Həqiqətə susanların riyakarlığı və ya onlar niyə susur, sonra danışırlar?

Həqiqətə susanların riyakarlığı və ya onlar niyə susur, sonra danışırlar?
09:05 7 Aprel 2015
74 Digər
Ölkə mətbuatı
A- A+

"Onların nə zaman yalan danışdıqlarını bilmək istəyirsiniz? Onların dodaqları tərpəndimi - yalanlar başlanır" (Uisten Hyu Oden)
"Bizim siyasi sistemin inkişaf istiqaməti mənəvi baxımdan anlaşılmaz, hakimiyyətin maraqlarına görəsə çox sadədir: şəxsiyyətlər yoxdur, olanlar hakimiyyəti ələ almış dəstələrin və qrupların siyasi avantüralarını qeyd-şərtsiz həyata keçirməyə məcbur edilən vintlər, böyük mexanizmin çarxlarıdır. Bu vintlərin, çarxların heç nəyə, hətta şərəfli ölümə də ixtiyarları yoxdur".
 
Əhməd Salman Rüşdi "Qərb demokratiyası haqqında" essesində belə yazıb. İllər sonra edilən acı etirafdır.
1988-ci ildə dərc olunmuş "The Satanic Verses" ("Şeytan ayələri") romanına görə İranın mərhum dini lideri ayətulla Ruhulla Xomeyninin 1989-cu ilin fevralın 14-də ölüm fətvasına "layiq" bilinən yazıçı Bombeydə doğuldu, Qərbdə tanındı, Şərqdə milyonlarla insanın lənətinə düçar oldu.
Ruşdi Qərbə tapınsa da, Qərbin merkantilizmini, "Ağ insanın yükü" adlanan və Şərqə yuxarıdan aşağı baxmağa, Şərqi aşağılamaq adətinə hesablanmış dünyagörüşünü anlamır. Əslində anlayır və anladığına görə də bu düşüncəyə nifrət edir.


 
Fəqət, nifrət etdiyi insanlar arasında yaşayıb nifrət olunanları pisləməyə davam edir.
Bu, özünü "magik realizm ustası" adlandıran Ruşdinin, bəlkə də əsl Şeytan ayəsidir.
 
Salman Ruşdini xatırlamağımız əbəs deyil.
 
Bu şəxs Şərqdə doğulub, yaradıcılığı Şərq mifologiyası və etnik-fəlsəfi açarlarından qidalanır - amma Şərqin aşağılanması ilə məşğuldur.
Ruşdi əsrlər əvvəl Redyard Kiplinqin "Qərb Qərbdir, Şərq də Şərq - onlar birləşə bilməzlər" absurdunu inanc təki daşıyan adamlardandır və belələri Azərbaycanı son vaxtlar hədəfə almışların arasında boy göstərir. 
 

Bəli, məhz bu bina
Avropanın mərkəzində, Almaniyanın Frankfurt-Mayn şəhərində martın 18-i, səhər saatlarında hava qəzəb, gərginlik qoxuyurdu sanki. Hamı nəyisə gözləyirdi.
Və o "nəsə" baş verdi.
Avropa Mərkəzi Bankının (ESB) yeni mərkəzi ofisinin binasının təntəqəli açılış mərasimi qana boyandı. "Blockopy" hərəkatının çağırışı ilə şəhərə axışan minlərlə avropalı binaya hücum etməyə, tikilini ələ keçirməyə çalışmağa başladılar. Bir neçə polis avtomobili yandırıldı, polislər daşa basıldı. Binanın yaxınlığında avtomobil şinlərindən barrikadalar yığıldı.

Polislə aksiya iştirakçıları arasındakı toqquşmalarda 75 nəfər yaralandı, 350 nəfər saxlandı.
Halbuki təntənəli açılış mərasimi ərəfəsində bina az qala alınmaz qalaya dönmüşdü. ESB binasının ətrafında yasaq zona yaradılmış, küçələr tikanlı məftillərlə bağlanmışdı. Ofisin qorunması və iğtişaşların qarşısının alınması üçün Frankfurta Almaniyanın müxtəlif şəhərlərindən əlavə olaraq 9 min polis əməkdaşı gətirilmişdi.
 
Təntənəli açılış mərasimi təntənədən çox uzaq oldu. Çünki "mərasim"ə cəmi 20 nəfər qatılmışdı ki, onların arasında Frankfurtun ober-burqomistri və Hessen federal əyaləti hökumətinin mənsubları vardı.
 
10 min insanı küçələrə çıxaraq polislə toqquşmağa vadar edən məqam onların şiddəti idi.
Niyə də olmasın - Avropa Birliyi ölkələrində maaşların azaldığı, işsizliyin çoxaldığı bir zamanda ESB üçün 1,3 milyard avro dəyərində bina inşa olunmuşdu.
Rəqəmi bir daha təkrarlayaq - 1,3 milyard dollar.
Yəni Azərbaycanın 1-ci Avropa Oyunlarının keçirilməsi üçün reallaşdırdığı BÜTÜN infrastruktur, inşaat və rekonstruksiya layihələrinə sərf edilən maliyyə vəsaitinin həcmindən 2 dəfə artıq bir məbləğ.


 
On ildən bəri tikilən ESB binası Almaniya mediasında böyük qalmaqallara səbəb olmuş və pulların havaya sovrulması kimi dəyərləndirilmişdi.
Azərbaycanı - hakimiyyəti yox, ölkəni, bütün vətəndaşları - sürəkli tənqid edərək "üçüncü dünya ölkələrinin mənsubları" sayan, amma bunu insan haqları, vətəndaş cəmiyyəti, bəşəri dəyərlər və s. kimi sözlərlə pərdələyərək gerçək niyyətlərini gizlətməyə cəhd göstərən çoxsaylı təşkilatlar, qurumlar, fondlar, qruplar və siyasətçilər susdular.
 
Sanki Avropanın mərkəzində, Almaniyanın ən böyük və ən məşhur şəhərlərindən birində döyülən, təpiklənən, dəyənəklə başlarına vurulan insanlar avropalılar deyildilər.
Sanki onlar ümumiyyətlə, insan deyildilər.
 
"Transparency İnternational", "Freedom House", "Reporters Without Borders"dən tutmuş, "GreenPeace" təşkilatınadək Azərbaycanda küçədə yeriyəndə kiminsə büdrəyib yıxılmasını "hakimiyyətin vətəndaşa dözülməz təzyiqi" kimi qiymətləndirən və "Azərbaycan iqtidarının yürütdüyü siyasət nəticəsində o yol əyilib, həmin vətəndaş da dərdlərinin çoxluğundan fikirli olduğundan yıxılıb, günahkar rəsmi Bakıdır, ayıbdır, üstəlik, Avropa Oyunları da keçirmək istəyirlər, onların fikri nədir axı?! tipli bəyanatlar verən müxtəlif qurumlar ağızlarına sanki nüvə reaktorlarındakı ağır suyu alıb susdular.
 
Başqa cür ola da bilməzdi: çünki döyən Avropa polisi idi, Avropada döyürdü, avropalını vururdu. Həmin təşkilatların məntiqinə görə, Avropada polis avropalını dəyənəklə vuranda travma yetirmir, sadəcə, masaj edir və sonra da dəyənəyin dəydiyi yerlərdə qan dövranı sürətlənir, revmatizm əlamətləri çəkilir və döyüldüyü sanılan, əslindəsə polisin şəfqətlə rezin dəyənək vasitəsilə manual terapiya etdiyi adam sevincək duraraq gedir işinin dalınca.

Gərçi işi varsa. Yoxdursa, müvəqqəti işsizliyinin dadını çıxarır və Afrikanın mərkəzində ayaqlarına gənə yaraları düşmüş insanların videolarını YouTube-da izləyib kövrəlir, Malayziyada homoseksualistlərin nikahlarına icazə verilməməsini qətiyyət və hiddətlə pisləyir.
 
Yuxud da İraq, Yəmən və ya Suriyada "Allahu-əkbər!" yalvarışını xırıldayan adamın başını "Allahu əkbər!" deyib kəsən terrorçunu partlatmaq üçün təyyarənin yanacağına pulu vergi qismində təmin edir ki, sonradan o təyyarə "dəqiq" zərbələr nəticəsində yaramaz terrorçunun olduğu müsəlman şəhərinin bir neçə məhəlləsini yerlə yeksan etsin. Bu zaman yüzlərlə müsəlman ölsə də olar: əsas məsələ o terrorçunun zərərsizləşdirilməsidir.
Bir sözlə, sivil işlərlə məşğul olur avropalı və təşkilatlar da susurlar, çünki səfillərin ölümünün sivilin yaşamına heç bir dəxli yoxdur.
 
Nədir sizin dərdiniz?
 
Gerçəkdən də, siyasətdə əksər hallarda yaxşı, vicdanlı və namuslu insanlar gərəkli əməli etməyə qərar verməyə çətinlik çəkdiyi zaman pislər mütləq şəkildə vəziyyətdən yararlanırlar.
 
Azərbaycan son illərdə inkişaf edir, suverenlik və müstəqilliyini möhkəmlədir, güclənir, çağdaş dünyanın çox təhlükəli geosiyasi çağırışlarına sinə gərir və ən başlıcası, yaxın qonşularla yanaşı (Ermənistan istisna), uzaq tərəfdaşların nəzərində dəyərli ölkə, etibarlı tərəfdaş kimi tanınır.
Ölkəmiz gerçəkdən də, müstəqil, hansısa "böyük qardaş" və ya "geostrateji əmi"dən asılı olmayan siyasət yürüdərək taleyini özü həll edir.
Ölkəmizin mövqeləri gücləndikcə, tərəfdaş və müttəfiqlərimizin sayı artdıqca Bakının məruz qaldığı təzyiqlər də sərtləşir. Ağırlaşır, çoxalır bu təzyiqlər və artıq həyasız, heç nə ilə pərdələnməyən pressinqə çevrilir.


 
Səbəb? Müstəqil siyasətimizi "dikbaşlıq", hansısa "böyük güc"ün bayrağının kölgəsində olmamağımızı "özbaşınalıq" kimi dəyərləndirirlər.
Azərbaycana qarşı aparılan kampaniyanın kökündə də trivial qısqanclıq durur.
 
Axı Avropa ölkəsi olmağımıza rəğmən, Avropadakı bir sıra "demokratik qurumlar"ın hələ də Asiya dövləti saydıqları Azərbaycan əvvəlcə Eurovision-2012-ni keçirir, indi də 1-ci Avropa Oyunlarını. Özü də çox yüksək səviyyədə, heç bir nöqsan olmadan, qonaqların razı qaldığı bir şəraitdə.
Yaxşı təşkil olunmuş bu aqressiv qaralama və böhtan kampaniyası bir neçə mərkəzdən idarə olunmaqla yanaşı, Azərbaycanda keçiriləcək önəmli beynəlxalq tədbirlər ərəfəsində xüsusilə eybəcər formalar alır.
Məqsəd bəllidir: Azərbaycanı ləkələmək, ölkəni qaralamaq, bizi demokratiyadan çox uzaq, geridə qalan, azadlığın nə olduğunu bilməyən bir ölkə kimi qələmə vermək.
 
Azərbaycana sanki "soyuq müharibə" elan etmiş təşkilatlar, siyasətçilər, pilotoloqlar və kütləvi informasiya vasitələrinin cəhdlərinə rəğmən, Bakı tutduğu yoldan geri çəkilən, məqsədlərindən əl çəkən deyil.
 
1-ci Avropa Oyunları, sadəcə, bəhanədir
 
Məqsəd Azərbaycanı "ram etmək", müstəqil siyasət kursuna "zəruri düzəlişlər və dəyişikliklər" edilməsinə nail olmaqdır.
İkili standartlar, ağın qara, qaranın da ağ kimi qələmə verilməsi təki praktika davam edir.
 
Prezident İlham Əliyev də bunu aşkar deyib: "Sanki dünyada yeni bir dəyərlər sistemi formalaşır. Ədalət əvəzinə qeyri-ədalətli yanaşma, bərabərlik əvəzinə qeyri-bərabərlik, düzgünlük əvəzinə riyakarlıq, yalan. Biz buna qarşı mübarizə aparırıq. Bu gün dünyada beynəlxalq hüquq işləmir, beynəlxalq müqavilələr sadəcə olaraq kağız parçasıdır, heç bir dəyəri yoxdur. Beynəlxalq hüquq güclü dövlətlər üçün bir alətdir ki, güclü olmayan dövlətləri nəyə isə məcbur etsin. Bu onu göstərir ki, güclü olmaq lazımdır. Biz də bunu çoxdan başlamışıq: güclü ordu, güclü iqtisadiyyat, vətəndaş həmrəyliyi və düşünülmüş siyasət və sosial ədalət".


 
Dövlət başçısı daha sonra Azərbaycanı hədəfə alanlara yetərincə konkret mesaj ünvanlayıb: "Heç bir ölkə qarşısında öhdəlik götürməmişik və bu, mümkün deyil. Üzv olduğumuz beynəlxalq təşkilatlarda bütün öhdəliklərimizi yerinə yetiririk, onlara hörmətlə yanaşırıq. Əgər kimsə hesab edir ki, Azərbaycanı nəyə isə təhrik etmək, sövq etmək, məcbur etmək mümkündür, səhv edir və bu səhv siyasətindən əl çəkməlidir".
 
… Azərbaycanı hədəfə alaraq Bakını nələrəsə vadar etməyə, hansısa şərtlərin qəbuluna çalışırlar.
Cəhdlər göstərirlər, səylər edirlər və böhtan kampaniyasını gücləndirirlər.
 
Belə şəraitdə Azərbaycan siyasətini olduğu kimi davam etdirməklə, qarşısına qoyduğu məqsədlərə doğru inamla irəliləməklə Xeyir adı ilə Şər daşıyanların cavabını ən effektiv şəkildə verə bilər.
 
Müxtəlif səslər eşidilsə də, karvan keçir, cənablar.
 
Orxan Hun
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/332471.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR