"Sağlam saç dərisində 100 min ədəd saç teli olur və gündə təxminən 100-150 ədəd tökülmə normal hesab olunur. Ancaq stress, hormonal və genetik faktorlar, dərinin bakterial və göbələk mənşəli xəstəlikləri, daxili xəstəliklər, pəhriz, qida faktorları və .s saç tökülməsini artıra bilər".
Bu sözləri Metbuat.az-a açıqlamasında həkim dermatoloq Şikar Hüseynov deyib.
Həkim bildirib ki, qalxanabənzər vəzinin problemləri, həm hipo, həm də hiper funksiyaların pozğunluqları, endokrin sistemi xəstəlikləri zamanı saç tökülmələri müşahidə olunur.
Mütəxəssis A vitaminin çoxluğu yarandığı hallarda da saç tökülməsinin baş verdiyini qeyd edib. Bu isə ya qida, ya dərman şəkildən çox qəbul edildiyi hallarda baş verir. Amma o bildirib ki, bu qidaların qəbulunu azaltdıqda, həblərin qəbulunu dayandırdıqda problemin öz-özünə aradan qalxması mümkündür.
Saç tökülməsini ev şəraitində necə dayandırmaq olar?
Həkim bildirib ki, öncə problemin səbəbini araşdırmaq lazımdır. Ona görə, mütəxəssisə müraciət etməkdə fayda var.
“Ev şəraitində gicitkən şampunu, ya da gicitkənli sudan istifadə etmək olar. Saçı 5-10 dəqiqə gicitkənli suda saxlayıb yuyun. Həmçinin, gənəgərçək, badam yağı saçlara parlaqlıq verir və tökülməsinin qarşısını alır”.
Aysel Yaqubqızı / Metbuat.az