Qonşusunu söyüş üstündə bıçaqlamaqda təqsirli bilinən 1995-ci il təvəllüdlü Sərvan Rəşidovun cinayət işi üzrə məhkəmə davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.
Sarvan Rəşidov özünü təqsirli bilib.
Məhkəmədə sərbəst ifadə verən 23 yaşlı gənc qeyd edib ki, qonşusu Murad Xəlilovla mübahisə söyüş üstündə olub: "Evdə oturmuşdum. Bu vaxt tanımadığım şəxsin hasardan evimizə boylandığını gördüm. Evdən çıxaraq onun arxasınca qaçsam da, çata bilmədim. Məhəlləyə qayıtdım. Həyətdə iki nəfər məhəllə uşağı durmuşdu. Onlardan bizim evə kimin baxdığını soruşdum. Görmədiklərini dedilər. Bu zaman həmin adamın hər şeyini söydüm. Bu vaxtı Murad Xəlilov söyüş söyməyimə iradını bildirdi. Bu, mənə xoş gəlmədi. Sözümüz çəp gəldi. Bıçaqla Muradın qarnını zərbə endirdim".
Məhkəmə prosesində zərərçəkmiş şəxsin iştirak etmədiyi məlum olub. Zərərçəkmiş Murad Xəlilov təqsirləndirilən şəxslə barışması ilə bağlı məhkəməyə notariusda təsdiqlənmiş sənəd göndərib. O, Sərvan Rəşidova qarşı şikayət və tələbinin olmadığını bildirib, ona yüngül cəza verilməsini istəyib.
Qeyd edək ki, Sərvan Rəşidov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqdirli bilinir.