XİN-lər arasında Anlaşma Memorandumu imzalandı

Xarici işlər naziri Elmar Məmmədyarov Efiopiyaya rəsmi səfəri çərçivəsində bu ölkədəki həmkarı Vorkene Qebeyehu ilə görüşüb.

Metbuat.az-ın məlumatına görə, görüş zamanı nazirlər “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Efiopiya Federativ Demokratik Respublikasının Xarici İşlər Nazirliyi arasında məsləhətləşmələrə dair Anlaşma Memorandumu”nu imzalayıblar.

Elmar Məmmədyarov Vorkene Qebeyehunu Azərbaycana rəsmi səfərə dəvət edib. Efiopiyalı nazir dəvəti məmnuniyyətlə qəbul edib. Nazirlər iki ölkə arasında münasibətlərin hazırkı vəziyyətinə və gündəlikdə duran məsələlərə nəzər salıblar. Eyni zamanda, ikitərəfli əməkdaşlığı inkişaf etdirmək üçün müqavilə-hüquq bazasının genişləndirilməsinin zəruriliyini vurğulayıblar.

Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi qeyd edilib və iki ölkənin beynəlxalq gündəlikdə duran məsələlərə münasibətdə oxşar mövqedən çıxış etdiyi bildirilib.

Tərəflər iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsinə nəzər salıblar. Ticarət əlaqələrinin təşviqi və biznes dairələri arasında birbaşa təmasların qurulması üçün Azərbaycan iş adamlarından ibarət nümayəndə heyətinin Efiopiyaya səfərinin təşkil olunması və birgə biznes-forumların keçirilməsinə dair razılığa gəlinib.

Elmar Məmmədyarov həmkarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar, Azərbaycanın beynəlxalq ictimaiyyət və ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birlikdə münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həlli istiqamətində atdığı addımlar barədə məlumat verib.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR