Həmsədrlər çağırış etdi

ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentləri ilə görüşlərindən sonra bəyanatla çıxış ediblər.

Bəyanatda qeyd olunub ki, həmsədrlər - Rusiyadan İqor Popov, ABŞ-dan Endrü Şofer və Fransadan Stefan Viskonti, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə birgə fevralın 7-də Azərbaycan Prezidenti İlham Əliyevlə, fevralın 9-da isə Ermənistan prezidenti Serj Sarkisyanla görüş keçiriblər.

Vurğulanıb ki, həmsədrlər Bakı və İrəvanda xarici işlər nazirləri ilə görüşlər keçirib, fevralın 9-11-də Dağlıq Qarabağa səfər edərək Zəngilan, Qubadlı, Ağdam, Laçın və Kəlbəcərdə müəyyən yerləri ziyarət ediblər.

Həmsədrlər tərəfləri Cenevrədə razılaşdırıldığı kimi gərginliyin azaldılması üçün əlavə addımlar atmağa, atəşkəs rejiminə əməl etməyə, təhrikedici bəyanatlar və təxribat xarakterli hərəkətlər etməməyə çağırıb.

Bəyanatda 2017-ci ilin oktyabr ayında Cenevrə sammitində, Vyana və Sankt-Peterburqda baş tutan görüşlərdə qoyulmuş bütün öhdəliklərin yerinə yetirilməsinin vacibliyi vurğulanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR