"Sony" korporasiyasına məxsus səsyazma studiyası - "Sony/ATV Music Publishing" şirkəti "Facebook"la lisenziya sazişi imzaladığını açıqlayıb.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu saziş "Facebook" və "Instagram" istifadəçilərinin "Sony/ATV Music Publishing"in kataloquna aid musiqilərin olduğu videoları maneəsiz yükləməsinə və paylaşmasına imkan verəcək. Bundan sonra "Facebook" moderatorları istifadəçilərin çəkdiyi və müəlliflik hüququ "Sony/ATV Music Publishing"ə aid olan klipləri silmək zorunda qalmayacaqlar.
Razılaşmanın maliyyə şərtləri və müddəti açıqlanmır. Sony/ATV Music Publishing" anlaşmanın çoxillik olduğunu bildirməklə kifayətlənib.
"Sony/ATV Music Publishing" şirkətinin kataloqunda 3 milyondan çox kompozisiya var və bura Bob Dilan, Teylor Svift, Ed Şiran kimi məşhurların mahnıları da daxildir.
Ötən ilin dekabrında "Facebook Inc." digər səsyazma studiyası - "Universal Music Group" (UMG) ilə də analoji müqavilə bağlayıb. Bu studiya isə Rianna, Cey-Zi, Bryus Sprinqstin, Castin Buber kimi ifaçıların kompozisiyaları üzərində müəlliflik hüququna malikdir.
Milli.Az
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin