"Etiraz olaraq qalstukları yandırdıq" - Tural Müseyibovla MÜSAHİBƏ/ FOTO-VİDEO

Metbuat.az-da mətbuat katibləri” layihəsi çərçivəsində hər dəfə dövlət qurumları, özəl təşkilat və müəssisələrdə çalışan mətbuat katibləri ilə sizi yaxından tanış edirik.

Budəfəki müsahibimiz keçmiş xəbər aparıcısı, hazırda Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibovdur.

Metbuat.az Tural Müseyibovla olan müsahibəni təqdim edir:

- Əvvəlcə uşaqlıq dövrünüzdən, böyüdüyünüz ailədən danışaq...

- 1980-ci il 23 avqustda Bakıda anadan olmuşam. Atam dövlət işçisi olub. Keçən il biz onu itirdik. Uzun illər Sovet dövründə Mənzil Kommunal Təsərrüfat Nazirliyində, Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamenində baş müfəttiş, şöbə rəisi, Yasamal Rayon Kommunal Təsərrüfatı Birliyinin rəis müavini olub, müxtəlif vəzifələrdə çalışıb. Anam isə evdar qadındır. İki qardaşıq. Qardaşım məndən 8 yaş balacadır. Uşaqlığım çox yaxşı keçib. Əylənmişəm, oyuncaqlarım da olub. Yəni, xiffətini çəkdiyim nə isə olmayıb. Təbii ki, bunu valideynlərimə borcluyam. Lakin bizim uşaqlıq dövrümüz çox ağrılı keçib. 1988-1990-cı illərdə baş verən hadisələr bizə təsirsiz ötüşmədi. Bəxtiyar Vahabzadənin radiodakı səsi bu günə qədər qulağımdadır. Hər dəfə televizoru açanda hansısa rayonumuzun işğal xəbərini eşidirdik. 20 Yanvar hadisələri zamanı Yasamaldakı İkinci Alatava qəsəbəsində yaşayırdıq. Gün kimi xatırlayıram, 20 yanvar günü atam əlimdən tutub, baş verən hadisələri göstərmək üçün məni şəhərə çıxardı. Dağılmış işıqforu xatırlayıram. 16 mərtəbəli binanın üzərində qlobus vardı, onu tankla vurmuşdular. Xatırlayıram... Atamla tankların qarşısından keçdik. İnsanlar meyitləri aparırdılar. Qərənfil, qan, uşaq ayaqqabıları – bunların hamısının şahidi oldum. Biz də etiraz olaraq pioner qalstuklarını yandırdıq. Atam mənə vətənpərvərlik ruhunu aşılayan insan olub, həm də dəstək olub. İndi mən də çalışıram ki, həmin hissləri öz övladlarıma aşılayım. Ona görə, hər yay məzuniyyətinə çıxanda oğlumu Tapqaraqoyunlu kəndinə aparıram. Orada çox maraqlı bir mənzərə var, səngər düz yaşayış məskəninin yanındadır. Onu səngərlə tanış edib, hadisləri yaşamağını istəyirəm. Bilirsiniz, insan o hadisələri yaşadıqca, onun vətənə sevgisi başqa olur.

- Məktəb illərinizi necə xatırlayırsınız?

- Məktəb üçün darıxıram. Bilmirəm niyə, amma muğama qulaq asanda məktəb illərim yadıma düşür. Dəcəl şagird olmuşam. Baxmayaraq ki, atamdan qorxmuşam, amma dəcəl olmuşam. Nəsimi rayonu 54 saylı tam orta məktəbdə oxumuşam. Məktəbimizin bütün tədbirləri, bədii gecələrini mən aparmışam. Şeir deyirdim, aparıcılıq edirdim. Bir dəfə Filarmoniyada Qazax Xeyriyyə Cəmiyyətinin tədbiri vardı. O tədbirin aparıcılığını mənə vermişdilər. Uşaq idim. Neçənci sinifdə oxumağım yadımda deyil. Xatırlayıram, səhnəyə daxil olub iştirakçıları gördükdən sonra bir dəfə geri qayıtdım. Gördüm ki, xeyriyyə cəmiyyətinin nümayəndələri arxadadır, yenidən səhnəyə dönüb tədbiri apardım. Təsəvvür edin, hamı sənə baxır. Biri paltarını müzakirə edir, biri danışığını. Sən də bunları eşidirsən (gülür). Məktəbdə şəklim şərəf lövhəsində olub. Müəllimlərimiz çox yaxşı olublar. Onların hər birinə minnətdaram. Sinif yoldaşlarımla bu gün də əlaqəm var. Hərdən görüşür, söhbət edirik. Demirəm ki, mən əla oxumuşam. Dərsdən qaçdığım vaxtlar da olub. O uşaqlığı yaşamaq lazımdır. Amma insanın qorxduğu, çəkindiyi bir yer olmalıdır ki, qırmızı xətti keçməsin. O da mənim üçün atam idi.

- Etdiyiniz o dəcəlliklərdən birini danışa bilərsiz?

- Atam dövlət işi ilə əlaqədar avtomobilindən çox da istifadə etmirdi. Mən də onu hərdən qaçırırdım. Qardaşımla bərabər maşını itələyə-itələyə qarajdan çıxarıb, qaçırırdıq. 13-14 yaşım olardı. Bir dəfə maşınımızı qaçırmışdım, polislər tutmuşdu. Yaxşı ki, saxlamışdılar, yoxsa xoşagəlməz hadisə yaşana bilərdi. Həmin gün atamla anam məni xəstəxanalarda axtarmışdılar.

- Universitet dövrünüzdən danışaq. Tələbəlik illəriniz necə keçib?

- Atamın məcburiyyətinə görə, birinci və ikinci təhsilim iqtisadiyyat üzrə olub. Amma bütün həyatım, qəlbim jurnalistika ilə bağlı olub. O vaxt Tətbiqi Elmlər Universiteti yaradılmışdı. İlk təhsilimi orda almışam. Həmin vaxt universitetin status alması ilə bağlı mübarizə gedirdi. Səbəb bu idi ki, statusu olmayan universitetlərdə oxuyan oğlanları əsgərliyə aparırdılar. Həmin universitet sonra fəaliyyətini dayandırdı. Ona görə bizi başqa bir özəl universitetə köçürdülər. Tələbəlik illərimdə işləməyə başladım. Sara TV, sonra “Space"də işlədim. Xatırlayıram, universitetə “Qazel” marşrutları ilə gedib-gəlirdik, trolleybusa minirdik. Atam mənə çox pul vermirdi. Çox qəribədir ki, atam dərsdən evə gələcəyim vaxtı bildiyi üçün çox vaxt işini-gücünü atıb, universitetin qarşısında məni gözləyirdi. Bilirdim ki, universitetdən sonra gəzə bilməyəcəm. Hərdən uşaqlarla dərs vaxtı universitetin arxa qapısından qaçıb, şəhərdə gəzirdik. Sonra dərs bitənə kimi geri qayıdır, çıxışda atamın məni gözlədiyini görürdüm. Amma çox dəcəllik edə bilmirdim. Müəllimlər atama xəbər verirdi. O zaman atamın məni gözləməsinə pis baxırdım, utanırdım. İndi görürəm ki, düz edib.

- Siz də atanız kimi övladlarınızı nəzarətdə saxlayırsınız?

- Əlbəttə. Amma indi nəzarət çətinləşib. Uşağa qadağa qoymuram. İmkan yaradıram ki, səhv edəndə onu tuta bilim. Qadağa qoyandan sonra uşaq istər-istəməz səhv edir. Müəyyən həddə kimi buraxıb, nə edəcəyini yoxlamaq lazımdır.

- Bildiyimiz qədərilə, hərdən yaradıcılıqla da məşğul olursunuz. Şeirlərinizə münasibət necədir?

- Uşaq vaxtı yaradıcılığa meyl formalaşırdı. Bunun da səbəbkarı atam idi. O vaxt dünya uşaq ədəbiyyatı vardı. Həmin kitablardan çoxlu nağıllar oxuyurdum. Onu mənə atam məcbur edirdi. O kitablarda ədəbiyyata bağlılıq vardı. Ədəbiyyat, ədəbiyyat, ədəbiyyat və başladım şeirlər yazmağa. Amma şair deyiləm. Nəriman Həsənzadə və Vahid Əzizə minnətdaram. Onlar bu sahədə mənə ürək-dirək veriblər. Orta məktəbdə şeirlərim divar qəzetində çap olunurdu. O zaman "Pioner", "Göyərçin", "Günəş" jurnalları vardı. Şeirlərim həmin jurnallarda ardıcıl olaraq çıxırdı. 1992-93-cü illər olardı. Xatırlayıram, Xocalı işğal olunmuşdu. 46 saylı məktəbdə respublika üzrə şeir müsabiqəsi keçirilirdi. Şeirlərim orada birinci yerə layiq görüldü. Mən, bir də Xocalıdan bir qız var idi. Biz birinci olduq. O vaxt rus pulu dövriyyədə idi. 500 rubl mükafat verdilər. Qələbə çaldığım şeir vətənlə bağlı idi. Daha sonra müxtəlif mövzuda şeirlər yazmağa başladım. “Youtube” kanalımda “Sən artıq bir keçmişsən mənim üçün” şeirini yerləşdirdim. Çox bəyənilib. Həmin şeirə 300 mindən çox baxış var. Ən sevdiyim şeirlərimdən biri də qızımla bağlıdır. Elə şeir də “Qızım” adlanır.

- Bir az da televiziyaya gəlişinizdən danışaq...

- Televiziyaya məhəbbətimin yaranmasının səbəbkarı Çingiz Mustafayev olub. Uşaq vaxtı televizoru açanda hər dəfə işğal faktı ilə qarşılaşırdıq. Ən təsirli faktlar isə Xocalı ilə bağlı idi. Çingiz Mustafayev çəkilişlərdən gəlib hadisələri elan edirdi. Mən onu televiziyadan tanıyırdım. Sonradan onunla tanış olmaq qismət olmadı. O, şəhid oldu... Atam iqtisadçı olmağımı istəyirdi. Lakin mənim həmin istiqamətə heç bir həvəsim yox idi. Çünki televiziyaya məhəbbətim vardı. Atam mənim televiziyada işləməyimi istəmirdi. Amma bir də eşitdi ki, artıq Sara televiziyasında işləyirəm. Orada “Hadisə” verilişində çalışırdım. Həmin veriliş kriminal hadisələrlə bağlı idi deyə evə gec gəlirdim. Atamın etirazlarından sonra “Günaydın” verilişinə keçdim. Atam bir gün səsimi radiodan eşitdi, başqa bir gün televiziyada reportajımı gördü. Bir gün Sara televiziyasının kadrlar şöbəsinə gəlib, məni oradan çıxarmaq istədi. Hətta acıq edib, əmək kitabçamı belə götürmədi.

- Uzun illər “Space” televiziyasında xəbər aparıcısı olmusunuz. “Space”ə gəlişiniz necə olub?

- 1998-ci ilin yay ayları idi. “Space” televiziyası yeni yaranmışdı. Orada işləmək istəyirdim. Televiziyaya sənədlərimi verməyə gedəndə tanınmış jurnalistləri gördüm. Nərgiz xanım Cəlilova, Fuad Babayev, Günay Malikqızı, Mirsəməd Cəfərli, Mehriban xanım Ələkbərzadə, Mehriban Cəfərova. Onlara çox borcluyam. O zaman məni tanımırdılar. Hamı televiziyaya gəlib sənəd verirdi. Təsəvvür edin, arzuladığın televiziyadır, sən onun kandarında dayanmısan və ora daxil ola bilmirsən. Çox qəribə hisslər idi. Sənədlərimi verəndən sora evə getdim. Bir gün televiziyadan mənə zəng gəldi. Dedilər ki, sabah səhər televiziyada olum. Səhər oyanıb, televiziyaya necə getdiyim anı xatırlamıram. O vaxt “Space”in binası indiki “İçərişəhər” metrosunun yanında yerləşirdi. Sənədlərimi verib keçdim. Nərgiz xanım, Eldar müəllim, Böyükağa müəllim və başqa bir neçə adam vardı. Mənə bir mətn verdilər və dedilər ki, oxuyum. Mən də oxudum. Nərgiz xanım Eldar müəllimə dedi ki, bu uşaqda nə görürsünüz? Eldar müəllim dedi ki, xəbərlərdə görürəm. İnanırsınız, mən şokda idim. Arzuladığın yer və mən içəridəyəm. Məni studiyaya apardılar. Dekorasiya, işıqlar, özümü nağıllar aləmində hiss edirdim. Nərgiz xanım dedi ki, yenidən mətni oxuyum. Eldar müəllim də çəkdi. Baxıb dedilər ki, onu hazırlamaq olar, verin bu uşağı xəbərlərə. Mənim də 18 yaşım vardı. Təsəvvür edirisiniz, 400 nəfərin içərisindən məni seçmişdilər. Heç kim də məni tapşırmamışdı. O da bir qismət idi. Nərgiz xanım dedi ki, bu uşağın bir balaca qabiliyyəti var, gəlin ona təkan verək. Başladılar izah etməyə. Nərgiz xanım deyirdi ki, Tural, aparıcı ol. Sənin öz efirin olsun. Mənə xəbərin təqdim edilməsini izah edirdi. Güzgünün qarşısında dayanıb o qədər məşq etmişəm ki. Bəlkə də, bu, kiməsə gülməli görünə bilər, amma belə idi. Mənə deyilirdi ki, sən qarşındakı avadanlığa avadanlıq kimi yox, insan kimi bax. Sən onunla söhbət etsən, hər kəsin evinə daxil olub, onlarla söhbət etmiş olacaqsan. Hər kəs səni başa düşəcək.

O vaxt indiki kimi deyildi. İnternetdən məlumatlar rus dilində gəlirdi. Onu da operativ şəkildə tərcümə edib vermək lazım idi. Bizi əzə-əzə yox, işlədə-işlədə öyrətdilər. 8 ilə yaxın “Space”də çalışdım. O zaman gözəl bir tarix də yaşadım. Ümummilli lider Heydər Əliyevin vaxtında Prezident Aparatından müraciət olundu ki, hər televiziya və mətbu orqandan dövlət başçısının tədbirlərində iştirak edəcək jurnalistlərin adlarını vermək lazımdır. Akreditasiyadan keçdim. Ümummilli liderin bütün görüşləri, xarici səfərlərinin iştirakçısı oldum. Çox böyük xoşbəxtlik idi. Heydər Əliyevlə işləyəndə onun bir baxışı bəs edirdi ki, ümummilli liderin bizə nə demək istədiyini bilək. O qədər rahat işləyirdik. Çox səmimi söhbətlər olurdu. Daha sonra möhtərəm Cənab Prezidentimizin seçki təbliğatında iştirak etdim. Daha sonra 2003-2006-cı illər ərzində cənab prezidentin səfərlərini, görüşlərini işıqlandırdım, tədbirlərdə digər jurnalistlər kimi mən də yaxından iştirak etdim. Çox xoş, tarixi xatirələrim var.


- Hazırda aparıcılardan kimləri bəyənirsiniz?

- Bizim çox yaxşı aparıcılarımız var. ATV-nin, AzTV-nin aparıcıları çox yaxşıdır. “Space” və digər kanallarımızda da var. Adlarını çəkmək istəmirəm. İnciyə bilərlər. Qeyd edim ki, bu gün Azərbaycanda bütün özəl televiziyaların formalaşmasında kadr potensialı olaraq, AzTV-nin böyük rolu var. Ora məktəbdir. AzTV-nin aparıcılarında qüsur tapa bilməzsiniz.

Bu gün ümumiyyətlə, televiziya ilə bağlı hər kəsi narahat edən məqamlar var. Məsələn, biz xəbərlərdə çalışanda reportaja baxdıqdan sonra aparıcı mətnini yazırdıq. Tamaşaçı o zaman görürdü ki, aparıcı reportajdan məlumatlıdır. Lakin bu gün bəzi aparıcılar var ki, yerlərindən tərpənmir. Saytda nə var götürür, ardıcıllıqla verib gedirlər. Bu, onların özlərinə ziyandır. Bunu təkcə xəbərlərə şamil etmirəm. Efirdə yayımlanan verilişlərə toxunmaq istəyirəm. Bu gün efir tamam başqa cürdür. Küçədə, məhlədə işlədilməyən ifadələr efirdə səsləndirilir. Həmin “ifadələr” efir vasitəsilə evimizə daxil olur.

- Televiziyadan sonra dövlət işində çalışdız...

- 2006-cı ilin iyun ayının 2-də “Space”lə vidalaşdım. Mənim xəbər aparıcısı kimi axrıncı efir günüm idi. 3 ay sonra oktyabr ayının 2-də Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri təyin olundum. Məmurluq həyatım başladı, amma jurnalistikadan ayrıla bilmədim. Həmkarlarım məni qınadı, əleyhimə yazdılar, hətta məni ən pis mətbuat katibi adlandırdılar. Amma bəzi səbəblər, məndən asılı olmayan məqamlar vardı. Mən təzə gələndə hadisə baş vermişdi. Canfəşanlıqla onu yaymaq istəyirdim. Dedilər ki, sən televiziyada deyilsən xəbəri birinci yayasan. Digər dövlət qurumlarının mövqeyi var, onlar dəqiqləşməlidir, yanlışlığa yol vermək olar. Dövlət strukturunda çıxan məlumat tam təsdiqini tapmalıdır. Çünki buna istinadlar olur. Kresloda oturub zəngləri qəbul etməyə çox çətin öyrəşdim. Mənim orada çalışdığım vaxtlar mətbuatla problemimiz olmayıb. 8 il çalışmışam və rəhbərlik tərəfindən hər zaman da təşəkkür almışam.

Fövqəladə Hallar Nazirliyinin 9 regional mərkəzi var. Onun biri də Muğam Regional Mərkəzidir. Cənab nazirin əmri ilə orada rəsi müavini vəzifəsinə təyin edildim. 3 ilə yaxın orada çalışdım. Daha sonra yenidən mətbuatda çalışmaqla bağlı təklif gəldi. O zaman Dövlət Dəniz Administrasiyası idi. Bildiyiniz kimi, bu ilin yanvar ayının 12-də möhtərəm cənab prezident fərman imzaladı. Dövlət Dəniz Administrasiyası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında agentlik olaraq yarandı. Amma o zaman mətbuat katibi olaraq dəvət almışdım. Fövqəladə Hallar Nazirliyi ilə münasibətlərimiz indi də çox yaxşıdır. Mən təklifi dəyərləndirdim və bura gəldim. Buradakı fəaliyyətimizdə də Azərbaycanın dəniz nəqliyyatı sahəsində qoşulduğu beynəlxalq konvensiyaların səmərəliliyi, onun həyata keçirilməsi, bu istiqamətdə mətbuatın məlumatlandırılmasında heç zaman qapalı olmamışıq. Fövqəladə Hallar Nazirliyində işləyərkən olan nöqsanları deyərdim bu fəaliyyətimdə aradan qaldırmağa çalışdım. Yəni, mediaya açıq oldum.

- Junalist fəaliyyətiniz dövründə hansısa bir mətbuat katibi ilə problem yaşamısınız?

- Birmənalı deyirəm ki, heç biri ilə. Çünki yoxdur. Böyük əksəriyyəti dostumdur, xətrini çox istədiyim insanlardır. Bu gün mətbuat katiblərinin əksəriyyəti televiziyaya, mətbuata bağlı adamlardır. İnanıram ki, onların hamısının ürəyi mətbuatla döyünür. Çünki nə edirsən et, rahat ola bilmirsən. Dövlət işi müəyyən mənada səni çərçivədə saxlayır. Amma televiziya başqa cürdür. Orada müəyyən rahat addımlar ata bilərsən. Dövlət işində çərçivə, yanaşma başqadır. Hər şeyi gözləmək lazımdır. Bu da bir təcrübədir.

- Jurnalistikanı niyə məmurluğa dəyişdiniz?

- O, günün tələbi idi. Belə bir məqam yarandı, mən televiziyadan getməli idim. Orada dəyişikliklər oldu. Əvvəlki komandamız getmişdi. Ona görə, mən də getdim.

- Yenidən televiziyaya qayıtmaq istərdiniz?

- İstəyərdim, amma indi yox. Bütün bu prosedurlardan, gedişatlardan hamının xəbəri var. Çünki hazırki şərtlər məni qane etmir. Tək məni yox, mənim həmkarlarımı da. Mənim dediklərimə qulaq asan olmayacaqsa, işlə bağlı təkliflərim qəbul olunmayacaqsa, niyə gedim? Bilirsiniz, çox yaxşı kadrlar yetişdirmək olar. İnsanlar bu gün bildiklərini paylaşmalıdır. Onu deyim ki, bu gün bizim radiolarımız televiziyalardan hədsiz yaxşıdır, dinlənilir də.

- Məmurluq sizi unutdurdu?

- Televiziya ilə müqayisə baxımından, yəqin ki. Bəlkə də deyərdim, yox. Bu gün həmin templə efirə çıxsam, “Space”dəki kimi tanınmayacam. 2006-cı ildə televiziyadan getməyimə baxmayaraq, bu gün hansısa bir dükana daxil olan zaman məni tanıyanlar olur. Bizim dövrümüzdə sosial şəbəkələr yox idi. Fəaliyyət göstərən kanalların sayı az idi. Hamı televiziyada xəbər axtarırdı. Mən bir həftə ardıcıl efirdə olurdum, hər gün efirə çıxırdım. Bizim vaxtımızda rəqabət vardı. Hətta bizim xəbər saatımıza görə kanallardan biri xəbər saatını geri çəkmişdi. Biz də onlara görə bir az geri çəkdik. Gördülər ki, rəqabətə girmək olmur, vaxtı dəyişmədilər. Tamaşaçanın yadında buna görə qalırdıq. Yenə deyirəm, bu gün efirə çıxsaydım, əvvəlki kimi tanınmazdım. Çünki televiziya çoxdur. Sosial şəbəkələr var. İnsanlar televiziyalara az baxır.

- Daha çox hansı dalğaya qulaq asırsınız?

- Radioda dostlarım çox olduğuna görə ad çəkmək istəmirəm. Daha çox musiqi dinləməyi çox sevirəm. O musiqi ardıcıllığı böyük rol oynayır. İstər milli, istər xarici, klassik, pop. Çox danışıq olanda, dəyişib musiqi axtarıram. Ardıcıl olaraq musiqi nə qədər çox gedirsə, ona üstünlük verirəm. Lakin yaxşı verilişlər də var. Xüsusən də tıxac saatlarında gedən verilişlər daha uğurlu olur. Onların da kifayət qədər reklam bazarları var.

- Tamaşaçılar sizi daha çox “Sizin saat” verilişində reperlərlə mübahisənizdən tanıdı. O mübahisənin axırı necə oldu?

- O zaman mən tək deyildim. Bizim ingilis dili verilişinin aparıcısı Seyran vardı. Kamran Həsənlinin “Sizin saat” verilişi təzə-təzə formalaşırdı. O vaxt reperlərin mahnılarında kəskin ifadələr vardı. Kamran Həsənliyə dedik ki, bu cür ifadələr olan replərin efirdə səsləndirilməsi düzgün deyil. O da dedi ki, Seyranla səni verilişə dəvət edəcəm, amma reperlərə öncədən deməyəcəm. Bizi verilişə çağırdı. Verilişdə Anar Nağılbaz, Elşad Xose və Dəyirman qrupu qonaq idi. Biz orda reperlərə etiraz etdik, çox ciddi polemika oldu. Bildirdik ki, Azərbaycanla bağlı rep söyləyəndə, söyüş söyməyin. Ciddi bir gərginlik yaşanmadı, amma çox böyük tamaşaçı kütləsi toplamışdıq. Biz “Space"dən çölə çıxanda insan əlindən tərpənmək olmurdu. O izdihamı gözləmirdik. Həmin video bu gün məndədir. Lakin indiki şərait onu paylaşmağa icazə vermir. Amma bilmək olmaz, bəlkə nə vaxtsa paylaşdım.

- Sosial şəbəkələrdə bir qədər passivsiniz. İşinizlə bağlı xüsusilə az paylaşım edirsiniz. Səbəbi nədir?

- Son dövrlər işim çox olduğu üçün edə bilmirəm. Amma bir ara çox aktiv idim. Şəkillər, statuslar paylaşırdım. Bizim işlə bağlı rəsmi səhifəmiz var. Paylaşımları daha çox orada edirik.

- Kənardan sərt bir insana bənzəyirsiniz. Amma söhbət əsnasında tamam başqa bir insana çevrilirsiniz. Niyə?

- Çox insanda bu tipaj var. Amma hər bir insanı yaxından tanımaq üçün onunla mütləq ünsiyyət qurmaq lazımdır. Əvvəllər mən səmimi birinə gülürdüm, sonra gördüm ki, reaksiya fərqlidir, ciddi olmağa qərar verdim. Ciddi olanda da dedilər ki, ciddidir. Ona görə elə ən yaxşısı sakit qalmaq lazımdır.

- Sonda oxucularımıza nə demək istəyirsiniz?

- Harada, hansı işdə fəaliyyət göstərməkdən asılı olmayaraq, işə sevgiylə yanaşmaq lazımdır. Sənə etibar edilən, etimad göstərilən yerdə öz sevginlə o işi icra etməlisən. Bu gün mənə tapşırılan işlərdən həzz alıram. Heç vaxt işimə görə töhmət almamışam. Canımı qoymuşam, yuxusuz qalmışam, hansısa bir hadisə olanda özüm getmişəm. Uğurlar arzu edirəm, sağlam olsunlar, eyni zamanda fəaliyyətlərinə sağlam düşüncə ilə yanaşsınlar. O sevgi qəlbdən gələndən sonra nəticə də uğurlu olur. Sizə də uğurlar arzu edirəm.

Xəyalə Məmmədova

Foto və Video: Sərvan Şəldiyev


"20 ildir kirayədə yaşayıram" - Anar Nəcəfli ilə MÜSAHİBƏ – TIKLAYIN!

“10 yaşıma qədər gəzdiyim yerlər 15 yaşımadək bir-bir işğal olundu” - Mansur Piriyev ilə MÜSAHİBƏ – Tıklayın!

“Çörək növbəsində gödəkçəmin kürəyi ortadan cırılmışdı” - Anar Cəbrayıllı ilə MÜSAHİBƏ – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı