Sərkisyanın qalaqurmaqlığı və yaxud Ermənistanda Rusiyanı narazı salan nədir?

Bu gün Ermənistan parlamentinin növbədənkənar sessiyasında hərbi xunta yeni struktur dəyişiklikləri etdi. Burada ən çox diqqət çəkən baş nazirin birinci müavini vəzifəsinin təsis olunmasıdır. Belə görünür ki, bu antikonstitusyon vəzifə (Ermənistan Konstitusiyasında belə bir post yoxdur) indiki baş nazir Karen Karapetyan üçün nəzərdə tutulur. Serj Sarkisyan isə onun yerində əyləşməyi planlaşdırır.

Bununla bağlı millət vəkili Sahib Alıyev status yazıb:

"Beləliklə, nə aydın olur? O aydın olur ki, Serj Sərkisyan Ermənistanın iqtisadiyyatına rəhbərliyi yenə Karapetyana tapşıracaq. Bununla da guya bir gülləylə iki dovşan vurur. Birincisi, Ermənistan iqtisadiyyatının iflic vəziyyətində olmasına görə cavabdeh indən sonra da o yox, başqası sayılacaq. İkincisi Karen Karapetyanı oraya baş nazir kimi göndərənlərin könlü alınmış olur ki, baxın, indiyə kimi o hansı funksiyanı yerinə yetirirdisə, ində sonra da eyni funksiyanı yerinə yetirəcək. Özü isə indiyə kimi necə dövlət başçısı idisə, indən sonra da o cür qalacaq.

Bravo, əla! Yaxşı, bəs təzə “prezident” Armen Sərkisyan nə edəcək? Heç nə, uzun zaman səfir kimi və bəzi bilgilərə görə həm də başqa bir görəvdə çalışdığı Böyük Britaniyada kraliça nə edirsə, onu edəcək. Amma, təbii ki, Böyük Britaniyayla Ermənistan arasında fərq nə qədərdirsə, birincinin kraliçasıyla ikincinin yeni prezidentinin çəkisi və proseslərə təsiri də o qədər fərqlənəcək.
İndi gəlin görək şahmata böyük marağıyla tanınan və özünün də dediyinə görə siyasətdə atıdğı bir çox addımları məhz bu oyunun prinsiplərinə dayanaraq edən
Sərkisyanın bu qalaqurması alınacaqmı?
Onun o öz hakimiyyətini qoruyub saxlamaq üçün planlaşdırdığı parlamentli respublikaya keçid oyununu erməni xalqı həzm etmiş kimi görünür. Qərbdə də bu alqışlanır. Alqışlanmaya da bilməz. Çünki Ermənistandakı proseslərə təsiri elə güclü olmasa da, burada prezident kürsüsündə Böyük Britaniyanın vətəndaşı və həm də adamı, yəni agenti kimi dəyərləndirilən biri əyləşdirilir.
Düzdür, Armen Sərkisyan Böyük Britaniya vətəndaşlığından 6 ildir ki, çıxdığını deyir. Amma Serj Sərkisyanın da təcrübəsindən bilinir ki, böyük ölkənin vətəndaşlığından çıxmaq mümkündür, onun bəlli strukturlarıyla əməkdaşlıqdan isə çıxmaq olmur. Çıxanları nə gözlədiyi isə elə yenə də həmən Böyük Britaniyada törədilən iki zəhərlənmə faktından da aydınca görünür ki, onlardan da biri təzəcə baş verib.
Mətləbdən yayınmayaq. Bəli, Armen Sərkisyanın “prezident” qoyulması Qərbin ürəyindəndir. Ən azından ona görə ki, o, bayaq da vurğuladığımız kimi proseslərə elə də təsir imkanı olmasa da, Ermənistandakı ən informasiyalı adamlardan birinə çevirilir. Nəzərə alsaq ki, həmən Ermənistanda keçirilən parlament seçkisində də Qərbin maraqları nisbətən nəzərə alınaraq bir neçə Rusiya əleyhdarına deputat mandatı verildi, onda forpost üzərində yad təsirlərin son illər ərzində heç vaxt olmadığından daha artıq gücləndiyi meydana çıxır.
Bunu Moskvada görmürlərmi? Təbii ki, görürlər. Və mənə elə gəlir ki, KTMT-nin Birləşmiş Qərargah rəsisi general-polkovnik Anatoli Sidorovun Qarabağda savaş başlanacağı halda neytral qalacaqlarını vurğulaması da, Rusiya mediasında Xocalı soyqırımı və Sumqayıt təxribatı haqda tam obyektiv və yaxud da müəyyən dərəcədə obyektiv sayıla biləcək yazıların dərci də, hətta bu prosesə “Sumqayıtda baş verənləri azərbaycanlılar törətməmişdi” deyən erməni kökənli Sergey Kurqinyanın qoşulması da elə belə deyil.

Fevralın 25-də “Komsomolskaya Pravda” qəzetindəki “ Elan olunmuş qətlin xronikası”(“Хроника объявленного убийства”) məqaləsində, yenə ötən ayın 28-də “Nezavisimaya qazeta”dakı “Sumqayıtın dərsləri izsiz qalmamalıdır”( “Уроки Сумгаита не должны пройти бесследно”) yazısında sadalanan bir çox faktlar nə onu yazanlara, nə də dərcinə yaşıl işıq yandıranlara indiyə kimi sirr olmayıb.
Sumyayıt təxribatını araşdırmaq üçün ora göndərilmiş SSRİ Baş Prokurorluğunun mühüm işlər müstəntiqi Vladimir Kaliniçenkonun da bildirdiyi kimi, burada SSRİ DTK-nın əli olduğu hələ 30 il əvvəldən bilinirdi.
Bütüb bunlar və həmən Kaliniçenkonun SSRİ-ni erməni-Qorbaçov birliyinin dağıtdığını dilə gətirilməsi fikrimcə, qalaqurmaya gedən Serj Sərkisyana xəbərdarlıqdır. Xəbərdarlıqdır ki, onun Aram Sərkisyanı prezident, Karen Karapetyanı isə baş nazrin birinci müavini kürsüsündə əyləşdirmək planını Moskva Ermənistan üzərində təsirinin azaldılması yönündə atılan addım kimi qiymətləndirir və bunu həzm etməyəcək.
Son iki ildə qubernator dəyişiklikləri zamanı Rusiyanın nazirliklərində və yaxud da üzdə olan şirkətlərində çalışan bir sıra yüksək vəzifəlilər quberniyalara hansı sxem üzrə və məqqsədlə göndərilmişdisə, Karen Karapetyan da Qazpromdan Ermənistana o məqsədlə göndərilmişdi. O, 2018-ci ildə Serj Sərkisyanı əvəz etməli idi, indən sonra da onun rəhbərliyi altında çalışmalı deyildi.
Sərkisyan isə hələlik öz oynunu oynayır. Moskvanın bu istəyinə əməl etməməsi azıymış kimi qalaqurmaya gedir, Böyük Britaniyaya bağlı Armen Sərkisyanı “prezident” təyin etməklə hətta balans yaratmağa və gələcəyini sığortalamağa çalışır.
Amma şahmatçı gedişləri edən Serj Sərkisyan bilməlidir ki, onun bu qalaqurması heç də özü üçün yaxşı qurtarmayacaq. Ona görə yaxşı qurtarmayacaq ki, şahmat diliylə desək, nə şah elan olunada, nə də rəqib fiqurla nəzarət edilən xanaya qala qurulmur! Qurulmağa cəhd ediləndə nə baş verdiyini hər halda şahmatdan xəbərdar biri kimi o, yaxşı bilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR