Azərbaycanı Şərqin lideri edən növbəti addım - TARİXİ UĞUR

Vitse-prezident sözü latın dilindən beynəlxalq hüquqa daxil olmuş termin kimi “vice” və “president” sözlərinin birləşməsindən yaranıb. Mənası prezidentin müavini, prezidenti əvəz edən, prezidentdən sonra ikinci adam deməkdir. İlk dəfə dövlətin idarə edilməsində bir idarəçilik forması kimi Amerika Birləşmiş Ştatlarında mövcud olub. Elə ilk yarandığı gündən bugünədək Birləşmiş Ştatlar tarixində vitse-prezident postuna seçilən şəxslərin hər biri bu ölkənin tarixində bir iz qoyub, hansısa məsələlərdə prezidentə ya birbaşa təsir göstərib, ya da hansısa qərarların verilməsində dolayı yolla rol oynayaraq önəmli şəxs kimi tarixə düşüblər.

Sonradan bir çox dünya ölkələri məhz ABŞ-ın bu sahədə mövcud olan uzunmüddətli, eyni zamanda, uğurlu təcrübəsindən bəhrələnərək özlərinin dövlət idarəçiliyi sistemində vitse-prezidentlik postunu formalaşdırıblar. Vitse-prezident prezident istefa verdikdə, sağlamlığı ilə əlaqədar öz səlahiyyətlərini icra etmək qabiliyyətindən tamamilə məhrum olduqda və ya qanunla nəzərdə tutulmuş qaydada vəzifəsindən kənarlaşdırıldıqda - impiçment edildikdə növbəti dövlət başçısı seçilənədək prezidentin səlahiyyətlərini tam şəkildə yerinə yetirir. Birləşmiş Ştatlarda, eləcə də digər ölkələrdə vitse-prezidentlərin ortaq xüsusiyyəti ondan ibarət olub ki, bu vəzifəyə təyin olunan şəxslər məhz prezidentlərin ən yaxın silahdaşları, etibar etdikləri və özlərindən sonra ən yüksək vəzifəni daşımağa daha çox layiq gördükləri şəxsiyyətlər olublar.

Ümumilikdə, vitse-prezidentlik idarəçilik sisteminin yaradılmasının əsas məqsədi birinci şəxsin hansısa formada idarəetmə funksiyasını itirməsi zamanı vacib qərarların verilməsini davam etdirmək, dövlətin varlığına qarşı baş verəcək təhlükələrə və ya təhdidlərə qarşı çevik reaksiya vermək və növbəti prezident seçilənədək keçid dövründə ölkəyə faktiki rəhbərliyi təmin etməkdir. Çünki dövlətdə davamlılıq əsasdır və arzuolunmaz bir hadisə zamanı əgər birinci şəxs idarəçiliyi həyata keçirə bilməzsə, dövlətin fəaliyyətində fasiləsizliyin təmin edilməsi dövlətçilik baxımından həyati əhəmiyyət daşıyır. Lakin bütün bunlara baxmayaraq, ölkəmizdə vitse-prezidentlik institunun təsis olunması yenə də bir sıra sualları da özü ilə birlikdə gətirdi. Çünki Azərbaycan konstitusiyasına əsasən baş nazir vəzifəsi mövcud idi və onsuz da birinci şəxs qanunla müəyyən olunmuş səbəblərdən vəzifə səlahiyyətlərini itirəndə baş nazir onu əvəz edirdi. Bəs, baş nazir vəzifəsi yenə də mövcud olmaqda davam edirsə, onda vitse-prezident vəzifəsinin təsis olunmasına hansı zərurət var idi? Cəmiyyətdə mövcud olan digər bir sual ondan ibarət oldu ki, əhəmiyyətindən bəhs etdiyimiz bu qədər mühüm və istənilən an ölkənin birinci şəxsini əvəz edə biləcək posta bir qadının, həm də məhz, Mehriban Əliyevanın təyin olunması nə dərəcədə məqsədə uyğun idi?

Yaranmış bu kimi suallara cavab olaraq qeyd etmək vacibdir ki, hüquqi cəhətdən vitse-prezidentlik idarəçilik üsulu dövlətin bu vəziyyətində çevik idarəetməni təmin etmək üçün bir sıra mühüm üstünlüklərə malikdir. Çünki vitse-prezident vəzifəsi elə bir mühüm əhəmiyyətə malikdir ki, bu məqamda həmin postda oturan şəxsin daha rahat, istənilən kənar təsirdən uzaq və çevik qərarlar vermək imkanları daha genişdir. Ona görə ki, ümumilikdə vitse-prezident postu məhz bilavasitə ölkə prezidentini konstitusiyada nəzərdə tutulmuş hallarda dərhal əvəz edə biləcək şəxsin təyin olunması üçün təsis olunmaqla yanaşı, bu vəzifədə olan şəxs elə birbaşa prezidenti əvəz edəcək xüsusiyyətlərə və bacarıqlara malik olduğu üçün bu posta təyin olunur. Bütün bunlarla yanaşı, ən mühüm məqamlardan biri də odur ki, bütün dövlət iyerarxiyasındakı vəzifəli şəxslərin də hamısı vitse-prezidentin dövlətin qeyd-şərtsiz ikinci şəxsi olduğu fikrində həmrəydilər. Lakin vitse-prezidentdən fərqli olaraq baş nazirin, qanunvericilik orqanı rəhbərinin və konstitusiyaya əsasən digər səlahiyyətli şəxslərin ölkə başçısının idarəetmə funksiyasını itirməsi halında onu əvəz etmələrinin mövcud olduğu hallarda həmin şəxslər prezidenti əvəz edəcək məqamın olub-olmamasından asılı olmayaraq təyin olunduqları vəzifədə fəaliyyət göstərirlər və prezidenti əvəz etmək onlara verilmiş əlavə səlahiyyət hesab olunur. Dünya təcrübəsinə nəzər yetirdikdə bu cür hallarda təsadüfən prezidenti əvəz etmiş baş nazirin, parlament sədrinin və digər vəzifəli şəxslərin bu müvəqqəti əvəzetmə zamanı sahib olduqları səlahiyyətlərdən istifadə edərək hakimiyyəti xalqın iradəsinə zidd olaraq ələ keçirdikləri faktlarının da az olmadığına şahid ola bilərik.

Bu məsələyə başqa rakursdan nəzər salanda isə görərik ki, baş nazir, parlament sədri və ya digər yüksək vəzifəli şəxslər fəaliyyət göstərdikləri postda müəyyən yüksək ranqlı kadr çevrəsi ilə çalışırlar və bu kadrların əksəriyyəti ölkədə kifayət qədər nüfuza malik olmaqla yanaşı, həm də dövlətdə baş verə biləcək mühüm hadisələrə təsir göstərmək iqtidarındadılar. Məhz buna görə də, birinci şəxs vəzifəsini hansısa formada icra edə bilməyəndə, onu əvəz edəcək baş nazir, parlament sədri və digərləri vitse-prezidentdən fərqli olaraq dövlət əhəmiyyətli qərarlar qəbul etdikləri zaman çox asanlıqla ətrafdakıların təsiri altına düşə bilmələri ehtimalı da böyükdür. Məhz bu ehtimalın özü də vitse-prezident vəzifəsinin təsis edilməsilə yanaşı, bu vəzifəyə kimlərinsə qarşısında öhdəliyi olmayan, digər şəxslərin təsir dairəsindən tamamilə uzaq və tam şəffaf keçmişi olan bir şəxsin təyin edilməsini labüd edir.

Məhz bu səbəblərdən dolayı, dövlətçiliyin davamlılığının təmin edilməsi üçün bir sıra dövlətlərin vitse-prezidentlik institutuna müraciət etməsi təsadüfi hal deyil. Hazırki dünya dövlətlərinin mövcud mənzərəsinə diqqət yetirsək, bu cür dövlətlərə misal olaraq Hindistanı, İranı, Cənubi Afrika Respublikasını, İsveçrəni, Bolqarıstanı, Latın Amerikasının əksər dövlətlərini göstərə bilərik.

Maraqlı statistikalardan biri kimi onu da qeyd etmək lazımdır ki, bu günə qədər ABŞ-da 50 şəxs vitse-prezident vəzifəsinə sahib olub və onlardan 13 vitse-prezident sonradan bu ölkənin prezidenti seçilməyə layiq görülüblər. Bunların arasından Tomas Cefferson, Teodor Ruzvelt, Harri Trumen, Riçard Nikson, Corc Buş (ata) kimi prezidentlərin adlarını çəkmək olar. Ancaq özünü demokratik dəyərlərin, əsas insan hüquq və azadlıqlarının beşiyi hesab edən, vitse-prezidentlik institutunun dünya tarixində ilk olaraq yarandığı Amerika Birləşmiş Ştatlarında, bu ölkənin mövcud olduğu iki əsr yarımlıq dövrü ərzində bu günə qədər fəaliyyət göstərən 50 vitse-prezidentdən heç biri qadın olmayıb. Bu faktı əslində bir çox dünya ölkələrindən və eyni zamanda, ABŞ-ın özündən olan mütəxəssislər də haqlı olaraq cinsi ayrı-seçkiliyin, gender bərabərsizliyinin təcəssümü hesab edirlər. Bundan başqa, onu da qeyd etmək lazımdır ki, bir sıra Qərb ölkələri, o cümlədən də ABŞ, rəsmi və qeyri-rəsmi müəssisələrə kişilərin daxil olduğu girişdən daxil olmağı, səs vermək hüququndan istifadə etməyi, dövlət vəzifələrində təmsil olunmağı və hətta avtomobil idarə etməyi belə qadınlara dövlət səviyyəsində qadağan edən Səudiyyə Ərəbistanını özlərinə ən yaxın müttəfiq hesab etməklə yanaşı, müxtəlif Şərq və islam dövlətlərini digər ayrı-seçkiliklərlə yanaşı, gender bərabərsizliyi siyasətini yürütməkdə, qadın hüquqlarını pozmaqda, qadınlara dövlət orqanlarında iştirak hüququ verməməkdə ittiham edirlər. Təbii ki, bu ikili standart mövqeyini əks etdirən münasibətlərlə bir dövlət və bir xalq olaraq artıq beynəlxalq arenada dəfələrlə rastlaşdığımızdan, buna təəccüblənməyi sadəlövhlük hesab edirik. Ancaq necə ki, Şərq tarixində ilk dəfə qadınlara seçki hüququnun verilməsi hadisəsi 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətində baş verib, bu gün də Azərbaycan əksər Şərq dövlətləri arasında vitse-prezidentlik idarəçilik sisteminə keçən və ən önəmlisi isə bu vəzifəyə bir qadının təyin olunduğu ilk ölkələrdən biridir. Daim dünyanın diqqət və nəzərində olan ölkəmizdə dövlət başçısı tərəfindən Mehriban Əliyevanın bu mühüm posta təyin olunması, təbii olaraq, təkcə ölkənin və regionun deyil, eyni zamanda dünyanın əksər kütləvi informasiya vasitələrinin müzakirə mövzusuna çevrildi. Dünya ölkələrində bu günə qədər baş vermiş anoloji hadisələrə olduğu kimi, buna da müxtəlif səviyyələrdə fərqli münasibətlər bildirildi.

Dünyanın əhalisinin sayı baxımından ikinci ən böyük dövləti hesab olunan Hindistanın ilk qadın baş naziri olan İndira Qandi, ölkəsinin müstəqil elan olunmasından 16 il sonra, yəni 1966-cı ildə hakimiyyətə gəldi və həmin dövrdə Hindistanda vəziyyət həddindən artıq gərgin idi. İndira Qandinin ölkənin baş naziri seçilməsini ölkənin əksər siyasətçiləri, hətta onun özünün mənsub olduğu partiyadan olanlar da çox böyük qısqanclıqla qarşıladılar. Onun həyatını yenicə müstəqilliyinə qovuşmuş Hindistanın yenidən Qərbin tabeçiliyinə keçməsinin tərəfdarı olanların sui-qəsd təhlükəsi də gözləyirdi. Bütün bunlara rəğmən, hətta həyatı bahasına olsa da, xanım baş nazir onun özü ilə yanaşı, dövlətini də gözləyən istənilən təhlükəni böyük cəsarətlə dəf edərək Hindistanı nüvə dövlətinə çevirməklə, onunla bağlı verilən mənfi proqnozların tam əsassız olduğunu sübuta yetirdi və eyni zamanda uzun müddət hakimiyyətdə qaldı.

1948-ci il may ayının 14-də İsrailin “Müstəqillik Bəyannaməsi”ni imzalayan iki qadından biri olan və 1969-cu ildə ölkəsinin ilk qadın Baş naziri olan Qolda Meyer bu vəzifəyə gələrkən bir çox Qərb dövlətləri, o cümlədən də əksər qonşu ölkələr bu hadisəni pisləyib, bunun İsrail dövlətinin gələcək taleyini sual altına qoyduğunu bildiriblər. Buna baxmayaraq, baş nazir Qolda Meyerin uğurlu siyasi fəaliyyəti bütün bu fikirlərin üstündən əbədi bir xətt çəkdi.

Böyük Britaniyada 1979-cu ildə keçirilən seçkilərdə mühafizəkarlar qələbə qazanaraq hakimiyyətə gəldilər. Bununla da dünya tarixinə dəmir iradəli ledi adı ilə düşən 54 yaşlı Marqaret Tetçer ölkənin baş naziri postunu tutdu və Böyük Britaniyanın ilk qadın baş naziri oldu. Həmin dövrdə iqtisadi və siyasi cəhətdən həm daxildə, həm də xaricdə böhran vəziyyətini yaşayan İngiltərə üçün bu seçimi böyük əksəriyyət uğursuz hesab etdi. Lakin dəmir ledi çox qısa zamanda özünün qətiyyəti, mətin iradəsi və çevik siyasi bacarığı ilə bu pessimist fikirləri alt-üst etdi. Məhz Marqaret Tetçerin güclü siyasəti, dəmir iradəsi sayəsində İngiltərə uzun illər boyu mövcud olan Folklend adaları ilə bağlı problemi kökündən həll etdi və bunun şəninə ona həm də Folklend fatehi ləqəbi verildi.

Təsadüfi deyil ki, qardaş ölkə Türkiyənin ilk qadın baş naziri olan Tansu Çillərə 1993-cü ildə bu post həvalə edildiyi zaman bəzi dövlətlər onun məhz qadın olduğunu düşünərək Tükiyəyə qarşı bir sıra propaqandalara və təxribat xarakterli addımların atılmasına cəhd etmişdilər. Belə ki, bu addımlardan biri kimi yunanların Egey dənizindəki Kardak adasına qoşun çıxararaq adanı ələ keçirmələrini qeyd etmək olar. Ancaq Türkiyə baş naziri 1996-cı ildə baş verən bu hadisə zamanı qısa və təsirli bir çıxış edərək “O əsgər adadan gedəcək, o bayraq ordan enəcək” - deyərək, hadisəyə nöqtəni qoymuşdu. Həmin gecə adaya çıxan Türkiyə əsgərləri adanın yunanların əlinə keçməsinin qarşısını almışdı. Bununla da Tansu Çillər bir türk-islam qadınının qətiyyətini, dövlətçilik istedadını ortaya qoyaraq əksini düşünənləri məyus etmişdi.

Mehriban Əliyevanın Azərbaycan dövləti üçün az öncə adlarını qeyd etdiyimiz İndira Priyadarşini Qandinin Hindistan dövləti üçün, Qolda Maboviç Meyerin İsrail dövləti üçün, Marqaret Hilda Tetçerin Böyük Britaniya üçün və Tansu Çillərin Türkiyə dövləti üçün yerinə yetirdikləri missiyanı həyata keçirtmək üçün qısa müddət bundan öncə ölkəmizin birinci vitse-prezidenti təyin olunana qədər, siyasi statusu və səlahiyyəti olmayıb. Bu səbəbdən də Mehriban Əliyevanın dövlətdəki mövqeyi və səlahiyyətləri buna imkan verməsə də o, Azərbaycanın gələcəyi üçün bütün enerjisini ortaya qoyub və birinci vitse-prezident təyin olunana qədər uzun bir uğur yolu keçib. Məhz yorulmaz fəaliyyəti nəticəsində Mehriban Əliyeva təkcə rəsmi protokol qaydalarına uyğun olaraq deyil, eləcə də xalqın qəlbində həqiqətən birinci xanım kimi özünə güvən və etimad qazanıb. Uzun illərin yorulmaz əməyi və ölkənin daha çox inkişaf etməsi üçün səlahiyyətləri çərçivəsində göstərdiyi qətiyyət Mehriban Əliyevanı addım-addım prezidentdən sonra ölkədə ikinci vəzifəli şəxs postuna gətirib çıxardı. Hazırki vəzifəsinin məsuliyyəti və əhəmiyyəti nə qədər böyük olsa da, Mehriban Əliyevanın bu yüksək postu xalqına və dövlətinə daha böyük xidmətlər göstərmək üçün seçdiyinə Azərbaycan xalqının demək olar ki, hər bir nümayəndəsi qətiyyətlə inanır. Çünki birinci xanımın təşəbbüsü ilə həyata keçirilən layihələrin, atılan addımların hansı keyfiyyətdə və kəmiyyətdə icra olunması Azərbaycan cəmiyyətində ən sıravi vətəndaşdan hakimiyyətin ən yuxarı dairələrinə qədər hər kəsə bəllidir. Elə məhz bu yüksək bacarıq və təcrübə sayəsində Azərbaycanın ilk birinci vitse-prezidenti, eləcə də ilk qadın vitse-prezidenti kimi Mehriban Əliyeva iki ilki bir arada yaşayan şəxs kimi öz adını artıq Azərbaycanın dövlətçilik tarixinə yazdırıb. Eyni zamanda, Mehriban Əliyeva özü ilə birlikdə Azərbaycan dövlətinin siyasi arenasına gətirdiyi çox istedadlı və bacarıqlı gənc kadr korpusu ilə artıq dövlət idarəçiliyi sahəsində bir sıra mühüm köklü dəyişikliklərin olunacağı mesajını cəmiyyətə çatdırıb. Onun I vitse-prezident kimi daha hansı işləri görəcəyini, hansı sahələrdə islahatlar keçirəcəyini, hansı addımlar və təşəbbüslərlə Azərbaycan dövlətinin tarixində qalacağını isə zaman göstərəcək. Birinci vitse-prezidentin fəaliyyətində qətiyyəti, gücü və enerjisi onun indiyədək qazandığı təcrübəyə, gördüyü işlərə ən yaxşı qiymət isə xalqın ona verdiyi dəyərə bağlı olacaq. Bu iki istiqamətdə də balans qorunduğu müddətcə yəqin ki, ölkəmiz üçün öhdəsindən gəlinməyəcək sosial və digər problem qalmayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı