Siyasi proseslər cəmiyyətin maraqla izlədiyi və yaşadığı olaylardan biridir. Cəmiyyət siyasətin mərkəzində olmaq, siyasəti isə həyatının mərkəzindən uzaqlaşdırmaq istəyir.
Normal istəklər və adekvat proseslərdir.
Bir şərtlə ki, özlərini demokrat adlandıranlar demokratiyanın təməl prinsiplərini müxtəlif rəngli baltalarla vurub qırmağa, sonra da sınmıq sütunların yerinə öz əyri məramları ilə maraqlarına dəstək olmağa çalışmayalar.
Nə yazıq ki, Azərbaycandakı müxalifət düşərgəsinin əyri aynasından boylanan simalar arasında saxtakarlıq etməyənlərin sayı həddən ziyadə azdır.
Çox olmasını, Azərbaycanda normal və güclü müxalifətin mövcduluğunu, ölkədə müxalif siyasi təşkilatların aksiyalarına və mitinqlərinə yüz minlərlə insanın qatılmasını da arzulayanlar var.
Bu da normaldır və əslində, belə də olmalıdır.
Amma belə müxalifətlə yox.

Maraqlarını mənafelərinə, mənafelərini də sahiblərinə qurban verən, satılası nə varsa, satan, alınası və əxz ediləsi heç nəyi qəbul etməyən, şüarlarına minib məntiqlərini çapanlar ayaqda qalmaq, siyasi baxımdan məhv olmamaq üçün ən müxtəlif yollar arayırlar.
AXCP, Milli Şura, Müsavat indi Albrext Dürerin məşhur tablosundakı Cəhənnəm süvarilərini xatırladırlar.
Onlar yeni ruhlar, yeni qəlblər, yeni canlar arayırlar.
Bu trio arasında rəhbəri Arif Hacılı siyasi marazm səviyyəli işlərlə məşğul olsa da, təşkilat olaraq hələ məhv olmamış Müsavat hələlik abrını qoruyur.
AXCP və Milli Şuraya gəldikdə isə, onlar radikal dindarlarla özləri arasında artıq heç bir fərq görmürlər. Daha doğrusu, görmək istəmədiklərini deyirlər.
Martın 26-da "Exo", "Ayna-Zerkalo" və "Birja" qəzetlərinin yerləşdiyi dördmərtəbəli binada bir araya gələn Milli Şura funksionerləri ilə radikal dinlarların "qazi"lərinin bu tələm-tələsik yığıncağının məqsədi bəlli idi.
Toplaşanlar vətəndaşlarda "Hakimiyyət bizə düşməndir!" stereotipinin yaranmasına, cəmiyyətdə toqquşmalar yaratmağa, etiraz aksiyalarında və mitinqlərdə mümkün qədər çox insanın həbsinə, xüsusilə də gənclərin saxlanmasına nail olmağa yönəlik addımlar planları hazırlayıblar. Ən başlıcası isə onlar cəmiyyətin inanclı kəsimini "Azərbaycandakı hakimiyyətə qarşı mübarizə cihaddır, hər müsəlman üçün müqəddəs dəyərlər uğrunda savaşdır" fikrinə inandırmaq üçün yollar müzakirə olunub.
Tədbirin qayəsinin, istəklərin məzmununun nə olduğunu anlamaq üçün ora yığışanlarını kimliyini bilmək yetər.
Məsələn, liberlizmlə "Şəriət dövləti" istəklərinin, demokratiya ilə "Vaveyla!" bağırmaq şakərinin simbiozuna nail olmağa çalışanlar arasında AXCP "ağsaqqalı" və həm də rejissor Eldəniz Quliyev, "siyasi məhbus" dəllalı Oqtay Gülalıyev, yarımçıq tamada İlham Hüseyn, radikal dini ekstremist Tale Bağırzadənin həyat yoldaşı Leyla Bağırzadə və "Müsəlman Birliyi Hərakatı" deyə adlandırılan dini-ekstremist təşkilatın digər nümayəndələrinin adlarını sadalamaq kifayətdir. Fərqli dünyagörüşlərinə, siyasi mənsubiyyətlərə, bir-birinə zidd həyat tərzlərinə malik bu insanları birləşdirən yeganə ortaq cəhət qisas duyğusu, bir də Azərbaycan hakimiyyətindən və xalqından qisas almaq istəyi idi.
AXCP sədri Əli Kərimli və Milli Şuranın "lider"i Cəmil Həsənlinin göstərişi ilə radikal dindarlarla sıx əlaqələrin yaradılması istiqamətində aparılan işlər, Müsavatın təsərrüfat işləri üzrə müdiri Arif Hacılının da baş verənlərə huşyar qalması, əslində, son 27 ildə siyasi varlığa nail olmağa çalışan müxalifətimiz üçün salavatdır.
ADP sədri Sərdar Cəlaloğlu da AXCP ilə Müsavatdan əlini üzüb.
Onun dedikləri maraqlıdır: "Mənə belə gəlir ki, bu seçkilərdən etibarən, bizim Müsavat və AXCP ilə yollarımız tam ayrıldı. Hər zaman Müsavat və AXCP ilə birlikdə, bir blokda olmağa, eyni istiqamətdə hərəkət etməyə çalışırdım. Ancaq bu seçkilər mənə aydın şəkildə göstərdi ki, o adamlar hər şeyi öz maraqlarına uyğun ölçürlər. Onlar seçkiyə gedəndə sən o partiyaları dəstəkləməlisən, sənə lazım olduqda isə heç bir dəstək vermirlər. Həmçinin, etdiklərinin əksinə addım atırsansa, bunu xəyanət kimi qiymətləndirirlər".
Gerçəkdən də, Azərbaycanın yeni, normal, beli və ağzı əyilməmiş müxalifətə ehtiyacı var.
Son 30 ildə özlərini ölkə müxalifətinin liderləri sayan AXCP ilə Müsavat, əslində, ölkədə qarşıdurma yaratmaq istəklərində boğulmaqdan başqa heç nəyə nail olmadılar. Onlar elə müxalifət düşərgəsindəki münasibətləri didişmələr və düşmənçilik, şəxsi maraqlar uğrunda ədavət səviyyəsinə sürüklədilər.
Siyasi etika və mədəniyyət çökdü, ortaya indi sosial şəbəkələrdə sözləriylə söyüş sulayan "siyasi mühacirlər" fəsiləsi çıxdı.
Səbəb həddən artıq sadədir. Hətta primitivdir. AXCP və Müsavat əgər Cəmil Həsənlini cəmiyyətə "müxalifət liderlərindən biri" kimi sırımağa çalışırlarsa, deməli, bu partiyalar çağdaş vəziyyəti anlamırlar, siyasi proseslərin nəbzini tuta bilmirlər, sivil və demokratik müxalifətçiliyi bacarmırlar.
Onları, sadəcə, qisas maraqlandırır.

Anlaşılandır, axı Əli Kərimlinin və dəstəsinin, habelə siyasi rəngləri sabitqədəm sayan Arif Hacılı və qeyri "fədai"lərin üzərlərinə götürdükləri öhdəliklər, verdikləri vədlər var.
Axı "ağa"lar sinirlənə bilərlər.
Onlar ölkəni Suriyanın, İraqın, Liviyanın gününə salmaq üçün götürdükləri öhdəliklərin müqabilində alacaqları qrant kanallarının bağlanmasının qisasını almaq istəyirlər. İslam dünyasında mütərəqqi və nümunəvi ölkə hesab edilən Azərbaycandan dini dözümlülüyün, dini sabitliyin, vəhdət namazlarının qisasını almaq istəyirlər. Ən nəhayət, Azərbaycan xalqından onlara etimad göstərməyib, 25 ildir müxalifətdə saxlamasının qisasını almaq istəyirlər.
Məhz bunlara görə də böyük ehtimalla Milli Şuranın növbəti mitinqlərinda radikal dindarlar ön sıralarda bitəcəklər. Əminliklə deyə bilərik ki, Milli Şura və radikal dindarların istər ayrı-ayrılıqda, istərsə də birgə fəaliyyəti öz məqsədinə çatmayacaq.
Qərbin dəstəyinə bel bağlayan Əli Kərimli, Cəmil Həsənli və onların yanında kölgənən radikal dindarların "mücahid"lərinin ümidlərinə gəldikdə isə, əfsuslar olsun ki, onları pərişan etməliyəm.
Centlmenlər - hərgah bu xitab ünvan baxımından yerinə düşürsə - sakitləşin, dərindən nəfəs alın və bilin: Qərbə indi illüzor "rəngli inqilab"lar, mifik "demokratiya məşrutəsi" yox, stabillik gərəkdir.
Avropanın eyninə də deyil ki, Əli Kərimli bu gün nə dedi, nə istədi və ya Cəmil Həsənli boğazını arıtlayıb okeanın o tayındakı Sevinc Osmanqızıya ağlamsınaraq nədən şikayətləndi.
Tarixi, siyasi, geosiyasi mənafelərdən tutmuş, mədəni, kulturloji, sosial və qeyri məqamlaradək olan amilləri nəzərə alan Qərb indi Avropanın siyasi liberalizminin nə olduğunu anlamış ölkələri dilə tutmağa çalışır.
Rusiyanın indiki "Yeni Bizans" siyasəti, İranın teokratiyası, Ermənistanın işğalçı siyasəti kimi geosiyasi çağırışlara sinə gərən, siyasətində və cəmiyyətində tolerantlığı, Avropa dəyərlərinə sayğını, Şərq ənənələrinə yaşam tərzi hörmətini, bütün səmavi dinlərə açıq qəlbini qoruyan Azərbaycanda stabillik Avropa üçün ən önəmli məsələdir.
İran prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfərinə iki gün qalmış, Milli Şura ilə radikal dindarların tələm-tələsik bir araya gələrək vahid koordinasiya mərkəzi yaratdıqlarını elan etməsi bir daha bu qüvvələrin Azərbaycan üçün nə qədər yad olduğunu və düşmən münasibəti bəslədiyini göstərir.
Elə bilirsiniz Avropa Birliyi bunu anlamayacaq qədər sadəlövhdür və ya radikal dindarlarla qardaşlaşan Əli Kərimli ilə Cəmil Həsənlini gerçəkdən də, demokrat sayır?!
AXCP sədri Əli Kərimli ilə onun yaşda böyük, siyasətdə kiçik şəriki Cəmil Həsənli iki il əvvəl Tale Bağırzadə ilə anlaşmaya gedəndə, sinxron fəaliyyətə nail olmağın yollarını müzakirə edəndə anlamırdılar ki, Azərbaycan hakimiyyətinə qarşı beynəlxalq təzyiq kampaniyasına nail olmaq cəhdləri nə qədər çirkin təsir bağışlayır?!
Sosial bazadan çoxdan məhrum olan, xalqın dəstəyini itirən AXCP və "Milli Şura" dərnəklərindəki trollar indi radikal dindarlarla sosial şəbəkələrdə əlbir olaraq nifrin, qarğış, hədə kampaniyası aparırlar. Biabırçılıq o həddə çatıb ki, onlar Qarabağ qazilərini belə, aşağılamaqdan çəkinmirlər.
Azərbaycan neoliberallığı inkar etməyib, Qərb modelini də siyasi fəlsəfə və ən başlıcası, hakimiyyət fəlsəfəsi qismində qəbul edib.
Bu isə AXCP və Milli Şuranın radikal dindarlarla əlbir olmalarının yarada biləcəyi liberal nasizmi birmənalı olaraq kökündəcə məhvə məhkum edir.

Əli Kərimli isə, deyəsən, könüllü şəkildə hansı tələyə düşdüyünü, dövlətin dayaqlarına yönəlmiş siyasi və sistem xaosu arzulayanların istəklərini anlamamış kimi davranaraq siyasi tamahının qurbanına döndüyünü etiraf etmək istəmir.
Əslində, təəccüblənməməliyik. Əli Kərimli özünü göstərmək istədiyi kimi radikal və ya prinsipial deyil. O, məfkurəyə tüpürmək belə istəmir.
AXCP sədri öz maraqlarına çatmaq üçün hətta ən qəvi düşməni ilə də müttəfiq ola bilər.
1992-ci il, ölkə parlamentinin məşhur fevral iclası. Ayaz Müttəllibov hakimiyyətinin devrilməsi ilə bağlı qərar müzakirə olunur. Əbülfəz Elçibəy tərəfdarlarına "tələsməməyi" məsləhət görən və səsvermədə bitərəf qalanlar arasında Əli Kərimli də vardı.
Amma sonra parlament binasına hücum çəkənlərin ön sırasında duran saqqallılar arasıda Arif, Leyla və Ramiz Yunuslarla bahəm, Əli Kərimli də vardı.
Bir müddət sonra isə Əli Kərimli özünün və xanımının Prezident Aparatında şöbə müdirləri təyinatına nail oldu.

Və sonra ölkəni nepotizmlə feodalizmin eybəcər qarışığını gerçəkləşdirmiş diletantlar hakimiyyətinin rəhbəri Əbülfəz Elçibəy faktiki olaraq "toy generalı"na çevriləndə, real hakimiyyət İsa Qəmbərlə Pənah Hüseynin əllərinə keçəndə ambisioz Əli Kərimli dövlət katibi olmuşdu.
Elçibəy Bakını, xalqı, hakimiyyəti, ordunu, parlamenti, partiyasını, tərəfdarlarını qoyub Kələkiyə yollananda Əli Kərimli süst davranmadı.
O, AXCP-də faktiki rəhbərliyi ələ keçirdi.
Qüdrət Həsənquliyev, Fazil Qəzənfəroğlu, Asim Mollazadə, Qulamhüseyn Əlibəyli, İbrahim Məmmədov, Razi Nurullayev - onlar Əli Kərimlinin köməkçiləri, tərəfdaşları idilər.
Hamısı iyrəndilər, AXCP-ni tərk etdilər.
Və 1994-cü ildə hakimiyyət mənsubları ilə kuluar sövdələşmələri aparan, indisə radikal dindarlarla sövdələşən, AXCP-də "Yurd" qurub partiyanı yurdsuz, sərgədan siyasi təşkilata çevirən, "Əbülfəz Elçibəy SPİD-ə yoluxub" şayiəsinin yayılmasında birbaşa "zəhmət"i olan Əli Kərimli indi siyasi mübarizədə mənəviyyat kriterilərindən danışanda nə qədər gülünc təsir bağışladığının fərqindədirmi?..
Elçin Alıoğlu
Milli.Az