxşı dolanır.

Hərdən də fikirləşirəm ki, görəsən, mənim də əlimdə balaca bir vəzifə, sosial status olsaydı, o kişinin gününə düşərdimmi? Əmin deyiləm. Bəlkə bir insanın yaxşı dolanması üçün öz ictimai simasını itirməsini normal bir şey kimi qarşılamaq lazımdır. Bəlkə kəndimizdə qohum-əqrəba düz deyir, elə əsl kişi onlardır.

Ümumiyyətlə, həqiqi ziyalı ilə sürtülmüş ziyalının fərqini bilməyən bir cəmiyyətdə durub danışmaq ki, sima elə gəldi, sima belə getdi, bəlkə də boş-boş söhbətlərdir. Bəlkə mən xəstəyəm, başım çatmır? Dörd-beş il bundan qabaq balaca bir iş yeri üçün bir nəfər mənim adımı çəkmişdi. Etiraz elədilər ki, o oğlan dinc deyil. Gəlib burda səs-küy salacaq. Yəni o mənada ki, az-çox nəyəsə etiraz eləyə bilirəm. Hətta anam da məni danladı ki, niyə özünü pis tanıtmısan? Anam nə deyirsə, elə bilirəm düz deyir. Dəhşət narahat oldum. Gedib pivə şüşəsinə bir təpik vurdum ki, hər şeyi eləyən sənsən, qoymadın mənə də vəzifə versinlər. Yazıq pivə!

Getdikcə yaş artır, arvad-uşaq basır, qayğılar nəfəs almağa imkan vermir. Mən isə hər şeyi öz ağlımla ölçürəm. Bu ağılla cəmiyyət düzələn deyil ki... Bəlkə bura kimi nə olubsa, daha keçib, heç olmasa, bundan sonra çox yekəbaşlıq eləməyim, sakitcə, asta-asta gəzib dolanım, danışdığım sözü ağzımdan bişirib çıxarım, yazılarımı ciddi redaktə eləyim? Axı yaxşı yaşamaq mənim də haqqımdır. Elə deyilmi? Hərdən isə öz-özümə düşünürəm ki, doğrudan da, mənəviyyatı nəzərə almasan, yaxşı yaşamağa nə var ki? Əsl reklam sözüdür. Təsəvvür edin, metrolarda reklam lövhələrinə beləcə də yazılıb: “Mənəviyyatı unut və yaxşı yaşa!” Kənarda da bir topa adam dayanıb bu sözə əl çalır...


Xəbərin orijinal ünvanı: http://publika.az/projects/koshe/213998.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR