Prezident İlham Əliyev: "Bakıda tankerlər, yük gəmiləri istehsal olunacaq"

Prezident İlham Əliyev: "Bakıda tankerlər, yük gəmiləri  istehsal olunacaq"
04:49 11 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

“Ölkəmizə yeni təyyarələr gətirilir. MDB məkanında Azərbaycan birinci ölkədir ki, ən müasir “Boeing-787” Dreamliner təyyarəsi, iki sərnişin təyyarəsi gətirilib. Bundan əvvəlki dövrdə müasir təyyarələr alınıb. Yeni marşrutlar müəyyən edilir”.  Lent.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bu barədə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan prezidenti İlham Əliyev deyib.

 

Dövlət başçısı hava nəqliyyatının hər bir ölkə üçün önəmli olduğunu qeyd edib: “Azərbaycan bu sahədə həm yük, həm sərnişin daşımaları ilə artıq bir regional mərkəzə çevrilib. Biz bu rolumuzu daha da gücləndirməliyik. Bizim coğrafi vəziyyətimiz güclü nəqliyyat infrastrukturu ilə də təmin edilməlidir. Dəniz ticarət limanının tikintisi, Bakı-Tbilisi-Qars dəmir yolunun inşası bir-biri ilə sıx bağlı olan məsələlərdir. Biz bu dəhlizləri gücləndiririk. Şimal-Cənub, Şərq-Qərb dəhlizləri - onlar Azərbaycan üzərindən keçir. Azərbaycanda yaradılan və yaradılacaq nəqliyyat infrastrukturu həm ölkəmizə, həm də qonşulara xidmət göstərəcək”.

 

Prezident İlham Əliyevin sözlərinə görə, Xəzər Gəmiçiliyi ilə bağlı işlər görülür, islahatlar aparılır, yeni gəmilər alınır və ən önəmli hal ondan ibarətdir ki, Azərbaycanda gəmiqayırma zavodunda artıq gəmilər istehsal olunur: “Həm neft-qaz əməliyyatları üçün sifarişlər verilib, həm də hərbi məqsədlər üçün gəmilər tikiləcək. Eyni zamanda, bizim bütün digər gəmilər - tankerlər, yük gəmiləri Bakıda istehsal olunacaq. Bu da sənayeləşmə siyasətimizin bir nəticəsidir. Vaxtilə gəmiqayırma zavodunun tikintisi barədə qəbul olunmuş qərar artıq özünü doğrultdu. Çünki biz görürdük ki, gəmilərin - tankerlərin, yük, servis gəmilərinin hamısı xaricdən alınır. Ancaq bizdə daxildə tələbat var. Biz gərək öz donanmamızı yeniləşdirək. Eyni zamanda, böyük neft-qaz əməliyyatları aparılır və aparılacaq. “Şahdəniz”lə bağlı yeni gəmilərə ehtiyac var. Ona görə, qısa müddət ərzində gəmiqayırma zavodunun tikintisi çox önəmli addım idi”.

 

Dövlət başçısı bu zavodun bütün Xəzəryanı ölkələrə xidmət göstərə biləcəyini qeyd edib: “Mən Xəzər Sammitində öz həmkarlarımla söhbət əsnasında söyləmişdim ki, artıq belə zavod var və siz də bundan faydalana bilərsiniz, sifarişləri verə bilərsiniz. Ümumiyyətlə, biz Xəzər hövzəsində bu istiqamətdə daha da sıx əməkdaşlıq edə bilərik. Əgər, misal üçün, Bakıda belə müasir zavod varsa, inanmıram ki, başqa yerdə belə zavodun tikintisinə ehtiyac olsun. Yəni, burada da kooperasiya işləri düzgün aparılmalıdır. Azərbaycan da öz sözünü deyir”.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189982

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR