Bakıda bir ördəyin ölümünə görə iki qardaşı bıçaqlamaqda təqsirləndirilən Pərvin Məmmədovun cinayət işi üzrə məhkəmə davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə prokuror P.Məmmədovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Prosesdə elan edilib ki, zərərçəkmiş hər iki şəxs təqsirləndirilən Məmmədovla barışıblar. Məhkəməyə ərizə təqdim edərək şikayət və tələblərinin olmadığını bildiriblər.
Məhkəmə aprelin 4-də davam edəcək.
Qeyd edək ki, P.Məmmədov bacısının həyat yoldaşı 1976-cı il təvəllüdlü Sürət Əlixanovu və onun qardaşı Bəhram Əlixanovu bıçaqlayıb.
Qohumlar arasındakı dava Balaxanı qəsəbəsində baş verib.
Belə ki, həyətində ördək saxlayan Bəhram Əlixanov işdən qayıdarkən ördəklərdən birinin öldüyünü görüb. Buna görə də həyat yoldaşı ilə mübahisə edib. Hətta xanımına bir neçə sillə də vurub.
Bu məsələdən Pərvin Məmmədov xəbər tutub. Bacısının döyülməsi məsələsinə görə Pərvinlə Əlixanov qardaşları arasında mübahisə yaranıb. Daha sonra isə, mübahisə davaya çevrilib. Onlar əvvəlcə əlbəyaxa olublar. Məsələni “həll” etmək üçün isə görüş yeri təyin ediblər.
Evlərinin yaxınlığındakı məktəbin həyətində görüşməyi planlaşdıran qohumların son görüşü qanlı bitib. Belə ki, Pərvin Məmmədov qardaşların çağırdı görüş yerinə getməyib. Qəzəblənən Əlixanov qardaşları görüş üçün Pərvin Məmmədovun yaşadığı evə gediblər.
İttihamda yazılır ki, P.Məmmədov Əlixanov qardaşlarını əlində taxta parçası ilə qarşılayıb. Bu zaman Bəhram Əlixanov yerdən götürdüyü butulkanı Pərvin Məmmədova tərəf atıb. Başından xəsarət alan P.Məmmədovun əlindən taxta parçasını alıblar və əlbəyaxa dava başlayıb.
Bu zaman P.Məmmədov əlini bıçağa atıb və ilk Bəhram Əlixanovu vurub, daha sonra isə Sürət Əlixanova xəsarət yetirib.