MHP sədri Dövlət Baxçalı Azərbaycanın 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik mesajı yayımlayıb.
Metbuat.az TRT Haber-ə istinadən xəbər verir ki, mesajında o qeyd edib:
“18 oktyabr 1991-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı ilə suverenliyini və azadlığını bütün dünyaya bir daha bəyan edən qardaş və dost ölkəmizin Müstəqilliyin Bərpası Günü mübarək olsun".
Azərbaycanın Müstəqilliyin Bərpası Gününün təkcə bir dövlətin yenidən doğuluşunu deyil, həm də əsarəti qəbul etməyən və ona boyun əyməyən xalqın qürurlu mövqeyini ifadə etdiyini bildirən Baxçalı, Azərbaycanın 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Qarabağ Zəfəri ilə milli müstəqilliyinə yeni məna və güc qazandırdığını vurğulayıb.
“Bir dəfə yüksələn bayraq bir daha enməz” ifadəsinin Azərbaycanın müstəqillik düşüncəsinin mahiyyətini əks etdirdiyini bildirən Baxçalı, “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” sözlərinin isə Türkiyənin dost və qardaş ölkəyə münasibətinin konkret ifadəsi olduğunu qeyd edib.
Baxçalı bu düşüncələrin tarixi yaşantıların, təcrübələrin və ortaq taleyin birliyinin əksi olduğunu vurğulayaraq bildirib:
“Böyük bir sivilizasiyanın beşiyində yerləşən Türkiyə və Azərbaycan ‘Bir millət, iki dövlət’ anlayışı ilə bütün çətinliklərə eyni düşüncə ilə sinə gərib və ortaq mövqe nümayiş etdirib. Eyni duyğu və düşüncələrlə bundan sonrakı gələcəklərinə də istiqamət verəcəkləri şübhəsizdir. Bundan geri dönüş olmayacaq. Azərbaycan və Türkiyə hansı məsələ olursa-olsun, bir-birindən ayrılmaz bütövdür. Biz eyni soydan olan bir ananın iki oğluyuq. Əzəldən əbədə dinimiz, dilimiz, sevgimiz, yolumuz birdir. Sevgimiz də, mübarizəmiz də birdir. Bu münasibətlə qardaş və dostlarımızın Müstəqilliyin Bərpası Gününü bir daha təbrik edir, hər birinə salam və məhəbbətimi çatdırıram”.