Müəllimin saçını yolduğu deyilən məktəblinin bacısı: "Belə səs-küy olacağını bilməzdim"

22:24 9 Yanvar 2015
149 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən gün Bakıda Şəms Məmmədli adlı şəxs sosial şəbəkələrdə kiçik bacısı, 53 saylı orta məktəbində birinci sinif şagirdi Dəniz Məmmədlinin saçlarının müəlliməsi tərəfindən yolunaraq  qopardılması ilə bağlı xəbər və foto paylaşıb. 20 yaşlı Şəms Məmmədlinin xəbərdə adını çəkdiyi məktəbdə azyaşlıya fiziki təzyiq göstərdiyi iddia olunan ibtidai sinif müəllimi Zülfiyyə Hacıyeva görüşdük. Müəllim APA TV-yə bildirdi ki, Dəniz Məmmədli bir ay əvvəl səhhətində yaranmış problemlə bağlı dərsləri buraxıb: "Dəniz Məmmədlinin özü və valideyni ilə bizim hər hansı bir konfliktimiz olmayıb. Bu gün səhər uşaq dərsə gəldi, normal dərs keçmişik. Valideyni də boynuna alır ki, bir  aydır, bu uşağın başına bit düşüb. Bunu bizim məktəbin həkimi də təsdiqləyə bilər. Mən uşağın valideyninə xəbər verdim. Uşağın saçı ona görə tökülüb".

 

Məktəbin direktoru Firəngiz Həsənov isə deyir ki, rəhbərlik etdiyi təhsil müəssisəsi ilə bağlı yayılan xəbərlər valideynlər arasında ciddi narahatlıq yaradıb. Bu səbəbdən hadisənin ciddi şəkildə araşdırılması üçün artıq hüquq-mühafizə orqanlarına da məlumat verilib: "Biz istəyirik ki, həkimə rəsmi şəkildə sorğu verilsin, uşaq tibbi ekspertizada müayinə edilib rəy bildirilsin. Çünki həmin uşaq bir ay müddətinə dərsə gəlməyib və onun jurnalda qayıbları da var".

 

Baş verənlərdən xəbərsiz olan balaca Dəniz danışmaqda çətinlik çəkdiyindən onun yerinə sualları bacısı cavablandırdı: "Mən həm oxuyuram, həm də işləyirəm. Buna görə də evə gec saatlarda gəlirəm. Axşam belə görəndənə olduğunu soruşdum. Dedi ki, müəllim döyüb. Mən də hirsləndim, çəkib öz profilimdə paylaşdım. Belə səs-küy olacağını bilməzdim. Səhər məlum oldu ki, yalan danışıb".    

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən bildirilib ki, hazırda 53 saylı məktəbdə araşdırılma aparılır. Məktəbin direktoru, ibtidai sinif müəlliməsi Zülfiyyə Hacıyeva, müəllim heyəti, həmçinin şagird və onun valideynləri bununla bağlı dindirilir. Bundan başqa, məktəbə dermatoloq həkim də dəvət edilib. Bütün bunlar araşdırıldıqdan sonra ictimaiyyətə məlumat veriləcək.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR