Bu gün azərbaycanlı alim, ictimai-siyasi xadim, əməkdar elm xadimi, Ümumittifaq Torpaqşünaslıq Cəmiyyətinin üzvü, akademik Həsən Əliyevin anım günüdür.
Metbuat.az-ın məlumatına görə, Həsən Əlirza oğlu Əliyev 1907-ci il dekabr ayının 15-də Ermənistanın Sisyan rayonunun (keçmiş Zəngəzur qəzası) Çomərdlii kəndində anadan olub. 1917-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri qırğın nəticəsində bütün Zəngəzur mahalının əhalisi kimi Həsən Əliyevin ailəsi də Naxçıvan şəhərinə deportasiya edilib. Naxçıvana gəldikdən sonra 1917-1924-cü illərdə müxtəlif işlərdə işləyib. O, 1925-ci ildə kənd axşam məktəbinə daxil olub, 1930-cu ildə isə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunu bitirib.
Texnikumda təhsil aldığı müddətcə 1927-ci ildə Naxçıvan MR Torpaq Komissarlığının kənd təsərrüfatı zərərvericilərilə mübarizə şöbəsinin işçisi olmuşdur. 1929-cu ildə Naxçıvan Pambıq birliyində və Azpambıqbirliyinin Gəncə dairəsi üzrə təlimatçısı vəzifələrində çalışıb. O, 1930-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna (indiki AKTA) daxil olub və 1932-ci ildə oranı bitirib. İnstitutda oxumaqla yanaşı Gəncə şəhərindəki Qarayeri sovxozu məktəbində müəllim işləyib. 1932-ci ildə Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun aspiranturasına daxil olub və 1934-cü ildə oranı bitirib. 1934-cü ildə 27 yaşlı Azərbaycan Kənd Təsərrüfatı Pambıqçılıq İnstitutunun Ucar rayonu mərkəzində yerləşən Şirvan Zona-Təcrübə Stansiyasının direktoru vəzifəsinə təyin edilib.
İki il orada işlədikdən sonra keçmiş SSRİ Elmlər Akademiyası Azərbaycan filialının Torpaqşünaslıq bölməsinin elmi işçisi vəzifəsinə işə götürülüb və eyni zamanda həmin bölmənin elmi katibi vəzifəsini də icra edib (1935-1941-ci illər). 1935-cı ildə o, Ümumittifaq Torpaqşünaslıq Cəmiyyətinin üzvlüyünə qəbul edilib. Elmi-tədqiqat işi ilə yanaşı, ali məktəblərdə də dərs deməyə başlayıb. 1937-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakültəsində assistent vəzifəsində işləməsinə zəmin yaradıb. 1939-cu ildə keçmiş Ümumittifaq Coğrafiya Cəmiyyətinin üzvlüyünə daxil olub.
1941-ci ildə könüllü olaraq ordu sıralarına gedir. 1943-cü ildə Şimali Qafqazda alman faşist işğalçıları ilə qızğın vuruşda ağır yaralandıqdan sonra Bakıya qayıdıb. Uzun sürən müalicədən sonra yenidən keçmiş SSRİ EA Azərbaycan filialına işə daxil olur və həmin il (1943) Coğrafiya bölməsinə rəhbərlik etməyə başlayıb. Coğrafiya bölməsinin rəhbəri ola-ola namizədlik dissertasiya müdafiə edərək 1944-cü ildə kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi alıb. 1944-cü ildə Torpaqşünaslıq və Aqrokimya bölməsinə elmi işlər üzrə direktor müavini təyin edilib. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təşkil olunduqda, həmin bölmə instituta çevrildiyindən, 1949-cu ilə qədər həmin institutuda direktor müavini vəzifəsində işləyib. 1945-ci ildən yenidən APİ-nin (indiki ADPU) coğrafiya fakültəsinə baş müəllim vəzifəsinə dəvət edilmiş, həmin institutda 1949-cu ilə qədər işləyib. (1948-1949) ADPİ-da torpaq coğrafiyasından dərs deyib. 1946-1962-ci illərdə Ümumittifaq Torpaqşünaslıq Cəmiyyətinin Azərbaycan filialının sədri olub. 1949-1952-ci illər AMEA Botanika İnstitutunun direktoru vəzifəsində çalışarkən İnstitutunun inkişafında böyük işlər görüb.
Kənd təsərrüfatı elminin müxtəlif sahələrini hərtərəfli bilməsi və yüksək təşkilatçılıq qabiliyyətinə malik olması sayəsində 1952-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Nazirinin birinci müavini və həmin il Azərbaycan KP MK katibi vəzifələrinə irəli çəkilib. 1952-ci ildə Azərbaycanın keçmiş Mərkəzi Komitəsində baş verən struktur dəyişikliklərinə Azərbaycan EA-nın akademik-katibi vəzifəsini icra edib və həmin ildə də Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib. 1952-ci ildən sonra Azərbaycan EA-nın quruculuq işində, elmi istiqamətlərinin müəyyənləşdirilməsində, yeni elmi-tədqiqat institutları, bölmə və şöbələrinin təşkilində, kadr hazırlığında faydalı əmək sərf edib. SSRİ EA və müttəfiq respublikaların Elmlər akademiyaları arasında ilk dəfə olaraq 1955-ci ildə Azərbaycan EA Rəyasət Heyəti nəzdində Təbiəti Mühafizə Komissiyası təşkil edib. Bu komissiyaya da o özü başçılıq edib. Azərbaycan SSR Ali Sovetinin (10-11-ci çağırış) deputatı olub. Lenin ordenı, Oktyabr İnqilabı, Qırmızı Əmək Bayrağı, Qırmızı Ulduz, Vətən müharibəsi, Şərəf nişanı ordenləri, SSRİ Elmlər Akademiyasının N.İ. Vavilov adına Qızıl medalıilə təltif edilib. Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu Həsən Əliyevin adınadır.
Həsən Əliyev 2 fevral 1993-cü ildə, 85 yaşında Bakıda vəfat edib.