Bakı. 15 fevral. REPORT.AZ/ “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nda dəyişikliklər edilib.
“Report” xəbər verir ki, qərar Baş nazir Artur Rasi-zadə tərəfindən imzalanıb.
Dəyişikliyə görə, "ADA" Universiteti, Moskva Dövlət Universitetinin Bakı filialı və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının magistraturalarına qəbulda olduğu kimi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası magistraturasının tədrisi ingilis dilində olan “İdman jurnalistikası”, “Menecment (idman sahəsi üzrə)”, “İdman tibbi və reabilitasiya” ixtisaslaşmalarına da qəbul olmaq istəyən bakalavrlar qəbul imtahanının ikinci mərhələsi əvəzinə, həmin ali təhsil müəssisələrinin müəyyən etdiyi qəbul prosedurlarından keçməlidirlər.
Bundan əlavə, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə (jurnalistika ixtisası istisna olmaqla) ixtisas magistraturasının ixtisaslaşmalarını Mərkəz tərəfindən elan edilən müddətdə Mərkəzin rəsmi internet saytında qeydiyyatdan keçən, qabiliyyət imtahanında iştirak edən və həmin imtahandakı nəticəsi müəyyən edilmiş müsabiqə şərtlərinə uyğun olan bakalavrlar, jurnalistika üzrə magistratura ixtisaslaşmalarını isə Mərkəz tərəfindən elan edilən müddətdə Mərkəzin rəsmi internet saytında qeydiyyatdan keçən, qabiliyyət imtahanından “məqbul” qiymət alan, proqram seçimi zamanı jurnalistika üzrə proqramı seçən və ixtisas imtahanının nəticəsi müəyyən edilmiş müsabiqə şərtlərinə uyğun olan bakalavrlar seçə biləcəklər.