Dünyada demensiya və osteoartrit xəstəliklərinin yayılmasının qarşıdakı illərdə ciddi şəkildə artacağı proqnozlaşdırılır. Elmi araşdırmalara görə, 2050-ci ilə qədər bu xəstəliklər milyonlarla insanın həyatına təsir göstərərək səhiyyə sistemləri üçün ciddi problemlər yaradacaq.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Sidneydə yerləşən Yeni Cənubi Uels Universitetinin alimləri altı qitədə 18 ölkəni əhatə edən 22 tədqiqatın nəticələrini təhlil ediblər. Ümumilikdə 38 min 418 nəfərin məlumatlarının araşdırıldığı təhlilə əsasən, 2023-cü ildə dünyada 11,4 milyon yeni demensiya halı qeydə alınıb. Bu göstəricinin 2050-ci ildə ildə 24,7 milyona çatacağı ehtimal olunur.
Mütəxəssislər bildirirlər ki, əhalinin yaşlanması və insanların ömür uzunluğunun artması demensiya hallarının çoxalmasının əsas səbəblərindəndir. Xəstəliyin əlamətlərinin qadınlarda daha yüksək olduğu, aşağı və orta gəlirli ölkələrin isə bu problemdən daha çox təsirləndiyi qeyd edilir.
Digər narahatedici proqnoz osteoartritlə bağlıdır. Avstraliyanın Kertin Universitetinin rəhbərlik etdiyi tədqiqat qrupunun “The Lancet” jurnalında dərc olunan araşdırmasına görə, 2023-cü ildə dünyada təxminən 600 milyon insan bu xəstəlikdən əziyyət çəkib. 24 il sonra xəstələrin sayının 1 milyarda yaxınlaşacağı gözlənilir. Bu isə dünya əhalisinin təxminən səkkizdə birinin osteoartritlə üzləşə biləcəyi deməkdir.
Osteoartrit oynaqlarda qığırdaq toxumasının tədricən aşınması ilə müşayiət olunan xroniki xəstəlikdir. Bu proses ağrıya, hərəkət məhdudiyyətinə və gündəlik fəaliyyətlərin çətinləşməsinə səbəb ola bilər. Xəstəlik zamanı təkcə qığırdaq deyil, oynağın digər strukturları da zədələnə bilər.
Araşdırmada qeyd olunur ki, 1990-2023-cü illər ərzində osteoartritlə əlaqəli əlillik yükü 65 faiz artıb. Artıq çəki oynaqlara düşən yükü artıraraq xəstəliyin riskinə və gedişinə təsir göstərəcək.
Mütəxəssislər sağlam çəkinin qorunmasını, balanslı qidalanmanı və müntəzəm fiziki aktivliyi vacib hesab edirlər. Gəzinti və insanın sağlamlıq vəziyyətinə uyğun məşqlər əzələləri gücləndirməyə, hərəkət qabiliyyətini qorumağa kömək edir.
Alimlər vurğulayırlar ki, bu xəstəlikləri yalnız yaşlanmanın qaçılmaz nəticəsi kimi qəbul etmək düzgün deyil. Profilaktik tədbirlərin gücləndirilməsi, xəstəliklərin vaxtında aşkarlanması və effektiv müalicəsi gələcəkdə onların cəmiyyətə təsirini azaltmaq baxımından mühüm əhəmiyyət daşıyır.