Qanuni qadağanın müddəti bitir...

17:39 17 Oktyabr 2017
32 Digər
Ölkə mətbuatı
A- A+

 

Pərviz Heydərov

 

Ölkədə qeyri-neft sektorunun inkişafı və məhz bu sahədən ixrac potensialının getdikcə daha çox reallaşdırılması üçün həyata keçirilən tədbirlər planı davam etdirilir. Lakin bu arada Prezident İlham Əliyevin təşəbbüsü ilə 2015-ci ilin oktyabrında Milli Məclisdə (MM) “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”  qəbul edilən Qanunun fəaliyyət müddəti başa çatır. Qeyd olunan sənəd vergi istisna olmaqla, dövlət orqanlarının sahibkarlıq subyektlərində həyata keçirdiyi yoxlamaların 2 il müddətinə dayandırılmasını nəzərdə tuturdu.

Sual yaranır ki, bu qadağanın effekti oldumu ?!...

Dövlət başçısının MM qarşısında sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqda qanunvericilik təşəbbüsü ilə çıxış etməsi və 2015-ci il noyabrın 1-dən prosesin 2 il müddətinə saxlanılması fövqəladə hadisə idi. Bu, ölkədə sahibkarlıq fəaliyyəti üçün əlavə nəfəs verməklə yanaşı, sözügedən sahədə dövlət tərəfindən yeni bir stimul təsiri bağışladı...

Qeyd edim ki, dövlət başçısı tərəfindən Nazirlər Kabinetinin geniş tərkibdə keçirilən bütün iclaslarında sahibkarların fəaliyyətlərinə qanunsuz müdaxilələrin və yoxlamaların iqtisadiyyatın inkişafına mənfi təsir etdiyi dəfələrlə deyilmiş, hər dəfə bu barədə xəbərdarlıq edilmiş, hətta bu istiqamətdə müəyyən addımlar atılaraq da, tapşırıqlar da verilmişdi.

Ancaq aşkar görünürdü ki, problemi həll etmək mümkün deyil. Çünki məsələnin kökü dərində idi. Və inzibati yolla müvafiq qadağa qoyulmasa idi, heç nəyin xeyri olmayacaqdı. Ona görə ki, ölkədə bəzi sahibkarların özləri də müvafiq dövlət instansiyaları ilə "birgə fəaliyyətdə" maraqlı görünürdülər. Və digərləri də məhz, ona görə bunun güdazına gedirdilər.

Bundan əlavə, neft gəlirlərinin azalması ilə əlaqədar dövlət büdcəsinə daxilolmalar azalmışdı. Neftin qiyməti ilə bağlı gəlirlər 2 dəfədən çox enmişdir. Bu isə qeyri-neft sektorunun inkişafını iki qat artıq prioritet təşkil etməsinə zəmin yaratmışdır. Qeyri-neft sektorunun inkişafı isə kiçik və orta sahibkarlığın inkişaf etdirilməsindən asılıdır. Büdcə gəlirlərinin də əsasını bu sahədən gələn gəlirlər təşkil etməli olduğundan, kiçik və orta sahibkalar daha çox diqqət mərkəzində olmağı tələb edirdi.

Sahibkarlıq fəaliyyətinə rəsmi orqanların müdaxiləsi və qanunsuz yoxlamalar isə ən çox məhz orta və kiçik sahibkarlığın “belini qırır” və bu istiqamətdə inkişafın qarşısını alırdı. Belə ki, iri sahibkarlar necə deyərlər, pis və yaxşı "çullarını sudan çıxara" bilirdilər. Orta və kiçik sahibkarların isə tab gətirməyə gücləri çatmırdı.

Odur ki, Prezidentin müvafiq qanunvericilik təşəbbüsü də fikrimcə, ilk növbədə ötən 2 il ərzində ölkədə məhz kiçik və orta sahibkarlığın inkişafı və bunun genişlənməsi üçün stimul yaratdı.

Bu isə real şəraitdə olduqca vacib şərt idi.

Yuxarıda qeyd etdim ki, məsələnin kökü dərində idi....

Problem onda idi ki, bəzi hökumət qurumları sözügedən əməllərindən əl çəkmirdilər. Daha doğrusu, əl çəkə bilmirdilər. O səbəbdən ki, müşahidələrə əsasən, bu və ya digər sahibkarlar özləri də bunda maraqlı idilər və şəraiti həm də onlar özləri yaradırdılar.

Bunun başlıca təkanverici qüvvəsini isə vergilərdən yayınmaq istəyi təşkil edirdi.

İndi məsələ bundan ibarətdir ki, qeyd etdiyim kimi qanunvericiliklə irəli sürülən qadağanın vaxtı gələn ay bitir. Ötən müddət ərzində sözügedən tədbir nəticəsində itirən də çox olub, qazanan da... Odur ki, 2 il əvvəlki vəziyyətə qayıtmaq istəyən də var, istəməyən də...

Daha bir sual yaranır ki, mövcud qadağanı uzatmağa dəyərmi ?!

"Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatına əsasən, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanunun tətbiqindən əvvəlki 20 ay ərzində vergi yoxlamaları savayı, sahibkarlıq subyektlərində keçirilmiş yoxlamaların sayı 100 mindən çox imiş...

Son 2 ilə yaxın dövr ərzində isə bu, ikirəqəmli səviyyəyə enib...

Hesab edirəm ki, müddətin 2 il də uzadılmasına yenə ehtiyac vardır.

Düzdür, iqtisadiyyatı idarəetmədə inzibati metodlar o qədər də effektli deyil. Uzunmüddətli perespektivdə isə, heç yararlı deyil. Lakin əvəzində bir sistem olmalıdır və yaxud mexanizm fəaliyyət göstərməlidir ki, hər şey özü-özü tərəfindən tənzimlənsin.

Bu da ki, hələ yaranmayıb.

Yeri gəlmişkən, sahibkarlıq fəaliyyəti vətəndaşların sağlamlığı, millətin və dövlətin təhlükəsizliyi üçün heç bir ziyan gətirməməlidir. Eyni zamanda, hər bir sahibkar əldə etdiyi gəlirlərdən dövlət büdcəsinə vergi ödəməlidir. Başqa sözlə desəm, sahibkarlıq fəaliyyəti ilə məşğul olanın da vergi mədəniyyəti olmalıdır.

Sözügedən qadağan yalnız qanunsuz və lüzumsuz müdaxilələrin, yoxlamaların qarşısını kəsmək məqsədi daşıyırdı. Heç kim vergidən yayına bilməzdi. Müvafiq qanunvericilik təşəbbüsü də yalnız bu məqsədə xidmət edirdi.

2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il müddətinə dayandırılması da ölkədə məhz sağlam ruhda və təşəbbüsdə olan, gəlir gətirən fəaliyyətlə məşğul olanlar üçün əlverişli imkanlar yaratmaq və bilavasitə, bu sahədə maraqları inkişaf etdirmək məqsədi daşıyırdı.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/285879

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR