İndi mənim 1 Bitkoinim var - Canım, Satoşi, Tülpan ətirlim...

Son vaxtlar dünyanı çalxalayan, təlatümlər qoparan, Trampın “Coca-cola”sını boğazında qurudan, Kim Çen Inın “Johnie Walker”ni “soyudan”, bizdə isə Damlanın, Rəqsanənin, Pərvinin, Üzeyirin (Mehdizadəni deyirəm) fonunda itib-batan Bitkoindən xəbəriniz varmı?

Yoxdursa, bu yazını sona qədər oxuyun.

Sonra papağınızı qabağınıza qoyub fikirləşin. Görün, dünya nə ilə əlləşir, biz nələr ilə...

Bu yazıda “Bitkoin nədir?”, “Tülpan böhranı nədir?”, “Bitkoinin oxşarlığı nədən ibarətdir?”, “Bitkoin almaq risklidirmi?” və s. bir çox suallara cavab tapmağa çalışacağıq.

Bitkoin nədir?

Öncə, ilk hecasına “bit” düşmüş Bitkoinin nə olduğunu öyrənək.

Bunu terminlərlə yazsam, çoxunuz yazını yarıda qoyub, çıxıb gedəcəksiz meşədən odun gətirməyə. Elə odun demişkən, 7 il meşədən odun gətirib satsanız da, bir Bitkoin qədər eləmir.

Bu elektron pul vahidini kimliyi bilinməyən Satoşi Nakamoto ləqəbli biri 2008-ci ildə yaradıb... Başqa bilinən bir şey yoxdur.

Çox qısa olaraq deyim ki, Bitkoin – rəqəmsal kriptovalyuta və eyniadlı elektron ödəniş şəbəkəsidir.

Yəni, elektron puldur. Heç bir bank mərkəzi olmayan, heç bir rəsmi qurumun cavabdeh olmadığı, gözəgörünməz pul vahididir. Hazırda bir Bitkoinin dəyəri 19.000 dollardan yüksəkdir.

Gəlin, bu Bitkoini burada qoyaq, gedək 1600-cü illərə. Düzü, biz oradan qayıdana qədər Bitkoinin qiymətinin 19 min dollarda qalacağına ümüd etmirəm. Çünki bu elektron pul vahidi durmadan fantastik dərəcədə bahalaşır.

Deyək ki, Bitkoin “dünənki uşaq”dır, amma Azərbaycan dilində olan internet saytlarının heç birində 400 illik tarixi olan və çox maraqlı bir haldır ki, yalnız Hollandiyanı bürüyən Tülpan böhranı haqqında məlumat tapa bilmədim. Xarici saytlardan damla-damla topladım, bu məlumatları tapan qədər lap qocaldım

(Arada “damla”, ”qoca” sözünü bilərəkdən işlədirəm ki, yazı maraqlı olsun)

Tülpan böhranı tülpan gülünün hədsiz qiymət qazanması ilə bağlı idi.

XVII əsrin əvvəllərində tülpan gülü Avropada nadir tapıldığı üçün elit təbəqənin nişanı kimi qəbul olunmağa başladı.

Müxtəlif sort Tülpanlar 1000 quldenə satılırdı. Bəs, 1000 qulden nə dərəcədə yüksək pul idi?

Örnək olaraq deyək ki, orta təbəqəli insanın illik orta gəliri 150 qulden təşkil edirdi və bu o deməkdir ki, 7 il işləməsi əvəzində həmin şəxs tülpan sahibi ola bilərdi.

Başqa bir müqayisə üçün qeyd etmək olar ki, 1 ton yağ 100 qulden, 10 yetişmiş donuz 300 quldenə satılırdı. Ümumillikdə, bu bizneslə məşğul olan şəxslər ayda 6000 qulden qazana bilirdilər.

Lakin 1637-ci ildə tülpan gülünün qiyməti 1000 dəfə ucuzlaşdı. Üzərindən bir az da keçdi, tamamilə yox oldu. Bu sahəyə pul qoyanlardan vaxtında satış edənlər qazansa da, bir çoxları müflis olub qəm çəkməyə başladılar.

Vəssalam...

İndi də qayıdaq Bitkoinə. 2013-cü ilin aprel ayının 28-də dəyəri 135 dollar olan Bitkoin hazırda 19 min dolların üzərindədir. İddialara görə, bir Bitkoin 100 min dollara qədər bahalaşa bilər. Amma heç bir vahid mərkəzdən idarə olunmayan, kiminsə məsuliyyət daşımadığı bir sistemin nə vaxtsa tülpan kimi dəyərdən düşəcəyini düşünməmək də olmur.

Hazırda Bitkoin hesabına varlanan xeyli sayda adamlar da var. Məsələn, Bitkoin 200 dollar olanda, 1000 dollara 5 Bitkoin alan adamın hazırda, 100 min dollara yaxın sərvəti var.

Nə yaxşı ki, Bitkoini dişləyib yemək olmur. Bunu boş yerə demədim:

“Tülpan böhranı dönəmində Bir dənizçi varlı tacirə məxsus olan tülpan soğanını bilmədən yeyir. Tacirin ailəsi həmin dənizçini məhkəməyə verir. Səbəb kimi də onu göstərirlər ki, bu dənizçi bizim tayfanın bir illik səhər yeməyini birnəfəsə udub. Hakim söhbətin tülpandan getdiyini bilincə, qərarını verir, dənizçi həbs olunur”.

Bu gün Bitkoindən başqa 1300-dən çox fərqli kriptovalyutalar var və bunların sayı hər gün artmaqda davam edir.

Bitkoinin əldə edilməsi prosesi “mayninq” adlanır. Ehtiyatı şəxsi kompüteriniz vasitəsilə də yarada bilərsiniz. Bunun üçün sadəcə ödənişsiz olaraq müştəri proqramını yükləmək lazımdır. Bitkoinlərin əldə edilməsi alqoritmi elə formada layihələndirilib ki, “qəpiklərin” ümumi miqdarı 21 milyon vahiddən artıq ola bilməz. Buradan belə bir nəticə alınır ki, Bitkoin ehtiyatları da qızıl kimi tükənəndir və bu da öz xüsusiyyətinə görə dövlətlərin milli valyutalarından fərqlənir. Çünki milli valyutalar istənilən miqdarda buraxıla bilər. Alqoritm daimi olaraq buraxılan Bitkoinlərin sayını azaldır. Ümumi mənada yeni Bitkoinlərin əldə edilməsi prosesi təxmini olaraq 2140-cı ildə baş tutacaq.

Son olaraq, mən sizə Bitkoin alın və ya almayın deyə bir tövsiyə edə bilmərəm. Ola bilər ki, bir gün kağız və ya kart hesabında olan pullar tamamilə ləğv olunub kriptovalyutalar ilə əvəzlənər.

Ya da tərsinə, tülpan gülü kimi bir gündə dəyərdən düşə bilər.

Öz payıma, təəssüf edirəm ki, indi "mənim bir Bitkoinim var" deyə bilmirəm.

Dadaloğlu demişkən, "Fərman padşahındır, dağlar bizimdir..."

Bahadur Seyidov / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı