Ötən il ərzində üç dəfə Türkiyəyə səfər etdiyini deyən Prezident İlham Əliyev Türkiyə Respublikası Prezidentinin, Baş nazirinin, həmçinin müxtəlif nazir və millət vəkillərinin Azərbaycana səfərlərinin əhəmiyyətini qeyd etdi, ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin daim möhkəmləndiyini, Azərbaycan ilə Türkiyənin beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq və qarşılıqlı dəstək nümayiş etdirdiklərini vurğuladı.
Dövlətimizin başçısı Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkırın Bakıya budəfəki səfərinin də öz növbəsində uğurlu olacağına, parlamentlərarası əlaqələrin Azərbaycan-Türkiyə birliyini və əməkdaşlığını daha da möhkəmləndirəcəyinə əminliyini ifadə etdi. Prezident İlham Əliyev 2018-ci ilin ölkəmizin tarixində önəmli hadisələrlə zəngin bir il olacağına əminliyini bildirdi, Türkiyə ilə Azərbaycanın bu il də böyük layihələr həyata keçirəcəklərini dedi.
Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.
14:35
Bakı. 16 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkırın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

