Dünyada fındıq istehsalı ilə bağlı yeni proqnozlar açıqlanıb. 2026/2027-ci mövsümündə qlobal fındıq istehsalının 1,4 milyon tonu ötəcəyi gözlənilir. Siyahıda Türkiyə liderliyini qoruyub, Azərbaycan isə ilk onluqda yer alıb.

Metbuat.az xəbər verir ki, Beynəlxalq Qoz-fındıq və Quru Meyvə Şurasının (INC) 2026/2027-ci mövsümü üzrə proqnozlarına əsasən, dünyada fındıq istehsalının 1 milyon 432 min tondan çox olacağı ehtimal edilir.

Ən böyük istehsalçı Türkiyə olacaq. Belə ki, qardaş ölkədə fındıq istehsalının 809 min 940 tona çatacağı proqnozlaşdırılır. Bu göstərici Türkiyənin dünya bazarındakı lider mövqeyini qoruduğunu göstərir.

Dünyanın ən çox fındıq istehsal edən 10 ölkəsi:

Türkiyə - 809 940 ton

ABŞ - 123 500 ton

Çili - 120 000 ton

Çin - 100 000 ton

İtaliya - 90 000 ton

Azərbaycan - 65 000 ton

Gürcüstan - 45 000 ton

İran - 22 600 ton

İspaniya - 10 530 ton

Fransa - 9 500 ton

Yeni proqnozlarda diqqət çəkən məqamlardan biri ABŞ-ın ikinci pilləyə yüksəlməsidir. Belə ki, 123 min 500 ton istehsal gözləntisi ilə ABŞ Çilini geridə qoyaraq dünya sıralamasında ikinci yeri tutub. Çilidə isə bu mövsüm 120 min ton fındıq istehsalı proqnozlaşdırılır.

Çin 100 min tonla dördüncü, İtaliya isə 90 min tonla beşinci yerdə qərarlaşıb.

Azərbaycan 2026/2027-ci mövsümündə 65 min ton fındıq istehsalı ilə dünya üzrə altıncı yerdə qərarlaşa bilər. Bu göstərici ölkəmizin qlobal fındıq bazarında mühüm istehsalçılardan biri olduğunu bir daha ortaya qoyur.

Qeyd edək ki, siyahıda Gürcüstan 45 min tonla yeddinci, İran 22 min 600 tonla səkkizinci yerdədir.