“Üç dövlət stabilliyi və mehriban qonşuluğu təmin edə bilib” - Aydın Mirzəzadə

Ötən gün Tehranda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin üçtərəfli Zirvə görüşü keçirilib.

Görüşdə bir sıra vacib məsələlər müzakirə olunub. Zirvə görüşündə qeyd edilib ki, Azərbaycan-İran-Rusiya üçtərəfli formatı regional sabitliyin, təhlükəsizliyin təmin edilməsi, bölgədə əməkdaşlıq mühitinin stimullaşdırılması, ölkələr arasında iqtisadi-ticari əlaqələrinin, enerji və nəqliyyat sahəsində mövcud olan əməkdaşlığın daha da inkişaf etdirilməsi və digər aktual məsələlərin həlli üçün mühüm əhəmiyyətə malik platformadır. Azərbaycan, İran və Rusiya arasında səmimi dostluq əlaqələri, qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq regionun aktual məsələlərinin həlli üçün böyük önəm daşıyır.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili Aydın Mirzəzadə bildirib ki, üç ölkə rəhbəri vaxtaşırı görüşərək təşəbbüskarı olduqları iqtisadi layihələri müzakirə edir, regionla bağlı beynəlxalq problemlərlə bağlı mövqelərini ortaya qoyurlar:

“Eyni zamanda mehriban qonşuluq münasibətinin yaranmasına çalışırlar. Göründüyü kimi, bu faktorların cəmi nəticədə stabillik yaratmaqdır. Bu, layihələrin işə düşməsidir, milyonlarla iş yerinin açılmasıdır, hər üç ölkənin dövlət büdcəsinə əlavə vəsaitlərin daxil olmasıdır. Bu gün üzərində işlənilən Şimal-Cənub nəqliyyat dəhlizi ətrafında onlarla bağlı sahədə inkişaf yaranmağa baaşlayıb. Qarşılıqlı etimad məsələsi hərbi gərginliyin azalmasına, qarşıdurmanın istisna edilməsinə və ölkələrə töhvə verəcək regional problemlərin müzakirəsinə daha çox diqqət yetirməkdir.

Nəzərə alaq ki, regionun ən ağrılı məsələsi Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsidir. Bu cür format Rusiyanın bu məsələyə daha ciddi diqqət etməsi, məsuliyyətinin artmasına səbəb olur. Eyni zamanda, İranın Ermənistanla yaxın dostluq münasibətlərinin problemin həllinin uzanmasına kömək etdiyi bir daha diqqətə çatdırılır.

Ümumən götürdükdə, nəticələr müsbətdir. Tərəflər ildə bir dəfə növbə ilə digər dövlətdə görüşmək barəsində razılığa gəlirlər. Bunun özü göstərir ki, üç dövlət Yer kürəsinin əhəmiyyətli bir hissəsində artıq stabilliyi və mehriban qonşuluğu təmin edə biliblər”.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı