İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin martın 28-nə Azərbaycana səfəri planlaşdırılır.
Metbuat.az-ın məlumatına görə, səfər zamanı İran prezidendi Bakıda bir sıra rəsmi görüşlər keçirəcək, onun eyni zamanda Naxçıvana səfəri və Neftçalada Maşınqayırma Zavodunun açılışında iştirakı gözlənir. Səfər zamanı bir sıra ikitərəfli sənədlərin imzalanması da nəzərdə tutulur.
İran prezidentinin səfəri ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili, politoloq Elman Nəsirovun sözlərinə görə, Həsən Ruhaninin Azərbaycana səfəri planlaşdırılan səfər idi: “Qeyd edim ki, iki ölkə arasında münasibətlər inkişaf tempinə malikdir. Xüsusilə də Azərbaycanın xarici siyasətində ikitərəfli münasibətlər formatı xüsusi yer tutur, bu, əsas formatdır. Eyni zamanda, bu konteksdə qonşularla münasibətlər bizim üçün prioritet məna və əhəmiyyət kəsb edir. Bizim işğalçı Ermənistan istisna olmaqla xüsusilə qonşu dövlətlərlə ikitərəfli münasibətlərimizin inkişaf etməsi nəticədə digər formatlar üçün, xüsusilə də üçtərəfli format üçün çox gözəl şərait yaradır. Azərbaycanın İranla münasibətlərinin inkişaf etməsi ona gətirib çıxarıb ki, artıq Azərbaycan, İran, hətta Rusiyanın iştirakı ilə yeni format da formalaşıb. Bu format isə konkret nəticələr verməkdədir”.
Millət vəkilinin sözlərinə görə, bu səfərin özəlliyi ondadır ki, İran prezidentinin təkcə Bakıya deyil, Naxçıvana və Neftçalaya da səfəri gözlənilir: “Bu onu göstərir ki, bizim əlaqələrimiz yeni məzmun kəsb edir. Yəni Azərbaycanın bölgələri ilə İranın bölgələri arasında əlaqələrin qurulması məsələsi bu gün əsas məsələlərdən birinə çevrilməkdədir. Bu səfər çərçivəsində heç şübhəsiz ki, ikitərəfli əlaqələrin geniş formatına dair məsələlər müzakirə ediləcək. İqtisadi əlaqələrin səviyyəsi, siyasi dialoq məsələləri gündəmdə saxlanılacaq. İnvestisiya qoyuluşu məsələsi ilə bağlı məqamlar da diqqət mərkəzində olacaq. Amma təbii ki, bu səfərdə daha böyük diqqətin məhz Şimal-Cənub layihəsinin reallaşması istiqamətində işlərin başa çatdırılması məsələsinə yönəldilməsini indidən söyləmək mümkündür. Bilirsiz ki, Azərbaycanda Şimal-Cənub layihəsi ilə bağlı işlər yekunlaşıb, artıq Astara çayı üzərindən körpü də tikilib. İndi isə Azərbaycan Astarası ilə İran Astarası arasında dəmir yolu xəttinin işə salınması və Astara-Rəşt dəmir yolu xəttinin istifadəyə verilməsi məsələləri gündəmdə dayanan əsas məsələlər sırasındadır”.
Elman Nəsirov bildirib ki, Azərbaycan-İran münasibətlərinə toxunarkən xüsusi qeyd etmək istəyirəm ki, bizim münasibətlərimiz strateji tərəfdaşlıq münasibətləri səviyyəsinə qalxıb: “Fundamental məsələ olan Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində İran rəhbəri dəfələrlə qeyd edib ki, münaqişənin Azərbaycanın bütövlüyü çərçivəsində həll olunmasını prioritet hesab edirlər. Bu bizim üçün vacib məqamdır. Bizim üçün önəmli məsələlərdən biri də Xəzərin statusu ilə bağlı konvensiyanın qəbul edilməsi məsələsidir. Çünki ikitərəfli münasibətlərimizin indiki səviyyəsi bu sahədə də mövcud çətinliklərin aradan qaldırılması üçün çox unikal imkanlar pəncərəsi açır. Beləliklə qənaətimiz ondan ibarətdir ki, İran prezidentinin Azərbaycana növbəti səfəri nəticə etibarilə Bakının beynəlxalq münasibətlərində yeni səhifənin açılması üçün münbit şəraiti təmin edə bilər”.
Günay Elşadqızı / METBUAT.AZ
“Ermənilərin başqalarını Azərbaycana qarşı qoyması bizdə qorxu mühiti yaratmır” – Zahid Oruc