Artıq çəkidən xilas olmaq üçün mürəkkəb proqramlara ehtiyac olmadığını göstərən şəxsi hekayələr diqqət çəkir. ABŞ-də yaşayan Cey adlı gəncin arıqlama prosesi də bu baxımdan maraq doğurub. O, 80 gün ərzində 34 kiloqram çəki itirərək həyatında ciddi dəyişiklik edib.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, uşaqlıqdan artıq çəki problemi ilə mübarizə aparan Cey bir müddət əvvəl 249 kiloqram çəkiyə çatıb. Gündəlik işlərini belə yerinə yetirməkdə çətinlik çəkən gənc vəziyyətini dəyişmək qərarına gəlib.
Cey arıqlamaq üçün hər gün piyada gəzməyə başlayıb. 80 gün ərzində bu vərdişini davam etdirən gənc 34 kiloqram çəki itirib və çəkisi 215 kiloqrama düşüb. O, bu müddətdə yaşadığı dəyişiklikləri “TikTok” hesabında da izləyiciləri ilə bölüşüb.
Cey altı yaşından etibarən artıq çəki ilə mübarizə apardığını bildirib. Onun sözlərinə görə, əvvəllər hətta ayaqqabısının bağını bağlamaq belə çətin olub. Bu zaman nəfəsi daralan gənc tez-tez dayanaraq dincəlməli olub.
Arıqlamağa başladıqdan sonra isə gündəlik enerjisinin artdığını, özünəinamının yüksəldiyini və daha rahat hərəkət etdiyini deyib.
Ceyin sözlərinə görə, prosesin ən çətin mərhələlərindən biri 38-ci gün olub. Paylaşdığı videolardan birinin 11,7 milyon baxış toplamasından sonra bəzi istifadəçilər onun görünüşünü və qidalanma seçimlərini tənqid ediblər.
Gənc emosional çətinliklər yaşadığı zaman həddindən artıq yeməyə meyilli olduğunu və bunun illər ərzində təkrarlanan vərdişə çevrildiyini bildirib. O, zamanla bu dövrəni qıraraq həyatına nəzarəti yenidən ələ almaq istədiyini vurğulayıb.
Cey hazırda həftənin altı günü təxminən 2,4 kilometr piyada gəzir, bir günü isə istirahətə ayırır. O, gələcəkdə gəzinti məsafəsini tədricən artırmağı planlaşdırır. Bununla yanaşı, ağırlıq məşqlərinə də başlayıb.
Gəncin əsas məqsədi yalnız tərəzidəki rəqəmi azaltmaq deyil. O, özü və ailəsi ilə birlikdə uzun, sağlam və xoşbəxt ömür sürmək istədiyini bildirib.