Azərbaycan “ITU Telecom World 2017” beynəlxalq sərgi-konfransında təmsil olunur

Azərbaycan “ITU Telecom World 2017” beynəlxalq sərgi-konfransında təmsil olunur
17:35 25 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Cənubi Koreyanın Busan şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) illik ənənəvi "ITU Telecom World 2017" beynəlxalq sərgi-konfransı keçirilir.
 
Üzv ölkələrin müvafiq dövlət qurumlarının rəhbər şəxslərinin, sahibkarların, elm adamlarının, tənzimləyici orqanların nümayəndələrinin qatıldığı tədbir sahə üzrə ən yeni texnologiya və xidmətlərin, innovativ həllərin, startap layihələrinin təqdimatı və müzakirəsi baxımından əhəmiyyətli tədbir hesab olunur.
 
Konfrans-sərginin açılış mərasimində BTİ-nin baş katibi Houlin Jao, Cənubi Koreyanın elm və informasiya-kommunikasiya texnologiyaları naziri You Youn-Min, Busan şəhərinin meri Suh Byun-soo çıxış ediblər. Koreya Respublikasının Prezidenti Mun Ce İnin iştirakçılara video müraciəti nümayiş  etdirilib.
 
Azərbaycanın rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyətində nazirliyin qurumları, özəl İKT şirkətləri, startaplar təmsil olunurlar.
 
Sərgi-konfransın işində ümumilikdə 52 ölkənin nazir və nazir müavinləri iştirak edir.
 
"ITU Telecom World-2017" beynəlxalq sərgisində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan milli pavilyonu fəaliyyət göstərir. Ölkəmiz 2009-cu ildən etibarən davamlı olaraq "ITU Telecom World" sərgilərində milli pavilyon ilə təmsil olunur. Bu il Azərbaycan Avropadan və Regional Rabitə Birliyində təmsil olunan ölkələrdən sərgidə milli pavilyon ilə təmsil olunan yeganə ölkədir. 
 
Rəsmi açılış mərasimindən sonra BTİ-nin baş katibi Houlin Jao, Cənubi Koreyanın elm və informasiya-kommunikasiya texnologiyaları naziri You Youn-Min, Busan şəhərinin meri Suh Byun-soo, tədbirdə iştirak edın nümayəndə heyətlərinin başçıları VİP tur çərçivəsində ölkəmizə məxsus pavilyonla tanış olublar. Onlara ölkəmizdə İKT sektorunda həyata keçirilən layihələr, startaplar, mobil operatorların ən yeni xidmətləri, Yüksək Texnologiyalar Parkının fəaliyyəti, "Elektron hökumət" portalı və s. barədə məlumat verilib.
 
İKT sahəsində innovasiyaların sürətləndirilməsi üçün qlobal platforma rolunu oynayan "ITU Telecom World 2017" fəaliyyətini sentyabrın 28-dək davam etdirəcək.
 
Tədbir çərçivəsində İKT sahəsi üzrə müxtəlif forumlar, seminarlar, təqdimatlar təşkil ediləcək, sərgi hissəsində isə milli pavilyonlarda ölkələrin, şirkətlərin müxtəlif həlləri nümayiş etdiriləcək. Bundan əlavə, ölkə təmsilçilərimizin nazirlər toplantısında çıxışı, ikitərəfli görüşləri planlaşdırılır. Üç gün ərzində sərgini 20 min insanın ziyarət etməsi gözlənilir. 







Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-50262-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR