“Həyat yoldaşım çox kinlidir, hansısa hərəkət illərlə yadından çıxmır. Mənimsə küsülü olduğum adam yoxdur”.

Bu sözləri Publika.az-a “Üç nöqtə” layihəsi çərçivəsində yarımçıq qalan sualları tamamlayan müğənni Elnarə Xəlilova deyib.

- İndiki ağlım olsaydı...

- Özümü çox tənqid edən insanlardanam, yəqin ki, keçmişdə etdiyim bəzi səhvlərə yol verməzdim. Çoxları gözləyir ki, 10 il əvvəl necə geyinirdimsə, indi də elə geyinim. Habuki, indiki ağlım olsaydı, heç vaxt elə geyinməzdim.

- Zəmanət verə bilərəm ki...

- Əslində heç nəyə zəmanət verə bilmərəm.

- Dünyanı dəyişmək imkanım olsaydı...

- Hər yerdə sülhün bərqərar olmasını istəyərdim, amma bu, mümkün deyil.

- Kişilər o qadınlara xəyanət etmir ki...

- Özünə hörmət edən qadınlara. Ümumiyyətlə, özünə hörmət edən insan həmişə hörmətli olur.

- Seviləsi qadın olmağın ilkin şərti...

- İnsan özünə dəyər verməyi bacarmalıdır. Dəyər dedikdə çox şeyi nəzərdə tuturam. Məsələn, mən təbiətən sadə insanam, təvazökar olmağı sevirəm. Sadə olduğum qədər də sadəlövhəm, hamıya tez inanıram. Hərdən bu sadəliyim başıma bəla olur. Sonradan fikirlərşirəm ki, gərək özümü bir az yuxarıdan aparardım. Müşahidələrim göstərir ki, bizim cameədə kim ki, özünü yuxarıdan aparırsa, özünə dəyər verirsə, özünə hörmət edirsə, başqaları ondan çəkinir. Özünü sadə xalqın bir nümayəndəsi kimi aparanda isə dəyərsiz olur.

- Qadınlar yaşını ona görə gizlədir ki...

- Mən heç vaxt gizlətməmişəm. Qadındı da, bəlkə qocalmaq istəmir. İndi elə dövrdə yaşayırıq ki, sosial şəbəkələr vasitəsilə hamı hamının yaşını bilir.

- Qadına qarşı şiddət...

- Şiddətli şəkildə qınayıram. Şiddətin adı gələndə məni tər basır. Allahın yaratdığı heç bir canlıya, heç bir varlığa, heç bir quşa, balığa və digər heyvanlara, hətta həşarata, bitkiyə belə şiddət göstərmək olmaz. Həmçinin də qadına.

- Vicdanıma and olsun ki...

- Mən vicdansızlıq etmərəm.

- Təəssüf edirəm ki...

- Bu gün dünyada müsəlmanların qətl edilməsi, güclü dövlətlərin onlara təzyiqi məni çox narahat edir. Çox təəssüf edirəm ki, onalara gücüm yetmir. Bu hadisələri instaqramda pisləməkdən başqa əlimdən heç nə gəlmir. Kaş ki, məndə elə bir qüvvə olardı ki, müsəlman ölkələrindəki insanların həyatlarını xilas edərdim. Onlara nə cürsə kömək edərdim...

- Vanqa nənə ilə görüşsəydim...

- Ooo, maraqlıdır... Mümkün olsaydı, ona Qarabağ problemini həll etdirərdim.

- Küsülü olduğum insana demək istəyirəm ki…

- Kinli insan deyiləm, küsülü də qala bilmirəm. Məsələn, məni incidən insanı 5-6 aydan sonra görəndə onunla salamlaşıb görüşürəm. Yoldaşım da yadıma salır ki, “Ay qız, o görüşdüyün adam filan vaxtı sənə filan sözü deyən deyildi?”. Belə şeylər yadımda qalmır. Mənə baxanda yoldaşım çox kinlidır, hansısa hərəkət illərlə yadından çıxmır. Odur ki, küsülü olduğum adam yoxdur.

- Ən böyük səhvim o olub ki...

- “O olmasın, bu olsun” filmindəki Məşədi İbad demişkən “Mənim bir eybim var, o da eyibsizliyim” (gülürük). Heç kim ideal deyil, əlbəttə ki, mənim də səhvlərim var. Çalışıram ki, bir də həmin səhvləri eləməyim. Amma insanın səhv etməsi də təbii haldır.

- Tənhalıq insan üçün lənətdir, yoxsa...

- Mənim üçün lənətdir, tək qalmaqdan qorxuram. Ünsiyyətcil insanam, tənha qalsam, ürəyim partlayar.

- Kiminsə yalan danışdığını hiss edəndə...

- İnsanların qəlbini qırmağı sevmirəm, odur ki, adətən üzlərinə vurmuram, yola verirəm. Amma bir adam eyni şəkildə yalan danışırsa, məni əfəl yerinə qoyub bu hərəkətlərinə davam edirsə, səbir kasam dolar. Və həmin an o adamın üzünə hər şeyi deyə bilərəm.

- Allah insanları ona görə qeyri-bərabər yaradıb ki...

- Allah xeyir və şəri yaradaraq onlara seçmək hüququ verib. Allah insanlara sərbəstlik verib ki, öz həyatını istədiyi kimi yaşaya bilsin. İstəyirsən, yaxşı yolu seçib mələk ol, istəyirsən, pis yolla gedib şeytan ol. Odur ki, insanların qeyri-bərabər olmasının səbəbi budur.

- Bəşəriyyətin gələcəyi haqqında fikirləşəndə...

- Allahın yazdığı kitaba inanlardanam, tez-tez yuxuda qiyaməti görürəm. Fikirləşirəm ki, o gün gələndə mən nə edəcəm, nə cavab verəcəm... Yuxularımda görürəm ki, gah göydən alov yağır, gah hər yeri su basır, gah da zəlzələdir. Açıq şəkildə etiraf edirəm ki, qiyamətdən qorxuram, ona görə də yuxuma girir.

- Günahlarım yadıma düşəndə...

- Günahlarım da yadıma düşəndə qorxuram. Hərdən oturub günahlarımı sayıram. Allaha dua edirəm ki, məni bağışlasın. Allahla öz-özümə danışanda “Ay Allah qurban olum məni bağışla, gənc idim, bilməmişəm. Nə olar cavanlığıma bağışla” və s. bu kimi sözlər deyirəm. Tövbə edirəm ki, bir də həmin səhvi təkrarlamayacam. Səhv odur ki, onu bilməyərəkdən edirsən, günah isə bilərəkdən, qəsdən edilən əməldir. Hərəkətinin düz olmadığını bilə-bilə günah işləmək çox pisdir.

- Övladlarıma ən çox onu məsləhət görürəm ki…

- Ədalətli olsunlar, kiminsə haqqını yeməsinlər, daim Allahdan qorxsunlar.

- İlahi ədalətə inancımı o zaman itirdim ki…

- Heç vaxt itirməmişəm. Allah gec edir, amma güc edir. Allahın verə biləcəyi bəladan çox qorxuram. İstər Suriya, istər Myanma, istərsə də Fələstində müsəlmanların kütləvi şəkildə öldürülməsi xəbərlərini oxuyanda günlərlə özümə gələ bilmirəm. Onlar üçün hər gün dua edirəm. Körpələrin faciəvi şəkildə öldürülməsinə necə biganə qalasan, mən də anayam axı. Deyirəm ay Allah sənin nə qədər səbrin var, bir zəlzələ edib bu hadisəni törədənləri yerin yeddinci qatına gömə bilmirsən?! Bu məzlumların ahını eşitmirsən? Lakin başa düşürəm ki, müsəlmanları amasızcasına qətlə yetirənlər bu hadisələrin səbəbkarları gec-tez öz cəzalarını alacaq. İlahi ədalət ya bu dünyada, ya da o biri dünyada öz yerini tapacaq. Mən buna inanmasam, ürəyim partlaya bilər. Onların nə vaxtsa cəzalanacağını düşünməsəm, yaşaya bilmərəm.

- Yaxşı gündə, pis gündə...

- Əlbəttə ki, yaxşı gündə də, pis gündə də adamın yanında can dostu, can yoldaşı və digər ailə üzvləri olur. Çox istəyirəm ki, onlar hər zaman yanımda qalsınlar.

- Çox sağ olun. Biz sizə ancaq yaxşı günlər arzu edirik.

- Siz də sağ olun.

Aytən