Sabah Dağlıq Qarabağda müharibə başlayacaq.
Publika.az xəbər verir ki, bu iddia ilə erməni siyasi
şərhçi Qalust Qriqoryan çıxış edib.
Q.Qriqoryan qələmə aldığı məqalədə Azərbaycanın əraziləri azad
etmək üçün son şərtərini irəli sürdüyünü yazıb.
“Hamımız BMT Baş Assambleyasının 72-ci sessiyasında İlham Əliyevin
çıxışını gördük. Azərbaycan prezidenti açıq şəkildə bəyan etdi ki,
“aprel müharibəsi”ndə olduğu kimi Ermənistanın istənilən addıma
qarşı Azərbaycan ordusu cavab verəcək. Bu, BMT-də, dünyanın ən ali
orqanı olan tribunada təkcə Ermənistana yox, bütün dünyaya
xəbərdarlıq idi. Təsadüfi deyildi ki, İlham Əliyev BMT-də çıxış
edərkən Azərbaycan ordusu hərbi atışlar həyata keçirirdi. Bu o
deməkdir ki, sabah müharibə başlayarsa, təəccüblənməməliyik”, -
deyə o bildirib.
Erməni şərhçi Serj Sarkisyan hakimiyyətini tənqid edib: “İlham
Əliyev dünyaya xəbərdarlıq edəndə Sarkisyan ağzına su alıb oturdu,
verməyə cavabı olmadımı? İlham Əliyev açıq şəkildə Sarkisyanın
soyqırımı törətdiyini söylədi. Bunu heç Ukrayna prezidenti Pyotr
Poroşenko belə BMT tribunasından Putinə deməyib. Amma İlham Əliyev
dedi, Sarkisyan isə susdu. Əfsuslar olsun ki, bizim hakimiyyətimiz
cavab verməyi belə bacarmır”.
Q.Qriqoryan Azərbaycan müdafiə naziri Zakir Həsənovun fikirlərinin
də Ermənistana son xəbərdarlıq olduğunu iddia edib.
Qeyd edək ki, Z.Həsənov Prezident İlham Əliyevin BMT-dəki çıxışını
şərh edərkən, “Ali Baş Komandanın Dağlıq Qarabağ münaqişəsi ilə
söylədiyi fikirlər Ordu üçün əmrdir” deyə bildirib.
Q.Qriqoryan Bakının artıq heç nədən çəkinmədiyini və ərazilərin
azad olunması üçün müharibə variantını açıq şəkildə dilə
gətirdiyini deyib. Onun fikrincə, bütün bunlar Ermənistana yaxşı
heç nə vəd etmir.
Qriqoryanın fikirləri Ermənistanda Prezident İlham Əliyevin
çıxışının yaratdığı rezonansı əyani şəkildə göstərir. Lakin onun
“sabah müharibə başlayacaq” deməklə, hücumun Azərbaycan tərəfindən
ediləcəyinə işarə etməsi təxribat əməlindən başqa bir şey deyil.
Doğrudur, rəsmi Bakı torpaqların azad olunması üçün istənilən vaxt
hərbi əməliyyata başlayacağını gözlətmir və beynəlxalq hüquq
Azərbaycana bu haqqı verir. Həmçinin, Ali Baş Komandan da BMT
tribunasından bunu qəti şəkildə vurğuladı. Amma burada ermənilərin
növbəti təxribata əl ata biləcəyi də istisna deyil. Ermənistanın
xunta rejimi təmas xəttində yeni təxribata əl ata, Ordumuzun cavab
atəşini isə “Azərbaycan bizə hücum edir” formasında təqdim edə
bilərlər. Klassik üslubdur. Sarkisyanın BMT-də verə bilmədiyi
cavabı cəbhədə təxribatla verməyə cəhd etməsi o qədər də təəccüblü
ola bilməz. Xüsusilə erməni hərbi birləşmələrinin mülki əhalini
hədəfə alması daim gündəmdə olan təhlükədir. Bu baxımdan,
Azərbaycan Ordusu ayıq olmalıdır.
Asif