ABŞ Cənubi Qafqazda: ilk addımlar

ABŞ Cənubi Qafqazda: ilk addımlar
12:12 8 Aprel 2015
29 Dünya
Ölkə mətbuatı
A- A+

XX əsrin əvvəlləri Qafqazın Birinci dünya müharibəsinin və Orta Şərqdə hərbi-siyasi hadisələrin gedişinə təsir göstərən ən mühüm geosiyasi mərkəzlərdən birinə çevrilməsi ilə əlamətdar olmuşdur. Təsadüfi deyildir ki, alman geosiyasətinin klassiki Karl Haushofer Bosfor, Cəbəlüttariq, Süveyş kanalı kimi "tarixə məlum döyüş zonaları", habelə o dövrün bir sıra digər münaqişəli zonaları ilə yanaşı, Qafqazı da dünyanın "qitələrin sərhədlərindəki döyüş zonaları" xəritəsinə daxil etmişdi.

Bu dövrdə Rusiyada 1917-ci ilin Fevral inqilabı ilə başlamış və Oktyabr bolşevizm çevrilişindən sonra bir vaxtlar nəhəng bir imperiyada güclü sosial-siyasi kataklizmlər mərkəzdən qaçan qüvvələri meydana gətirdi. Bu qüvvələr ətraf bölgələrin, o cümlədən Cənubi Qafqazın mərkəzdən "aralanması" prosesinə təkan verdi. Bu region Antanta və Üçlər İttifaqı ölkələrinin hərbi-siyasi rəqabət meydanına çevrildi.

25 dekabr 1917-ci ildə Parisdə bağlanan gizli ingilis-fransız konvensiyasına uyğun olaraq, Rusiya "əməliyyatlar zonası"na çevrildi ki, bununla da ingilislərin payına Don, Qafqaz və Türküstan düşdü.

1918-ci ilin ikinci yarısında ingilislər Cənubi Qafqaz, qismən də Xəzər dənizi üzərində nəzarəti ələ keçirə bildilər, lakin 1919-cu ilin yayında Britaniya qoşunları bu bölgəni tərk etmək məcburiyyətində qaldılar.

1919-cu ilin ortalarından başlayaraq, ABŞ Cənubi Qafqaza maraq göstərməyə başlayır. Özü də ABŞ-ın planlarında boğazları ələ keçirib Yaxın Şərqdə də möhkəmlənmək üçün Konstantinopol üzərində mandatı da əldə etmək planı vardı. Kinq-Kreynin və general Ceyms Harbordun buraya yayda göndərilmiş xüsusi missiyaları hesab edirdilər ki, yalnız ABŞ-ın mandatının Türkiyə və Cənubi Qafqaza da şamil edilməsi buraya iri hərbi kontingentin göndərilməsi ilə bağlı xərclərə bəraət qazandıra bilərdi (bu bölgəyə 70 min Amerika əsgərinin göndərilməsi nəzərdə tutulurdu).

1919-cu yayında Ermənistanın baş naziri ilə söhbətdə polkovnik Qaskel açıq bildirdi ki, indi Cənubi Qafqazın problemlərini ABŞ və onun hərbi qüvvələri həll edəcəkdir. Antantanın Ermənistanı idarə etməyə razılığını alan ABŞ daşnakları silahla təchiz etməyə, borc (28 mln. dollardan çox) verməyə, öz təlimçilərini göndərməyə başladılar. Amerikalılar tərəfindən Herbert Huverin başçılıq etdiyi ARA ("Amerika yardım administrasiyasi") adlı xüsusi bir qurum yaradıldı. Ermənistanda həmçinin yerli hakimiyyət orqanlarına nüfuz etmiş, ölkədəki siyasi və iqtisadi həyata nəzarət edən Amerika agenturası fəaliyyət göstəriridi.

1919-cu ilin sentyabr ayının sonunda prezident Vudro Vilsonun tapşırığı ilə Bakıya Fransada Amerika ordusunun qərargah rəisi general C.Harbordun başçılıq etdiyi Amerika missiyası gəlir. Harbord hesab edirdi ki, "Qafqazda güclü ələ ehtiyac duyulur".

1 noyabr 1919-cu ildə Paris sülh konfransında nümayəndə heyəti başçılarının şura iclasında Ermənistanda ali komissarın – amerikalı Haskelin səlahiyyətlərinin Azərbaycana və Gürcüstana şamil edilməsi barədə qərar qəbul olundu. Həmçinin Naxçıvanda polkovnik E.Delinin başçılığı ilə Amerika general-qubernatorluğunun yaradılması barədə layihə də irəli sürüldü.

Amerikalılar o dövrdə Cənubi Qafqazda tam həcmdə öz planlarını (İngiltərə və Fransa da bu planlara çox qısqanclıqla yanaşırdılar) reallaşdıra bilməsələr də, ABŞ 1920-ci ilin sonu – 1921-ci ilin əvvəllərində Qars vilayətində Türkiyəyə qarşı aktiv döyüş əməliyyatları aparan Ermənistana kifayət qədər böyük maliyyə yardımı və hərbi dəstək göstərirdi. Amma bu, o dövrdə onu siyasi və hərbi iflasdan qurtara bilmədi.

70 ildən çox bir müddət keçdi və SSRİ-nin dağılmasından və Cənubi Qafqazda müstəqil dövlətlərin yaranmasından sonra ABŞ-ın Cənubi Qafqazda geosiyasi maraqları keyfiyyətcə fərqli xarakter almaqla yenidən aktuallaşdı.

Newtimes.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/333370.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR