Bir neçə uşaq bağçasında nöqsanlar aşkarlandı

Bir neçə uşaq bağçasında nöqsanlar aşkarlandı
16:49 6 Aprel 2015
53 Sosial
Ölkə mətbuatı
A- A+

Qazaxda bir neçə uşaq bağçası, körpələr evində standartın tələblərinin pozulması faktı aşkar olunub. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətindən Lent.az-a verilən məlumata görə, xidmətin Gəncə Ərazi İdarəsi tərəfindən Qazax rayonu Daş Salahlı kəndində yerləşən 1, 2, 3 və Azadlıq küçəsində yerləşən 6 nömrəli uşaq bağçası-körpələr evində yoxlama aparılıb.

 

Araşdırma zamanı bağçalarda AZS 747-2013 “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanmas”ı standartının tələblərinin kobud şəkildə pozulduğu müəyyən olunub. Belə ki, bağçaların mətbəx və məhsul anbarlarının vəziyyəti qeyri-qənaətbəxş olub. Mətbəxdə olan soyuducular temperatur göstəriciləri ilə tənzimlənmədən istismar olunur, istismar olunan məişət qabları köhnəlmiş vəziyyətdədir,  soba köhnə və paslanıb, odunlar uşaqların yataq otağında saxlanılır.

 

6 nömrəli bağçada otaqların qızdırılması  üçün dizel yanacağından istifadə olunur ki, bu da həm təhlükəlidir, həm də otaqların qızdırılmasına kifayət deyil. Habelə  mətbəx işçiləri uniforma ilə təmin olunmayıb və  işçilər tibbi müayinədən keçirilməyib.

Bağçalarda gündəlik menyu tərtib edilir. Amma standarta əsasən menyu hər bir müəssisədə qida maddələrinə olan fizioloji tələbat və qidalanma normaları əsasında hazırlanmış 10 günlük və ya 2 həftəlik tərtib olunmalıdır. Həmçinin bişirilmiş yeməklərin gündəlik nümunəsinin götürülməsi zamanı  normativ sənədin tələbinə riayət olunmur. Belə ki, gündəlik nümunə 100 qramdan az olmayaraq  yemək və qarnir nümunələri həcmində qapalı steril şüşə qablarda götürülməli və 48 saat müddətində xüsusi soyuducuda və ya soyuducuda ayrılmış xüsusi yerdə 2-6 C saxlanılmalıdır. Lakin nümunələr adi qablarda götürülərək soyuducuda xammallarla bir yerdə saxlanılır.

 

Aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün müəssisənin rəhbərinə  iradnamə və vaxt verilib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/198391

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR