“İşğal olunan ərazilər hər an Azərbaycan tərəfindən azad oluna bilər” – Fazil Mustafa

“Erməni cəmiyyətində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının rolunu çox vaxt yanlış anlayırlar”.

Metbuat.az xəbər verir ki, bu barədə mətbuat konfransında Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Harutyunyan bəyan edib. O xatırladıb ki, KTMT Qarabağ münaqişəsinə müdaxilə etmək səlahiyyətinə malik deyil:

“KTMT münaqişəyə yalnız Ermənistana qarşı birbaşa aqressiya olduqda və ya Ermənistan bu barədə sorğu göndərdikdə qoşula bilər”.

Keçmiş nazirin sözlərinə görə, KTMT-ni təqsirləndirmək NATO-nu müdaxilə etməməkdə günahlandırmaq kimi bir şeydir.

Eks erməni nazirin fikirlərilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili Fazil Mustafa bildirib ki, Vaqarşak Harutyunyan erməni də olsa doğrunu söyləyib: “Çünki hər hansı bir şəkildə Qarabağın Ermənistan ərazisi olduğunu təsdiqləyən hüquqi sənəd və ya müqavilə yoxdur. Bu ərazilər Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlardır. Bu baxımdan da Azərbaycanın öz torpaqlarını işğaldan azad eləmək hüququ var.

Bunun hər hansı bir şəkildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına aid olması, yaxud ona aid məsələ kimi qəbul olunması yanlışdır. Bu baxımdan da doğru vurğulanıb və Azərbaycanın öz torpaqlarını azad etməsinə aid məsələdir. Yəni, biz birbaşa Ermənistan ərazisinə daxil olmuruq ki, onun əraziləri ancaq BMT tərəfindən təsdiq olunan ərazilərdir. İşğal olunan ərazilər isə hər an Azərbaycan tərəfindən azad oluna bilər və buna heç bir ölkə qarışa bilməz”.

- Ermənistan rəhbərliyinin bu açıqlamaya münasibəti necə ola bilər?

- Ermənistanın özü də bu məsələni bilir. Kimsə xalqı, cəmiyyəti aldatmaq üçün yalan bir söz deyirsə, bu o demək deyil ki, əsaslı fikirdir. Hamı bilir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi konkret ölkə ilə bağlıdır. Orada qeyd edilməyib ki, dövlətin işğal etdiyi əraziləri kimsə geri qaytarmaq istəsə, müdaxilə edək. Burada sırf dövlətlərin suveren ərazisindən söhbət gedir. Ermənistanın ərazisi də bəllidir. Ona görə də bu Müqaviləni başqa formada təqdim edirlərsə, onlar cəmiyyət tərəfindən daha çox hədəf götürüləcək.

Günay Elşadqızı / METBUAT.AZ

“Multikulturalizm Mərkəzi yaradılanda insanlar bu ifadəni tələffüz edə bilmirdi” – Rəvan Həsənovla ÖZƏL MÜSAHİBƏ/ FOTOLAR- VİDEO


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı