İrandan Azərbaycana gizli yollarla narkotik vasitə keçirən şəxslər tutulub.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinə Sabunçu rayon sakini Çingiz Mansurovun İrandan Azərbaycana narkotik maddə keçirməsi barədə məlumat daxil olub. Həyata keçirlən əməliyyat nəticəsində həmin şəxs saxlanılıb və onun üzərindən və yaşadığı evdən şəxsi istehlak miqdarından artıq heroin aşkar olunaraq götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq Çingiz Mansurovla cinayət əlaqəsinə girərək narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən daha iki nəfər - paytaxt sakinləri Emin Tağıyev və əvvəllər məhkum olunmuş Azad Dadaşov da saxlanılıb. Azad Dadaşovun yaşadığı evə baxış zamanı yarım kiloqramadan çox heroin aşkar olunaraq götürülüb.
Araşdırma zamanı müəyyən olunub ki, dəstə üzvü olan Çingiz Mansurov bir müddət əvvəl şəxsi avtomobili ilə dövlət sərhədini keçərək İrana gedib. Çingiz Mansurov orada Cəmşid adlı şəxslə cinayət əlaqəsinə girərək 1 kiloqrama yaxın heroini satmaq məqsədi ilə Azərbaycana aparmaq barədə razılığa gəlib. Bu məqsədlə heroin Çingiz Mansurovun avtomobilinin arxa təkər sistemində gizlədilib və ölkəyə gətirilib. Narkotik maddənin satışını isə plana uyğun olaraq Emin Tağıyev və Azad Dadaşov tərəfindən təşkil olunmalı imiş.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Milli.Az