Gülüşümüzü kimlər oğurladı? - Mən də o yaşda...

Uşaqların səbəbsiz gülüşlərinə, ən pis hadisələri sürətlə unutmağına, insanı bağışlayım, ya bağışlamayım kimi düşüncələrə qapılmadan incikliklərini ani küskünlüklə biruzə vermələrinə heyranam.

Mən də o yaşda qəhqəhə çəkib gülmüşəm. Küsmək nədi, hər kəsi sevmişəm. Çox heyf, zamanla dostlaşdığım insanlarla birgə böyüdüyüm zaman o qayğısız anları onlar kimi mən də unudub, daha çox kədərlə dostlaşmışam. Kədərlə yatıb, kədərlə oyanmışam. Kədərli musiqilər dinləyib, kədərli insanların ən kədərli gecələrinin qonağı olmuşam... Görən kədər bizə sonradan vurulan damğadır, yoxsa cəza?

Kədəri bəsləyirik. Bir kədərin üzərinə min cür nisgil, qayğı da əlavə edib özümüzü bataqlığa girmiş nadir heyvan kimi hiss etməyə başlayırıq. Çabaladıqca hərəkət etməyimiz məhdudlaşır, daha da dərinə batırıq. Haldan düşürük, taqətimiz tükənir. Və budur. Burnumuza çatan bataqlıq palçığı nəfəsimizi kəsməyə az qalmış çoxdan hiss etməli olduğumuz təhlükənin fərqinə varırıq. İllərlə, aylarla öz əllərimizlə yetişdirdiyimiz kədər, canımızı almağa az qalmış peşmançılığımız və hirsimiz bizi xilas etməyə çalışır... Bu da bizə bir başqa cür kədər verir…

Uşaq ikən sadəcə gülərək və ya kimisə səbəbsiz qucaqlayıb öpərək sevgi qazanardıq. Sevdiyimiz oyuncağa sahiblənmək üçün ağlamaqdan çox, gülmək və yaxşı uşaq olmaq işimizə yarayardı. Gülüşümüz yanımızdan keçən yad, tanımadığımız insanlara gülüş bəxş edərdi. Sevilmək üçün bir o qədər də çabalamazdıq. Özümüzü təsdiq yalnız rəqabətsiz sevgimizdə və səbəbsiz gülüşümüzdə idi. Biz uşaq ikən hesab-kitabdan uzaq sevgimizi hər kəslə bölüşərdik. Ağlayanda isə bir küncə keçib, xısın-xısın, kimsənin eşitməyəcəyi səslə ağlayardıq... Biz bunları nə zaman unutduq? Bütün bunları bizdən kim aldı?

İnsanın böyüməyi bir gündə və ya bir gecədə baş verir. Sanki gecə yatdığımız yerdə pəncərədən girən oğru içimizdəki sevgini, üzümüzdən düşməyən gülüşü, insanlara sonsuz inamı oğurlayıb, özü ilə gəldiyi qaranlıqlara aparır. Əlimizdə oğrunun lazımsız bildiyi iztirab qalır. Uğradığımız faciəyə ağlayıb-sızlamağımız başımız o qədər qatır ki, nəinki oğrunu, hətta itirdiklərimizi qaytarmağı belə düşünmürük. Vurulan ziyanın bərpasının mümkünlüyü kədər-qəzəb içində yavaş-yavaş unudulur.

Böyüdük sanırıq... Hər dərdlə üzləşdikdə, dost zərbəsi aldıqda, tərk edildikdə böyüdük sanırıq. Hər boyun əydikdə, oğru pəcərədən girdikdə, içimizdəki həqiqət, mərhəmət qığılcımlarını itirdikdə böyüdük sanırıq... Ancaq illər saçımıza qarlı əlləriylə tumar çəkdikcə dərin hüznlər içində bunun belə olmadığını anlayırıq. Anlayırıq ki, əslində səhv duyğularla yaşamışıq... Ancaq çoooox gecdi. Nə üzümüzdəki gülüş qayıdandı, nə də ətrafımıza rahatlıq saçan məsumiyyətəmiz.

Mələk Heydərova/ Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı